Beynəlxalq aləmdə müxalifət yetkililərinin xarici ölkə səfirləri ilə görüşmələri, fikir mübadiləsi aparmaları haradasa məntiqəuyğunluq kimi qəbul edilir. Bu məntiqəuyğunluğun nüvəsi isə həmin müxalif dairələrin (yəni xarici ölkələrin müxalifəti-R.) həqiqi mənada real, anti-dövlətçilik meyarlarından uzaq müxalifətin yürütdüyü konstruktiv siyasətidir. Belə ki, bu cür konstruktiv siyasəti olan müxalifət partiyaları, eyni zamanda, hakimiyyət dairələri ilə dialoq, kompromis danışıqlarına da gedərək dövlətin, xalqın mənəviyyatına zərbə vurmurlar. Xüsusilə, vurğulamaq mümkündür ki, Qərb siyasi dairələrində radikal, ultraradikal meyilli qüvvələrə heç də normal gözlə baxılmır. Bu isə, bir daha onu deməyə əsas verir ki, bütün mənalarda, radikalizm, ultrasağçılıq, ya da bu kimi digər siyasi baxışlar, əslində, heç bir dövlətdə siyasi maraq kimi dəstəklənmir. Burada hər kəs əmindir ki, bəyənilməyən bu tipli siyasi baxışlar nəticə etibarı ilə anarxiyaya tərəf istiqamət götürmüş dağıdıcılıq timsalıdır.
Lakin burada Azərbaycan müxalifəti adlandırılan "siyasi dairələr" barədə də nəsə söyləməmək olmur. Çünki bütün məqamlarda onların fəaliyyət sistemlərindəki "balans" dövlətçilik maraqlarına qətiyyən uyğunlaşdırılmayıb. Bu barədə kifayət qədər deyilib də, yazılıb da... Ona görə də Azərbaycanda fəaliyyət göstərən xarici (əsasən, Qərb-R.) səfirliklərinin diplomatları, hətta səfirlərin özlərinin ölkənin radikal müxalifəti ilə görüşlər keçirməsi anlaşılmaz (əslində, anlaşılan-R.) olaraq qalır. Bu günlərdə Belçikanın ölkəmizdəki səfiri Luc Truyens AXCP (i) sədri Əli Kərimovla görüşüb. Bu xəbər "Azadlıq" qəzetinin ən kəlləsində verilib və daha sonra vurğulanıb ki, Azərbaycan-Belçika arasındakı münasibətlər və s. məsələlər ətrafında fikir mübadilələri aparılıb (?!)
Maraqlıdır, məgər bu boyda Azərbaycan hakimiyyəti, ölkənin rəsmi siyasi dairələri ilə Azərbaycan-Belçika münasibətləri barədə danışmaq, fikir mübadilələri aparmaq mümkün deyilmi? Əlbəttə ki, mümkündür. Sadəcə, bunun digər gözəgörünməyən tərəfləri var. Həmin tərəflərdən ən ümdəsi, ilk növbədə, Belçika səfirliyinin və səfirinin ölkəmizin daxili işlərinə müdaxilə etməsidir. Çünki səfirliyin etimadnaməsində göstərilməyib ki, səfir mütləq gedib radikal müxalifət sədri ilə iki ölkə arasında fikir mübadilələri aparsın. Çünki nə onun, nə də ki, AXCP (i) sədrinin bu haqda nə haqqı, nə də ki, səlahiyyəti var.
Qaldı ki, ki, ölkədaxili məsələlərin araşdırılmasına, burada da Belçika səfiri Luc Truyens həddini aşıb. Hər halda, o gedib öz ölkəsində yaşanan milli azlıqların başına açılan siyasi haqsızlıqlar barədə məsələlərini araşdırsın. Çünki səfirin "2 aprel məhbuslarının taleyi"ndən çox, Belçikadakı milli azlıqların taleləri maraqlandırsa, daha yaxşı olar. Ona görə də onun "Avropa Birliyi məhbusların azad olunmasında israrlıdır" ifadələrini işlətməsi məntiqəuyğunsuzluq kimi dəyərləndirilməlidir!
Hələ bu da azmış kimi, ölkə qanunvericiliyimizdə nəzərdə tutulan müddəalara da, açıq desək, burnunu soxan belçikalı səfirin bir az da irəli gedərək, "bu problemin bütün Avropanın, o cümlədən, Belçikanın diqqətində olduğunu" ifadə etməsi sadəcə təəssüf doğurur. Lakin bu təəssüfün ardınca bir fikri də doğurur: - "2 aprel məhbuslarının taleyi" Belçikanın diqqətində olsa nə olacaq, olmasa nə olacaq? Belə ki, bütün mənalarda, Azərbaycanın daxili siyasətinə qarışan səfir, həqiqətən də, radikal müxalifətin yoluxucu xəstəliyinə düçar olub. Çünki məntiqsizliyi göz qarşısındadır. Və vay olsun o səfirlərin halına ki, bu cür xəstəliyə tez-tez yoluxurlar. Bizdən isə Allahdan onlara (Qərb ölkələri səfirlərinə-R.) şəfa diləmək qalır...
RÖVŞƏN