Heç yadımdan çıxmır. Mənim 6-7 yaşım olanda televizorda bir kişini tez-tez görürdüm: əlində qəlyan, keçəli parıldayan, farmazon eynək və sairə. Amma onu dəqiq bilirəm ki, bu kişinin dünya vecinə deyildi. O vaxtkı Ali Sovetdə və ölkədə aləm bir-birinə dəyəndə, deputatlar bir-birilərinə kreslo atanda, bu kişi əlini qulağının dibinə qoyub qəflət yuxusuna getmişdi. Bir gün Tahir əmi dediyim birindən onun kim olduğunu soruşdum. Vallah, elə bil Tahir əmini ildırım vurdu. Dedi bala, tanımasan yaxşıdır. İndi başa düşürəm ki, Tahir əmi düz deyirmiş. Yəqin söhbətin kimdən getdiyini anladınız- "hörmətli İsa bəydən".
Çox maraqlıdır, İsa Qəmbərov deyir ki, bir adam 10 il nazir işləməz. İndi a İsa "bəy", sən mənə deyə bilərsən ki, nəyə və kimə görə 20 ildir başqansan? Saqqız şalvara yapışan kimi yapışmısan. Müsavatdan əl çəkmirsən. Mən Müsavatın siz rəhbərlik elədiyiniz dövrdəki fəaliyyətini bir fabrikin fəaliyyətinə bənzədirəm. Müqayisə edək, fabrik məhsul istehsal edir, buraxır satışa. Müsavat isə ancaq "lider" istehsal edir. A başınıza dönüm, bir partiyada nə qədər "lider" olar!? Bu Müsavatda kimi dindirirsən, deyir ki, " mən lider olaraq konstruktiv məsələləri provakasiya yolu ilə revolyusiya edib prinsip etibarilə dəyərləndirib bir daha lider olaraq, hesab edirəm ki..." Gəl indi bu cümləni başa düş . Amma bu fabriklə Müsavatın bir fərqi də var ki, fabrikin məhsulu ən azı hər hansı ehtiyacımızı ödəyir. Bəs Müsavat? Beş- on nəfər gənci dəli edib salır küçələrə. Özü də məqsədsiz və məramsız...
Qaradağ rayonunda bir müsavatçı var ki, atası da müsavatçıdı, özü də. Malades. Özü də bunlar ən aktivlərindəndir. Bu müsavatçı oğlan hara və hansı çayxanaya çatırsa, deyir ki, " İsa "bəy" mənim atama söz verib ki, hakimiyyətə gələn kimi səni icra başçısı qoyacam." Nəyi pis olsa da bu zalım oğlu düz danışandı. Allah o gündən qorusun ki, bunun dədəsi gəlib icra başçısı olacaq. Dədəsi icra başçısı olacaq bu cocuğun nə az, nə çox, düz 30-31 yaşı var. Bir dəfə də demişdi ki, İsa "bəy"in otağının qabağında idim, gördüm ki, 25-26 yaşlı bir cavan "bəy"lə dalaşıb çıxdı. Və çıxanda "bəy"ə dedi ki, "sən hamımızı aldadırsan, amma bizlər qurbana çevrilirik. Öz məqsədini güdürsən." Əslində, bu iki cümlə İsa "bəy"in fəaliyyətinə verilən əsil qiymətdir.
Dünən eşidirəm ki, Müsavatın daş bilib baş vuranlarından olan BDU-nun məllimi Nüşabə Sadıxlı başqan olmaq istəyir. Əhsən, bərəkallah! Axı ay Nüşabə xanım, sizə kim ixtiyar verib ki, belə bir iddiada bulunursunuz. Qorxmursunuz ki, başınıza oyun açıb sizi Müsavatdan qovarlar? Axı başqan kreslosu İsa "bəy"in əbədi və əzəli uyuş yeridir. Kim ona uyuşmursa məhv olur. Ondan başqa heç bir müsavatçının balası xaricdə oxumur, onun kimi heç bir müsavatçı balınc salmağa belə yetən pul almır, onun kimi heç bir müsavatçının "tibb biznesi" yoxdur... Bəs görəsən, bu qədər pulu, bu zırpılıqda biznesi İsa "bəy" hardan tapıb-qurub...?!
`Ay İsa "bəy", paxıllığı-zadı bir yana qoyub sənə bir məsləhət verirəm: əgər bu müsavatçılara, Vahid demişkən, zərreyi-qram qədər yazığın gəlirsə çıx get, istefa ver. İnsan boğulanda, saman çöpündən yapışan kimi, sən də yapışmısan Əli Kərimovdan.
Öz aramızdı, eşitmişəm Hafiz Hacıyevlə aranız sazlaşıb. Belə ki, hörmətli, məlahətli, cəsarətli, ətli, qəbahətli və incə səsli Hafiz Hacıyev " PASTİK QÜRUR" mükafatına layiq görülüb və sən də onu bu münasibətlə təbrik etmisən. Əşi, bu Hafiz Hacıyevlə sənin nə işin var axı? Bir də görəcəksən ki, yenə də "o tərəfinə" salıb dedi ki, ay İsa Qəmbərov, vapşe mən "Müasir Müsavat"ın yox, Müsavatın sədriyəm. Gəl indi bu Hafizi başa sal. Əgər yadından çıxmayıbsa İsa "bəy"ə bir şeyi xatırladım. Təkrar olmasın, amma bunu bir də deməliyəm. Məni qınamayın, nədənsə bu Hafizdən danışanda, indi deyəcəyim məsələ yadıma düşür. Nəql edirlər ki, bir gün Hafiz Hacıyev bərbərxanaya gedir ki, üzünü qırxdırsın. Bərbərxanada stulda oturan kimi deyir ki, bərbər qardaş, üzümü qırx. Bu gözünə döndüyüm bərbər də bir az çaşqın halda qayıdıb deyir ki, "başa düşdüm e, Hafiz müəllim, bəs hansı üzünüzü qırxım?" Vəssalam...
Samir FEYRUZOV