"Demək olar ki, "Qarabağ" bloku hazırda təşkilatlanma mərhələsindədir və məncə, işlər uğurla gedir. Görüşlər keçirir, danışıqlar aparırıq". Bu fikirləri Demokrat Partiyası sədrinin müavini Həsrət Rüstəmov Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində dedi. Onun sözlərinə görə, təmsil etdiyi partiya müxalifət düşərgəsində konsolidasiya və birləşmə səylərinin effektiv prosesə çevrilməsi üçün bütün imkanlarını işə salıb.
"Qarabağ" blokunun Məclisi və strukturlarla bağlı əsasnamələr hazırlanıb. "Fövqəladə hadisə yoxdur, cari fəaliyyətlə məşğuluq. Fəaliyyətimizi də "Qarabağ" bloku ilə məhdudlaşdırmaq niyyətində deyilik. Müxalifət düşərgəsindəki dağınıqlığa son qoyulması və partiyaların inteqrasiyası baxımından siyasi təşkilatların bir araya gəlməsini yeganə çıxış yolu sayırıq. Çünki qarşıdan gələn Prezident seçkilərində normal iştirak üçün, ictimai rəyin qazanılması üçün hər hansı başqa variant əlverişli deyil. Təcrübəmiz də göstərir ki, müxalifətin əhəmiyyətli kəsimi, əsas partiyalar birləşərək vahid namizədlə çıxış etməlidir. Əks təqdirdə, hansısa koalisiya bizi məqsədə çatdırmayacaq", - H.Rüstəmov dedi.
O, daha sonra vurğuladı ki, ADP indi müxalifət düşərgəsindəki bütün koalisiyalara qatılmağa çalışır: "Daha doğrusu, buna məhkumuq. Ümid Partiyası da bizim təki düşünür. Digər müxalifət partiyaları, xüsusilə də Xalq Cəbhəsi və Müsavat isə bəyanatlarına rəğmən, müxalifətin birləşməsini istəmirlər. Onlar müxalifəti öz konfiqurasiyalarına, istəklərinə uyğun sistemləşdirmək istəyirlər".