PDF Oxu

Müxalifət

  • 17

Niyə radikal müxalifət ermənilərlə eyni düşüncədədir?

Niyə radikal müxalifət ermənilərlə eyni düşüncədədir?

Radikal müxalifət liderləri siyasi fəaliyyətə başladıqları dönəmdən bu günə qədər bir-birinə qarşı daim rəqib mövqedə dayanıblar. Bir-birilərini daim təhqir etmək, ünvanlarına söyüş söymək, yetərincə alçaltmaq onların əsas mübarizə vasitəsinə çevrilib. Azərbaycan dövlətinin milli maraqlarına qarşı çıxmağı da özlərinin fəaliyyət istiqamətləri hesab edən radikallar bəzən birlik nümayiş etdirməklə dövlət və xalq əleyhinə şər-böhtan xarakterli məlumatlar da yayırlar. Hətta Azərbaycanın qazandığı uğurlar, xüsusilə də, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi çox ciddi şəkildə narahat edir, sanki onların torpaqlarımızı işğal edən ermənilərdən fərqləri yoxdur.

"Heç bir sosial dayağı, bazası, ictimai dəstəyi olmayan radikal müxalifətçilər Azərbaycan cəmiyyətində heç vaxt dəstək qazanmayıb. Çünki ona radikalların düşüncə tərzləri qətiyyən yol verməyib. Hətta radikal müxalifətə aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yer ayrılan zaman onlar həmin yerlərdə yox, məhz insanların, nəqliyyatın, gediş-gəlişin daha çox olduğu yerlərdə keçirməyə cəhd ediblər. Onların bu cəhdlərinin qarşısı da hüquq-mühafizə orqanları tərəfindən zamanında alınıb. Çox vacib məqamlardan biri də odur ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara, nailiyyətlərə hər zaman radikal müxalifətçilər çox qısqanclıq, paxıllıq hissi ilə yanaşırlar. Bu isə, onların daxilindəki radikallığı daha da gücləndirir". Bu sözləri qəzetimizə açıqlamasında millət vəkili Eldar İbrahimov bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti, xalqı qətiyyətlə radikalları rədd edirlər. Radikallar heç vaxt sağlam olmayan, sərsəm, məntiqsiz düşüncə tərzi və ideyaları ilə nəyəsə nail ola bilməzlər. Yıxmaq, dağıtmaq, pisləmək onların həyat amalı və qarşılarına qoyduqları məqsəddir. AXC-Müsavat hakimiyyəti zamanında Xocalı, Şuşa, Dağlıq Qarabağ separatçı ermənilər tərəfindən işğal olundu. Radikal müxalifət kimi əlaltıların, yaramazların, daima xarici qüvvələrin köləsi kimi yaşayanların zamanı çoxdan bitib. Onların şəhərin mərkəzində mitinqlər keçirmək istəyi ölkəmizdəki sabitliyi, əmin-amanlığı, dincliyi pozmağa hesablanır. Bu isə, onlara müyəssər olmayacaq. Çünki, Azərbaycan xalqı onları tamamilə rədd edir.

Millət vəkili onu da vurğulayıb ki, radikal müxalifət Azərbaycan kimi suveren, müstəqil, demokratik bir ölkədə heç zaman öz hikkəsini, oyunlarını, sərsəm ideyalarını yeridə bilməz. Kimliyindən asılı olmayaraq, hər kəs Azərbaycan qanununa tabe olmalı, qanun qarşısında öz məsuliyyətini daşımalıdır. Əslində, radikal müxalifəti müdafiə edən heç bir xarici qüvvə yoxdur. Əgər çox az sayda müəyyən xarici qüvvələr varsa, onlar da Azərbaycan dövlətinin beynəlxalq aləmdə hörmətinə, nüfuzuna xələl gətirmək istəyənlərdir. Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövlətinin yürütdüyü düşünülmüş siyasət hər zaman öz bəhrəsini verməkdədir. Ağıllı və uzaqgörən Azərbaycan xalqı heç zaman radikalların arxasınca getməyəcək. Ölkəmizdə qətiyyən radikalizmə yer yoxdur. Radikal çağırış edən və siyasətdə qalmaq istəyənlər siyasi intiharla məşğuldurlar.


AYLANA RZAYEVA

Digər xəbərlər