Radikal müxalifətin "ruporu", bu yolda başını dəfələrlə qarpız kimi partladan AXP-nin Müsavatyönlü keçmiş sədri Pənah Hüseynov hələ də xam xəyallarına qapılaraq, "politoloji bilik" dağarcığı olduğunu bütün var qüvvəsi ilə sübuta yetirməyə cəhd göstərir. Belə ki, P.Hüseynov növbəti dəfə radikal müxalifət mətbuatına geninə-boluna müsahibə verərək deyib ki, dünyada gedən qlobal məsələləri "ərəb dalğası" adlandırmaq doğru deyil. Guya bunu deməsə idi biz bilməyəcəkdik ki, Avropada və daha nə bilim haradasa heç bir "ərəb dalğası" yoxdur. Lakin ortada başqa məsələ var ki, müxalifətin "ruporu" birdən-birə əməlli-başlı sarsaqlayaraq, iddiada bulunub ki, bəs guya "Azərbaycan iqtidarı bu dalğaya qarşı üzmək xətti götürüb". Sən demə P.Hüseynovun başına zaman-zaman o qədər çox "dubinka" dəyib ki, o, bu gün hətərəm-pətərəm quşlar buraxır. Əşşi, ay binəva, sən nəyə görə öz dərdini çəkmək yerinə, başqaları haqqında qərar çıxarırsan? Axı ilk növbədə, bunu hər kəs çox gözəl bilir ki, Azərbaycanın radikal müxalifəti nəinki məğlubiyyət dalğasına tərəf üzür, mən deyərdim kəlləsi üzərində bu dəryanın dibinə çökür.
Nə isə, təbiətdən, dalğadan, yağışdan-qardan sarsaqlayan Pənah sonda əlqərəz edib deyir ki, ölkədə islahatlar aparılmasa, nə isə baş verə bilər. Belə yerdə, həqiqətən də, əmin olursan ki, bunun başı qarpız olmağına qarpızdır, amma içi düşmüş, lax qarpızdır. Çünki hələ 1992-ci ildə P.Hüseynovun apardığı "islahatları" nəmxuda heç kim yaddan çıxarmayıb.
Daha nə bilim, "Yol xəritəsi"ndən, dağ-dərə xəritəsindən pəh-pəhlə çərənləyən AXP-nin keçmiş sədri ağ yalanı döşəyərək davam edir ki, "Azərbaycan müxalifəti əlindən gələni edir ki, cəmiyyət bu mərhələni mümkün qədər tez, lakin böyük sarsıntılarsız keçsin" (?!) Deyəndə ki, bu "adam", həqiqətən də, ağlını çaşdırıb, heç kim inanmaq istəmir. Ay Pənah, məgər sən müharibədə, zaddasan ki, hələ bir itkidən-filandan dəm vurursan? Yaxud Azərbaycanın "demokratik müxalifəti" mərhələnin astanasına qədər gəlib çatıb ki, hələ bir bu mərhələ barədə çərənləyirsən?
Sonda bir məsələni də xatırlatmaq mümkün olardı ki, "İctimai Palata" barədə dəm vuran P.Hüseynov başından böyük digər iddiasında deyir ki, guya müxalifət birinci fazanı keçib və ikinci fazaya yaxınlaşır. Görünür, radikallarda süni elektrikləşmə gedir və fazalarını düzgün müəyyənləşdirə bilməyiblər. Necə deyərlər, "radikal müxalifət P.Hüseynov başda olmaqla "nol" (sıfır) fazadadır və hər an daxili cərəyan vasitəsi ilə qısa qapanmadan yana bilər.
RÖVŞƏN