PDF Oxu

Müxalifət

  • 25

“Beşlər” formatı dağılır, “VİP” isə “KXCP”-yə bel bağlayıb

“Beşlər” formatı dağılır, “VİP” isə “KXCP”-yə bel bağlayıb

Müxalifət düşərgəsinin daxilində yaradılan qurum və blokların istənilən format çərçivəsində azömürlü fəaliyyət göstərməsi artıq yetərincə öz təsdiqini tapıb. Buna misal kimi daha öncələr yaradılmış imitasiya xarakterli "siyasi birlikləri" nümunə göstərmək olar. Bu isə bir daha sübut edir ki, heç bir çərçivədə formalaşa bilməyən qondarma formatlar bundan sonra da fəaliyyət sistemlərində ciddiliyi qoruyub-saxlaya bilməyəcəklər. Bunu həmin qurumlarda "birləşən" partiya sədrləri də dolayısı ilə təsdiq edirlər.

"VİP" sədri Əli Əliyev "beşlər" formatının hələ də müəyyənləşmədiyini bildirərək deyib ki, hazırda bu istiqamətdə aparılan müzakirələr sonsuza qədər davam etdirilə bilməz. Partiya sədri bu ifadəsini öncə ona söz vermiş, lakin sonradan öz sözlərinə sadiq qalmamış digər müxalifət "liderlərinə" tərəf yönəldib. Onun fikrincə, artıq keçirilən bir neçə görüşdə əməkdaşlığın müxtəlif formaları müzakirə olunsa da, konkret nəticə hasil olunmayıb. Həmin müzakirələrdə öncə altı, sonradan isə beş müxalif partiyanın "bir araya" gələrək, iki il ərzində vahid qurumda təşkilatlanması məsələsindəki problemlər müzakirələr obyekti olub. Bu isə onu deməyə əsas verir ki, iki il ərzində formalaşa bilməyən partiyaların bundan sonra nə isə etmələri mümkünsüzdür. "VİP" sədri deyib ki, "Ümid" və ADP "Qarabağ" blokunda təmsil olunurlar və onların əməkdaşlıqla bağlı müxtəlif təklifləri var. "VİP" və ALP isə başqa təklifləri irəli sürürlər. Həmin təkliflər isə üst-üstə düşmədiyinə görə, yekdil qərar alınmır: "Hər iki tərəfin təklifləri kifayət qədər müxtəlif təkliflərdir, ona görə də müzakirələr belə gərgin keçir".

Bununla birgə, Ə.Əliyev "KXCP"-nin də mövqeyi ilə bağlı açıqlama verib. "VİP" sədri guya "KXCP"-nin "kifayət qədər böyük partiya" olduğunu deyib ki, öz yerini Mirmahmud Fəttayevin yanında "şirin" salsın. Daha dəqiq desək, "müzakirələrdə "KXCP"-nin mövqeyi ilə də hesablaşmaq lazımdır" deyən Ə.Əliyev son məqamda Mirmahmid Fəttayev "kartından" istifadə etməyi düşünür. Məhz bu səbəbdən də ADP-ni, ALP-ni, "Ümid"-i xəyanətdə suçlayan "VİP" sədri son məqamda "KXCP"-nin ətəyindən yapışmağa məcbur qalıb. ""KXCP" gələcəkdə kiminlə müttəfiq olacağı barədə qərar qəbul etməlidir" deyən Ə.Əliyev eyham vurur ki, əks halda "beşlər" formatını ləğv edib "VİP"-"KXCP" cütlüyünü yaratmağı planlaşdırır: "Bu müzakirələr sonsuza qədər davam edə bilməz. Artıq uzun müddətdir ki, müzakirələr aparılır və kompromis variant tapılmalıdır. Tapılmasa belə, başqa variantlar barədə düşünmək lazım olacaq".

Xatırladaq ki, "KXCP", "VİP", ADP, ALP və "Ümid" partiyalarının rəhbərləri bir neçə müddətdir ki, siyasi blok yaratmaq istiqamətində müzakirələr aparsalar da, konkret nəticəyə gələ bilməyiblər.


Rəfiqə

Digər xəbərlər