Bu günlərdə radikal müxalifət partiyalarının, eləcə də, siyasiləşmiş QHT-lərin də təmsil olunduğu "İctimai Palata"nın qondarma "sessiyası" keçirilib. Öncə keçirilmiş toplantılardan heç də fərqlənməyən budəfəki tədbir də qalmaqal və qarşıdurmalardan əksiklik yaşamayıb. Müsavat partiyasının qərargahında baş tutmuş növbəti qalmaqallı "sessiya" isə, demək olar ki, başa çatmamış qalıb. Məsələ ondadır ki, guya ölkədəki siyasi ab-havaya "dəyişiklik" gətirdiklərini hesab edən radikallar, əslində, özləri də bilmədən, müxalifət daxilindəki qarmaqarışıqlıqları ifşa etmiş oldular. Bu isə, ümumilikdə, "İctimai Palata"nın avtoritar qurum olduğuna işarədir.
Qondarma "sessiyanı" açıq elan edən Müsavat başqanı İsa Qəmbərov çıxış edərkən isə "palata"da əməlli-başlı ziddiyyət yaranıb. Belə ki, İ.Qəmbərov öz çıxışına başlamazdan öncə, zalda əyləşən AXCP (i) təmsilçiləri buna etiraz etdilər. Onlar iddia ediblər ki, hörmət əlaməti olaraq, İ.Qəmbərov ilk sözü Ə.Kərimova verməliyik. Çünki onlar Müsavat partiyasında qonaqdırlar. Lakin səs-küyə əhəmiyyət verməyən Müsavat başqanı öz çıxışına davam etmiş, nəticədə etirazçı "cəbhəçilərin" bir neçəsi zaldan mürəxxəs olublar. Məhz bundan sonra söz Ə.Kərimova verilmiş və o da xahiş edərək, zaldan çıxan "cəbhəçiləri" geri çağırmışdır. Ancaq onlar sədrlərinin çağırışına əhəmiyyət verməyiblər. Biabır olmamaq üçün sözünə davam edən Ə.Kərimov İ.Qəmbərova qondarma "təşəkkür" edib və sözarası deyib ki, hər halda "cəbhəçilər" haqlıdır. Bunun müzakirə mövzusu olmadığını deyən Müsavat başqanı vaxt azlığını deyərək, Ə.Kərimova nitqini qısa etməyi məsləhət görüb.
Sonra çıxış etmək istəyən digər müxalifətçilərə çox qısa "reqlament" qoyan Müsavat başqanı və AXCP (i) sədri bütövlükdə bütün çıxışlara müdaxilələr etməklə, "İctimai Palata"nın qondarma sessiyasını qızışdırıblar. "Sessiyada" öncədən hazırlanmış müxtəlif qondarma "bəyanatlar" oxunarkən, bir qrup müxalifətçi şəxs növbəti dəfə öz etirazlarını bildiriblər. Budəfəki etiraz isə nəyə görə bəyanatların onlardan xəbərsiz yazıldığının iddiası ilə bağlı olub. Bunun onlara heç bir aidiyyatı olmadığını bildirən Qəmbərov-Kərimov cütlüyü iclası yarımçıq tərk edərkən, yaxın ətraflarına burada baş verənlərin mətbuata ötürülməməsi tapşırığını veriblər. Lakin göründüyü kimi, Müsavat partiyasının da divarında "qulaq" var və bu "qulaq" bütün məlumatları mətbuata sızdırmağa imkan tapıb...
RÖVŞƏN