Müxalifət düşərgəsində təmsil olunan blok və qurumlar nəticə etibarı ilə fəaliyyətdən kənar qalmaqları ilə yanaşı, son olaraq oradan uzaqlaşmaq qərarına gəlməkdədirlər. Belə qərara ALP-nin sədri Əvəz Temirxan da gəlib. Məsələ ondadır ki, öncə "Altılar" formatında aparılan danışıqlar nəticəsiz qaldıqdan sonra, qurum "Beşlər" kimi fəaliyyət göstərdiyini iddia etməyə başladı. Ancaq buradan da müsbət addımların hasil olmadığını görən ALP sədri yekun olaraq, formata öz təklifini irəli sürdü. Onun sonuncu təklifi isə qurumda yeddi partiyanın cəmləşməsi ideyası idi.
Belə ki, Ə.Temirxanın "bizim fikrimizcə, müxalifətin birliyinin nüvəsində 7 partiya dayanmalıdır" ifadəsi ilk olaraq "VİP" sədri Əli Əliyevin xoşuna gəlmədi. Eyni zamanda, Ə.Əliyevin son zamanlar tərəfdaşı qismində çıxış edən "KXCP" sədri Mirmahmud Fəttayev də bu fikri dəstəklədiyini dedi. Daha dəqiq desək, Ə.Temirxanın təklifini rədd etdi. Məhz bundan sonra ALP sədri, ümumiyyətlə, sözügedən formatdan imtina edəcəyi barədə müxalifət mətbuatına açıqlamalar verdi. Bu amil isə vəziyyətin mürəkkəbləşməsi ilə sona çatdı.
Ə.Temirxan digər tərəfdən iddia etdi ki, bəzi partiyalar birliyin məhz onların ətrafında formalaşmasını istəyirlər: "Ona görə də müzakirələr nəticə vermir".
O, "Beşlər"in müzakirələrinin yaxın zamanlarda yekunlaşacağına ümid etmədiyini deyib. "Beşlər"in müzakirələrində fasilə yarandığını bildirən ALP sədri, rəhbərlik etdiyi partiya tərəfindən irəli sürülən, amma qəbul olunmayan təkliflərdən də söz açıb: "Bizim təkliflərimiz ondan ibarətdir ki, beş partiya bir araya gəlsin, sonra birləşməsi mümkün olan digər ictimai və siyasi qüvvələrlə də əməkdaşlıq edilsin. Daha sonra "İctimai Palata"da təmsil olunan partiyalar da bu birliyə qoşulsun".
Lakin "İctimai Palata"dan rədd cavabı gəldikdən sonra, Ə.Temirxan, ümumiyyətlə, daha heç bir formata, birliyə, siyasi qurumlara qoşulmayacağını bəyan edib.
Xatırladaq ki, 5 müxalif partiya - "Vətəndaş və İnkişaf" ("VİP"), Liberal (ALP), Demokrat (ADP), "Ümid" və "Klassik Xalq Cəbhəsi" ("KXCP") partiyaları birlik yaratmaq üçün bir neçə aydır ki, müzakirələr aparırlar. Bir neçə gün öncə isə "VİP" sədri Əli Əliyev və "KXCP" sədri Mirmahmud Fəttayev müzakirələrin sonsuza qədər davam edə bilməyəcəyi barədə bəyanat verməklə, bundan bezdiklərini etiraf ediblər. Bu isə, onu deməyə əsas verir ki, müxalifət düşərgəsində daha bir siyasi formatın sonu çatıb. Ə.Temirxan isə, ilk addım ataraq, buradan çıxdığını dolayısı ilə açıqlayıb.
RƏFİQƏ