"Xural" qəzetinin alverçi və reket baş redaktoru Əvəz Zeynallı çoxdan gözlənilən aqibətini artıq yaşamağa başlayıb. Belə ki, onun məlum məsələyə görə həbs edilməsi, bütövlükdə, "Xural"ın hansı "məzhəbə" qulluq etdiyini bütün "kartları" ilə açığa çıxardı. Bəlli oldu ki, Ə.Zeynallı bir qəzeti çıxarmaqdan ötrü daha hansı əməllərə, hansı rəvaclara, hansı rəzilliklərə əl atıb və bu da məntiqi nəticə: üç aylıq həbs qərarı...
İndi onu müdafiə edən müxalifət mətbuatı, eləcə də, "Xural"ın "əməkdar reketləri" onun "günahsızlığını sübut etmək" istəyirlər. Yəni Ə.Zeynallının qəbahətli yolunu tuturlar. Amma necə?
Böhtan kampaniyası və ya nakişiliyin bariz nümunəsi
"Xural" qəzeti müxtəlif vasitələrlə ölkənin bütün bölgələrində "at oynatdığı" zaman, dövlət idarə və müəssisələrindən "pulyığma kampaniyalarına" getdiyi zaman, nədənsə elə də çox səsi-pəsi gəlmirdi. Ancaq indi - Ə.Zeynallının həbs olunduğu (haqlı ola - raq -R) bir vaxtda onun vəkilinin birdən-birə durub hansısa "faktı" heç bir əsas olmadan düzüb-qoşaraq üzə çıxarması, həqiqətən də, jurnalistlik və kişilik baxımından çərçivəyə sığmayan əməl kimi dəyərləndirilir. Guya bu reketbaşı Əvəz öz redaksiyasında oturubmuş və ölkənin tanınmış qəzetinin təsisçisi, kifayət qədər hörmətli ictimai-siyasi xadimi, millət vəkili Gülər xanım Əhmədova həmin redaksiyaya gedərək, ona qəzetin nəşri üçün "maddi vəsait" təklif edibmiş?! Əcəbdir, vallah! Daha bu qədər yalan və böhtan nəinki kişiyə yaraşmayan hərəkət kimi, eləcə də, insanlıqdan kənar davranış qismində dəyərləndirilməlidir. Çünki heç bir halda özünü azərbaycanlı sayan şəxs mənəviyyatını, ləyaqətini sataraq bu qədər irəliyə getməməlidir! Və əgər irəliyə gedirsə, haqq elədiyi cavabını yüz qat almalıdır!
Əslində, ictimaiyyət onun təcrid olunmasının
tərəfdarıdır
Cəmiyyətdə belə varlıqların hələ də sürünməsi sağlam düşüncəli ictimaiyyətin haqlı qınağına səbəb olmaqdadır. Bu gün Ə.Zeynallının verdiyi sifarişlər və tapşırıqlar əsasında onun reket yetirmələri dini ocaqlara qədər hücumlar edib, həmin ziyarətgahları öz nəfsləri ilə murdarlamağa cəhd göstəriblər. Hələ bu azmış kimi, ictimaiyyət qarşısına çıxıb, özlərini "pak" göstərməyə səy göstərirlər. Amma çifayda, Ə.Zeynallı kimi tiplər "dirilik suyunda yaxalansalar" belə, onların murdar keyfiyyətləri pis xislətli canlarına yetərincə hopub. Belə hopmaların nəticəsidir ki, bu gün "Xural" qəzeti, bu qəzetin Ə.Zeynallı kimi qadına böhtan atacaq qədər dəyərsiz naxələfləri var. İctimaiyyət isə bu cür naxələflərin, pis xislətlilərin cəmiyyətdən təcridinə ikiəlli razıdır.
Əvəz Zeynallının həbsi digərlərinə örnək olmalıdır
Təəssüf ki, bu gün "Xural" qəzetinin timsalında qəzetlər var və hələ də bu kimi qəzetlər müxtəlif üsullarla gün işığı görürlər. Məhz həmin qəzetlər də yetənə yetirlər, yetməyənin də dalınca daş atırlar. Lakin bu daşların qayıdıb onların öz təpələrinə dəyəcəklərinə də heç kim zəmanət verə bilməz. İnsanların heysiyyətinə, ləyaqətinə, şərəfinə toxunan bu tipli kağız parçaları heç bir mənəviyyat hiss etmədən vətəndaşların ailələrinə qədər həqarətlər yağdırırlar. Lap "Xural" qəzetinin baş redaktoru Ə.Zeynallı kimi. Ancaq sonunda Ə.Zeynallıdan bu kimi "örnək" götürənlər həmin "örnəyi" bir kənara qoyub, onun yaşadığı sonuncu hadisəsini özlərinə örnək kimi qəbul etsinlər. Bəlkə də "Xural"ı müdafiə etmələri yerinə, ziyanın yarısından qayıtmaq barədə fikirləşmələri onların xeyrinə olardı. Bir də ki, belə bir söz var, Allah qapını bağlayanda, pəncərəni açıq qoyur. Amma Ə.Zeynallının həm qapısı, həm də pəncərəsi elə bağlandı ki, bu qapı-pəncərəni onun qulluq elədiyi şeytan da gəlib aça bilməz...
RÖVŞƏN
P.S. Ey kişi olan bəndə, qadına şər atınca, özünə qəsd et! (Göy türklərin folklorundan)