PDF Oxu

Müxalifət

  • 35

Tofiq Yaqublunu sığortalamaq lazımdır

Tofiq Yaqublunu sığortalamaq lazımdır

Bir neçə gündür ki, gündə bir hava çalıb-oxuyan aşıqlar kimi, bizim radikalizmin dədələri hesab olunan Tofiq Yaqublu, Sərdar Cəlaloğlu, Nurəddin Məmmədli və Rövşən Əhmədli sığortalanmaq eşqinə düşüblər. Guya bunlar siyasi sığortanı vacib hesab edirlər. Lakin bir şeyi başa düşmürəm, adını çəkdiklərim sığortanı neynirlər..? "Uje" şübhələnirəm... Adətən, görmüşük ki, şou-biznes nümayəndələri sığortalanır. Məsələn, Şakiranın "hara"sı, C.Lopezin "ora"sı, A.Colinin "bura"sı, Nigarın siması və s. Yəni bu adamlar sığortaladığı yerlərinə həm özləri, həm də dünya o qədər vurğundur ki, istəmirlər ki, ora bir xəta gəlsin. Əks təqdirdə, sığorta şirkəti bu ziyan görmüş şeyi bərpa eləməlidir. Sən öl, bu sığorta şirkətlərində ürəyə bax e. Birdən işdir Ceniferin sığortaladığı yerə elə bir şey oldu ki, düz-qoş eləmək mümkün olmadı? Bəs onda nə olacaq? Onda sığorta yiyəsinin evi yıxılar ki.

Amma mən bir şeyə əminəm, tutaq ki, siyasi sığorta var və Müsavat başqanının həzrəti-zati-külli-kuf müavini Tofiq Yaqublu da sığorta olunub. Bu adam əgər 10 min manata özünü kollektiv (daha ora-burasını yox) sığorta elətdirsə və yoldan gedəndə ayağına daş dəyib yıxılsa, bütün cümlə-cahanı başına yığar. Sığorta şirkətinin dədəsini də satdığa çıxardıb satdırar. Təkcə sığorta şirkətinin deyil, onu yıxılanda görən adamların da o məsələ... Bu vaxt müxalifətsayağı səyləyən adamlar yazacaqlar ki, yox, bu, təxribatdır, Tofiq bəyə qarşı iri çaplı məmurların planıdır. Və daşı da bura filan məmur qoyub ki, Tofiq Yaqublu gələndə yıxılsın. Axı hökumət cılız adamlarla niyə mübarizə aparsın? Bu məqamı özündə ehtiva edən yaxşı bir lətifə də var.

Bir gün böyük bir düzənlikdə hərbi parad keçirilmiş, bütün hərbçilər, silahlar parada cəlb olunub və böyük bir izdiham, səs-küy yaranıb. Bu vaxt bir dovşan qaçıb kolun dalında gizlənir. Tofiq bəy, bilirsiniz niyə? Çünki dovşan elə bilir ki, bu boyda parad onu tutmaq üçün keçirilir.

İndi sizdə ayağınıza daş dəyən kimi Avropa Məhkəməsinə yazıb, burada çığırırsınız ki, bu daşı hökumət bizə görə bura qoyub. O şeyi də dəqiq bilirəm ki, Tofiq "bəy" özünü sığortalasa, əla olar. Həm də bu, bir qrant növüdür də.

Ancaq mən məsləhət görərdim ki, dilini sığortalasın. Çünki birdən işdir də, arabir danışığını-zadı bilmir, kiminsə dalınca elə söz deyər ki, gəlib dilini yerindən çıxararlar. Onda gedib özünə "dil" ala bilsin. Digər tərəfdən, çox qəzəbli, kinli birtəhər fason adamdı. Məsələn, Tofiq "bəy" elə bilir ki, bundan başqa vətənə xidmət eləyən olmayıb, nə də olmayacaq. Qardaş, vətənə xidmət eləmisən də. Vətən də sənə az şey verməyib. Vətənində aldığın hər nəfəsə görə ona borclusan və bunu qaytarmağa nə ömrün, nə də əməlin yetməz. Ailə var ki, 5 şəhid verib, evi-eşiyi dağılıb, bu gün də şikəstdir, amma belə danışmır və heç kəsdən də heç nə ummur. Həm də bir var ummaq, bir də var nəfs, tamah. İnanmıram ki, Müsavatda İsa Qəmbərov kiməsə yaxşı bir nümunə olsun. Simada oxşadığınız kimi əməlinizdə də oxşayırsınız. Bir dəfə, dəqiq yadımda deyil, hansısa jurnalist İsa "bəy"in "xidmətləri"ni yazmışdı. İnan ki, uşaq da buna inanmazdı. Amma "o boyda jurnalist" İsa Qəmbərovu elə təqdim elədi ki, elə bil, bəşəriyyəti xilas edənin birindən söhbət gedir.

Dünən bir balaca fikirləşdim və gördüm ki, bizim müxalifət qədər optimist müxalifət yoxdur. Normal adam 1 dəfə, lap uzağı 2 dəfə seçkidə uduzanda, sonra gedib oturur dədəsinin evində. Amma bizim radikallar yox, deyir ki, öldü var, döndü yoxdur.


Samir FEYRUZOV


P.S. Dünyada ən gözəl sığorta yalnız və yalnız bir nəfərə yaraşır. O da radikalların milli qürur mənbəyi olan Əli Kərimovun müəyyən detalının sığortalanmasıdı. Tofiq Yaqublu özünü yormasın...

Digər xəbərlər