PDF Oxu

Müxalifət

  • 30

Etibar Məmmədovun növbəti Britaniya səfəri

Etibar Məmmədovun növbəti Britaniya səfəri

Böyük Britaniyaya səfər edən AMİP lideri budəfəki səfərini əvvəlkindən də uzun sürdürmək niyyətindədir. Belə ki, Etibar Məmmədov bir neçə ay bundan öncə İngiltərəyə gedərkən, oradakı biznesinin təməlini qoymuşdu. Hətta məlum olmuşdu ki, bu işdə onu "ACP" sədri Rəsul Quliyev himayə edib. Lakin sonradan öz işini davamiyyətli qura bilməyən AMİP lideri bunu yaxın ətrafından birinə həvalə edərək, Bakıya geri dönmüşdü. Daha dəqiq desək, pay məsələsində R.Quliyevlə anlaşma qura bilməyən E.Məmmədov yenidən təkbaşına biznes qurmağı qərara alıb.

Məhz bu dəfə də belə olması şübhəsizdir. Çünki AMİP sədrinin Britaniyaya beynəlxalq tədbirə dəvət edilməsi onun üçün göydəndüşmə oldu. Yəni o, uzun müddətdir ki, tərəddüd etdiyi səfərini "siyasi görüş" adı altında reallaşdırmaq imkanı əldə etdi. Həmçinin, onu da qeyd edək ki, E.Məmmədov istəmirdi ki, biznesi ilə əlaqədar AMİP-də kimsə məlumatlı olsun. Bu səbəbdən də həmin səfərdən sui-istifadə edərək, Londana üz tutub və amma necə deyərlər, tədbirini də qabaqcadan görüb. Məsələ ondadır ki, AMİP lideri xaricə gedərkən, öz oğluna partiya daxilində vəzifə tapşırmaqla öz işini "ehtiyatlı" tutub. Onun oğlu hazırda AMİP-in gənclər təşkilatında fəaliyyət göstərməklə, ümumiyyətlə, partiyadaxili hadisələrə nəzarət edir və baş verənlər barədə atası E.Məmmədova məlumatlar ötürür. Özü kimi oğlunun da ikibaşlı oyunu ata Məmmədova sərf edir.

Digər maraqlı fakt isə ondan ibarətdir ki, vaxtilə onun biznesinə şərik qoşulmaq istəyən AMİP sədri Yusif Bağırzadə müxtəlif vasitələrlə liderinin işinə əngəllər yaratmağa çalışır. Amma burada da E.Məmmədovun oğlu bu işdə ona kifayət qədər maneələr yaradır. Bu səbəbdən də partiya liderinin İngiltərəyə budəfəki səfəri ona bir qədər rahatlıq verir. Görünür, məhz bu səbəbdən də, İngiltərəyə gedərkən, hansı müddətə qədər geri dönəcəyi barədə məlumatlar verməyib. Onun biznes fəaliyyəti ilə bir neçə ay, hətta bir il qalması barədə fikirlər də səslənməkdədir. Ehtimallar arasında AMİP liderinin yenidən "ACP" sədri R.Quliyevlə bağlantı yaratmaq istəyi barədə xəbərlər sızmaqdadır. E.Məmmədov İngiltərədəki biznesini genişləndirmək məqsədilə onu ABŞ-a aparmaq məqsədi güdür. Keçən səfərində buna nail olmasa da, görünür, budəfəki uzunmüddətli səfəri sayəsində, o, R.Quliyevdən istədiyini qoparmağa nail olacaq. Bir sözlə, E.Məmmədovun partiyasına lider olmaqdan daha çox, "biznesmen" obrazında fəaliyyət göstərməyə üstünlük verməsi bir çox qaranlıq məqamlara aydınlıq gətirəcək.


Rəfiqə Hüseynova

Digər xəbərlər