Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri, hazırda törətdiyi cinayət əməllərinə görə həbsdə olan Arif Hacıyev müxalifətdəki düşərgədaşlarını və Müsavat partiyasının digər rəhbərlərini ciddi ittiham edən açıqlama ilə çıxış edib. Saytlara müsahibə verən A.Hacıyev radikal müxalifətin fəalliyyətsizliyini tənqid edib. Onun bildirdiyinə görə, 7 aydır ki, həbsdə olmasına baxmayaraq, onun "bayırda" olarkən başladığı işi davam etdirən adamlar yoxdur. A.Hacıyev, eyni zamanda, Müsavat rəhbərliyini də tənqid edib. Onun sözlərindən belə çıxır ki, guya partiya hər zaman müxalifətin önündə gedib, ancaq indi bu statusunu əldən verib. A.Hacıyev başqanlıq seçkilərindəki passivliyi də tənqid edib. Onun dediklərindən belə çıxır ki, heç kim başqan postuna iddia ilə çıxış etmək niyyətində deyil, buna hətta cəhd etmir. Çünki hazırkı başqan İsa Qəmbərovun avtoritar idarəçiliyindən ehtiyat edirlər: "Bəziləri güman edirlər ki, bugünkü başqanı heç kim əvəzləyə bilməz".
A.Hacıyevin tənqidi çıxışlarına radikal müxalifətdən hələ ki, reaksiya yoxdur. Böyük ehtimalla, radikal müxalifət "liderlərini" elektoratın gözündən salan açıqlamalarla çıxış edən A. Hacıyevə qarşı piar kampaniyası başlayacaq.
Artıq indidən AXCP (i) düşərgəsində hesab edirlər ki, Müsavatın icra aparatının rəhbəri həbsdən çıxmaq üçün müxalifəti ittiham etməyə başlayıb. Maraqlıdır ki, həqiqətənmi o həbsə düşəndən sonra müxalifət zəifləyib? Doğrudanmı, müxalifət A.Hacıyevin "işini" davam etdirə bilmir? Belə ki, hələ mart-aprel aylarında ərəb inqilablarının təsirinə düşmüş radikal müxalifət funksionerlərindən ən radikalı məhz A. Hacıyev idi. Eyforiyaya uymuş müsavatçı funksioner sosial şəbəkələrdəki yazışmalarında açıq-aşkar çağırışlar edir, radikal çıxışlara yer verirdi. Hətta bir dəfə yazmışdı ki, "gəlin, inqilab komitəsi yaradaq". Müxalifətin təyin etdiyi icazəsiz etiraz aksiyalarında A.Hacıyev daim öndə gedir və polislə toqquşmaya rəhbərlik edirdi. Onu qanunsuz aksiyalara çağırışda suçlandırıb həbs etdilər. Məhkəmə onun haqqında həbs qərarı çıxardı. 7 aydır ki, həbsdədir və müxalifət də mitinq keçirmir. Müxalifətin apreldən bu yana aksiya keçirə bilməməsinin səbəbi onun həbsdə olması deyil. Sadəcə, inqilab eyforiyası keçib və müxalifət aksiya keçirə bilmir. Onun "məni başqanlığa namizəd olmayım deyə həbs ediblər" fikri də mübaliğəlidir. Bu, A.Hacıyevin Müsavatdakı həmkarlarını aşağılamaq cəhdidir. Son vaxtlar Müsavat başqanı ilə bağlı mediada maraqlı məlumat və versiyalar yer alır. Qeyd olunur ki, İsa Qəmbərov başqan vəzifəsinə qadın namizəd irəli sürmək istəyir. Leyla Yunusovanın, Nüşabə Sadıxlının, Xanım Xəlilova və hətta Novella Cəfərovanın da adları hallanır. Bu günlərdə Müsavata yaxın saytlardan biri Arif Əliyevin başqan ola biləcəyini yazmışdı. A.Hacıyev, görünür, bundan narahat olub və bu cür fikirlər səsləndirib. Bu cür fikirlərlə A.Hacıyev həm Müsavatdakı rəqiblərini, həm də AXCP (i)-dəki opponentlərini qıcıqlandıracaq. Rəqibləri bu cür aqressiv münasibəti ona bağışlamayacaqlar. Ehtimal ki, Müsavat başqanı postuna İ.Qəmbərov daha iddiasız birini gətirməyi planlaşdırır. Bu plan baş tutarsa, A.Hacıyevin yeganə yolu Müsavatdan istefa verib yeni partiya yaratmaqdır. Onun getməsi Müsavatın rəqiblərinin də ürəyincə olacaq. Siyasi vitrini boşalmış AXCP (i) isə Müsavatda A.Hacıyev kimi "köhnə qurdların" olmasında maraqlı deyil.
Rəfiqə Hüseynova