Uzun illərdir ki, radikal müxalifət partiyaları ölkədə fəaliyyət göstərirlər. Ancaq fəaliyyət göstərdikləri bu illər ərzində nəyəsə nail olmaları mümkün olmayıb. Bundan sonra da nəyəsə nail ola biləcəkləri inandırıcı deyil. Çünki batan gəmini xilas etmək mümkün olmadığı kimi, siyasi intihara məhkum edilən radikal müxalifət partiyalarının da bataqlıqdan qurtulmaları mümkünsüzdür. Vəhdət Partiyasının sədri Tahir Kərimli bizimlə söhbətində bildirdi ki, radikal müxalifət partiya liderlərinin uğursuzluğa düçar olmalarının əsas səbəbi sosial bazalarının olmaması ilə bağlıdır: "Radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiya liderləri tərəfindən müxalifətçilik fəlsəfəsinin əsası düzgün qoyulmayıb. Bu partiya sədrləri gecə-gündüz çalışırlar ki, düşdükləri bu çıxılmaz vəziyyətdən çıxsınlar. Təbii ki, radikal müxalifətin fəaliyyətsizliyi mövcuddur".
T.Kərimlinin sözlərinə görə, uzun illər siyasətdə olmalarına baxmayaraq, radikal müxalifət partiya sədrləri öz arzu və istəklərinə çata bilməyiblər. Radikal müxalifət partiya sədrlərinin kreslolarını tərk etməmələrinin səbəbləri həmin partiyada fəaliyyət göstərən üzvləri özlərindən asılı vəziyyətə salmalarıdır. Ona görə də, partiya sədrləri istefa verməkdən imtina edirlər. Baxmayaraq ki, sözügedən partiya rəhbərləri həmişə uğura deyil, məğlubiyyətə uğrayıblar: "Burada belə bir sual yaranır: əgər radikal müxalifət partiyalarının heç bir sosial bazası yoxdursa, onda bu partiyalar haradan maliyyələşir, yaşamı nədən qaynaqlanır və necə fəaliyyət göstərir? Bir sözlə, bütün bunlar hansı vəsait hesabına olur? Belə olan halda da, bütün sadaladıqlarıma cavab olaraq, demək olar ki, radikal müxalifət partiyaları xarici himayədarlarından yardımlar alırlar. Demək olar ki, müxalif düşərgəsində fəaliyyət göstərən partiyaların hər birinin öz QHT-ləri var. Yəni müxalif partiyalar ölkədə fəaliyyət göstərən QHT-lər vasitəsi ilə xaricdən maliyyələşərək yardımlar alırlar. Təbii ki, radikal müxalifət partiyaların xaricdən maliyyələşməsi "Siyasi partiyalar haqqında" Qanuna ziddir. Ona görə də, müxalif partiyaların ifşa olmasından qorxaraq, QHT-lərin vasitəsi ilə xarici qüvvələr tərəfindən maliyyə yardımları alırlar".
Vəhdət sədri onu da bildirdi ki, radikal müxalifət partiya liderləri arzular quraraq, xəyal edirlər ki, onlar nə vaxtsa hakimiyyətə gələcəklər. Amma onların qurduqları bu xəyallara özləri də inanmırlar.
GÜLYANƏ