PDF Oxu

Müxalifət

  • 33

Sərdar Cəlaloğlu ilə Pənah Hüseynov bir-birinə “girib”

Sərdar Cəlaloğlu ilə Pənah Hüseynov bir-birinə “girib”

Bu günlərdə AXCP (i) -nin təşkil etdiyi tədbirdə iki radikal müxalifətçi -ADP sədri Sərdar Cəlaloğlu ilə AXP "lideri" Pənah Hüseynovun arasında qarşıdurma yaşanıb. Belə ki, hər iki "lider"ə qarşılıqlı atmacalar atan müxalifətçilərin son variantları əl-qol atmaları ilə nəticələnib.

Daha dəqiq desək, söz-söhbətin sonu dava-dalaşa keçid alıb. Hətta onları ayırmaq istəyən digər müxalifətçilər də öz paylarını alıblar. Yaranmış insidentin ən prinsipial məqamı isə AXC-nin yaranma tarixi ilə bağlı olub. Belə ki, S.Cəlaloğlunun fikrincə, "xalq cəbhəsi" öncə Naxçıvanda yaranıb, P.Hüseynovun iddiasına görə isə AXC Naxçıvanda deyil, Bakıda yaranıb. Hətta onda "cəbhə"nin yaranma sənədləri olduğunu da deyən P.Hüseynov S.Cəlaloğlunu şizofreniyada günahlandırıb. Məhz bundan sonra söyüş və təhqirlər güllə kimi onların üzərlərinə yağmağa başlayıb.

ADP sədri ilk öncə P.Hüseynovu çox danışmaqda suçlayıb və deyib ki, onun çox danışmağı hər zaman başına bəla gətirib. Bu dəfə də belə olacaq: "Sən o qədər çox danışırsan ki, axırda bunun bəlasını birdən çəkəcəksən". Daha sonra S.Cəlaloğlu P.Hüseynova barmaq silkələməyi də unutmayıb. Bundan qeyzə gələn AXP "lideri" özündə olan bir sıra sənədləri başı üzərinə qaldıraraq, qışqırmağa başlayıb.


Sərdar Cəlaloğlu: "Otur yerində, qışqırma, plagiat P.Hüseynov..."


ADP sədri onu da iddia edib ki, vaxtilə AXC-nin yazılmış məramnaməsi Pribaltika Xalq Cəbhəsinin əsasnaməsinin tərcüməsi, yəni plagiatı olub. O, həmçinin, deyib ki, həmin zamanlar özlərini "xalq hərakatının liderləri" hesab edənlərin heç biri məramnamə yazmaq səviyyəsində olmayıblar. S.Cəlaloğlu onları P.Hüseynov başda olmaqla "küyə gedən" kimi qiymətləndirib. Bu sözlərdən daha da əsəbiləşən AXP "lideri" ADP sədrinin üzərinə hücum çəkmək istəyib. S.Cəlaloğlu isə ona "otur yerində qışqırma, plagiat P.Hüseynov... " əmrini verib.


Pənah Hüseynov: "Həkimə get, özünü müalicə etdir, sən dəlisən"


Bir-birilərinə qondarma sənədlər göstərən müxalifətçilərə gülən digərləri onları sakitləşdirə bilmədiklərini görüb, kənara çəkiliblər. Bundan istifadə edən S.Cəlaloğlu P.Hüseynovun üzərinə hücum çəkib və ona yumruq zərbəsi vurmağa səy göstərib. Məhz elə bundan sonra vəziyyətin ciddiləşdiyini görən P.Hüseynov S.Cəlaloğluya "Həkimə get, özünü müalicə etdir. Sən doğrudan da, dəlisən" məsləhətini verib. Onun bu sözləri ADP sədrinə "sillə" kimi dəydiyindən, əlindəki kağızları AXP "lideri"nin başına çırpıb. Bu olay isə həmin günün kulminasiya nöqtəsi olub. Beləliklə də, AXCP (i)-nin tədbiri yarımçıq qalıb və hər kəs bir-birinin yaxasından yapışmış iki müxalifətçini ayırmağa cəhd göstərib.


RƏFİQƏ

Digər xəbərlər