PDF Oxu

Müxalifət

  • 34

Müsavat-AXCP (i) qarşıdurması yenidən gərginləşir

Müsavat-AXCP (i) qarşıdurması yenidən gərginləşir

Son günlər Müsavat və AXCP (i) funksionerləri arasında yeni və bu dəfə daha ciddi qarşıdurmaya start verilib. AXCP (i)-nin aqressiv funksionerləri müsavatçı Rauf Arifoğlu, Şahvələd Çobanoğlu və Pənah Hüseynov üçlüyünə qarşı çıxıb və onların xəyanətkar olduğunu bildiriblər. Belə ki, AXCP (i) rəyasət heyətinin üzvü Xaliq Bahadır bu məsələ ilə bağlı iddiasında məsələni daha kəskin şəkildə qoyub. Bir az da irəli gedən "Yurd"çu funksioner yenidən, hər zaman olduğu kimi, P.Hüseynovu "gizli qüvvələrə" işləməkdə suçlandırıb.

O deyib ki, hələ 3-4 il əvvəl adını açıqlamaq istəmədiyi bir nəfər şəxs bildiribmiş ki, Pənah Hüseynov "gizli qüvvələrə" bağlıdır və onun məxfi kodu "Mamedov"dur. Lakin digər məsələ də var ki, adıçəkilən funksioner burada yalnız P.Hüseynovu nəzərdə tutmur. Onun əsas hədəfi dolayısı ilə "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğludur. Xatırladaq ki, AXCP (i)-yə yaxın mətbuat orqanları bir neçə dəfə R.Arifoğlunu "xəyanətdə" suçlayıblar. Eyni zamanda, onu da bildirək ki, "Yeni Müsavat"ın baş redaktoru rəhbərlik etdiyi qəzetin hansısa əməkdaşının işi ilə bağlı bir neçə görüşlər keçirmişdi. O zaman AXCP (i)-yə yaxın qəzetlər bunu tamamilə başqa səmtə yönəltdilər və bundan yararlandılar. P.Hüseynovun da ortaya atılması sadəcə izi itirmək anlamına gəlir.

Güman etmək mümkündür ki, P.Hüseynov və R.Arifoğlu onlara ünvanlanan ittihamları cavabsız buraxmayacaq. Yəni cavab hücumları olaraq, R.Arifoğlu başlasa radikal müxalifət bir-birinə dəyəcək. Bu isə radikal düşərgədə növbəti narazılıq və parçalanmanın əsasını qoyacaq.

Onu da qeyd edək ki, AXCP (i)-nin hər zamankı əsas məqsədi Müsavatı daha da zəiflətmək, partiyanın həbsdə olan Arif Hacıyev qanadının əlinə keçməsinə mane olmaqdır. Müsavat rəhbərliyi bunu bilir və "İctimai Palata"dan kənarda yenidən mitinq keçirmək istəyir. Müsavatın başqa bir niyyəti aksiyanı keçirməklə burada hələ də əsas söz sahibi olduğunu göstərməkdir. A.Hacıyev bununla onu göstərməyə çalışır ki, həbsdə olsa belə mitinq keçirməyə qadirdir. Eləcə də başqan olmaq üçün şansını artırır. Həm də müxalifətə mesaj verir ki, Müsavat olmadan heç bir düşərgədaxili qurum güclənə, müstəqil aksiya keçirə bilməz. Lakin Müsavatın təkbaşına aksiya keçirmək qərarı AXCP (i)-nin sərt təpkisi və etirazları ilə yadda qalıb. Onlar bu qərarı xəyanət, satqınçılıq kimi qiymətləndirirlər. Müsavat rəhbərliyi isə bu ittihamlara qarşı tutarlı arqumentlərlə cavab verməyib. Və belə məlum olub ki, AXCP (i) düşərgə daxilində Müsavatı, onun funksionerlərini aşağılamaq, təhqir etmək xəttini tutacaq. Hətta azlıq "elektorata" ismarıc ünvanlanacaq ki, Müsavat partiyası bu "birliyi" istəmir. Bu isə istər-istəməz həm "İctimai Palata"nın, həm də ümumilikdə, radikal düşərgənin zəifləməsinə, partiyaların dağılmasına gətirib çıxaracaq faktorlardandır...


Rəfiqə Hüseynova

Digər xəbərlər