Müxalifət düşərgəsində təmsil olunan partiyaların birləşdikləri blok və qurumların dağılma və iflasa uğrama prosesləri davam etməkdədir. Bu dəfə "Vətəndaş Hərəkatı Forumu"nun təşəbbüsü ilə ALP, "VİP", "KXCP", "Ümid" və ADP sədrləri arasında aparılan müzakirələrin dayandırılmasına qərar verilib.
İlk öncələr bu barədə gedən söz-söhbətləri, proqnozları inkar edən partiya sədrləri artıq ayrı-ayrılıqda baş verənləri qəbul etmək məcburiyyətində qalıblar. İlk dəfə bunu ADP sədri Sərdar Cəlaloğlu etsə də, onun ardınca "Ümid" sədri İqbal Ağazadə də təmsil olunduqları "5-lər" formatının yararsız quruma çevrildiyini bilavasitə təsdiq edib. İ.Ağazadə mətbuata verdiyi açıqlamasında "5-lər"in toplantılarına moratorium qoyulduğunu deyib. Bu isə birbaşa formatın iflasa uğraması anlamını verir: "Təklif olunan variantlarla bağlı tərəflər ortaq mövqeyə gələ bilmədi. Hər kəs fərqli fəaliyyət prinsiplərini diqtə edir. Bu da, təbii ki, tərəflərin növbəti mərhələdə masa arxasında hansısa problemləri çözəcəyinə imkan vermir".
Müxalifət hər zamankı kimi, pərakəndə halda fəaliyyət göstərməklə bir-biriləri ilə didişmələrini davam etdirəcəklər. İ.Ağazadənin "təkcə seçki ilə deyil, ümumiyyətlə, partiyaların münasibətində fikir ayrılığı var" deməsi bu məsələnin gerçək tərəfini nümayiş etdirir.
Müxalifət partiyalarının bu və digər buna bənzər qərar vermələri isə siyasi təşkilatlar arasında yeni-daha dərin uçurumun yaranmasına gətirib çıxaracaqdır desək, heç də yanılmarıq. Düzdür, İ.Ağazadə "partiya rəhbərləri xoş münasibətlərlə ayrılmağa qərar verdi" deməklə nəyi isə gizlətməyə cəhd göstərsə də, ictimaiyyət müxalifət liderləri arasında normal atmosferin olmadığına çoxdan bəlli olub. Çünki ən azından "Beşlər" formatının "Altılar"dan endiyini də nəzərə alsaq, yəni "Beşlər"in "Altılar"dan əmələ gəldiyini görsək, burada azalma müşahidə edərik. Eyni zamanda, burada "birlik" ambisiyası önə sürülürdü. Ancaq bu ambisiya da müxalifətin növbəti "heç"i, yəni sıfır fəaliyyəti oldu. Məhz ona görə də "Ümid" sədri burada "birillik" ambisiyasının olmadığını iddia etməyə səy göstərib. Həmin birlik isə dağılıb. "Əslində, bu, birlik də deyildi. Sadəcə, ümumi birlik üçün danışıqlar aparmağı qarşımıza məqsəd qoymuşduq" deməklə İ.Ağazadə daha öncələr, format yarandığı dövrlərdən irəli sürdüyü fikirləri malalamaq fikrindədir. Müxalifətin isə özünü hətta malalamağa belə imkanı qalmayıb. Onların bacarıqsızlıqları və bacarıqsızlıqdan doğan bu kimi etirafları bunları söyləməyə imkan verir.
RƏFİQƏ