Müxalifətin köhnəlmiş, pas atmış liderlərinin yarıtmaz siyasi gedişləri onların rəhbərlik etdikləri partiyaların ictimai- siyasi proseslərdən kənarda qalmasına gətirib çıxarıb. Amma həyasızlığın pik nöqtəsi onda ibarətdir ki, müxalif düşərgəni qara günə salan partiya sədrləri sədrlik kreslosunu başqalarına güzəştə getmək istəmirlər. Ekspertlərin gəldikləri qənaət isə ondan ibarətdir ki, köhnələrin yenilərlə əvəz olunması yubandıqca müxalifət düşərgəsinin labirintdən çıxması mümkün olmayacaq. "Milli Qurtuluş Partiyası"nın sədri Vüqar Bəyturanın sözlərinə görə, radikal müxalifət partiya sədrlərinin yeniləri ilə əvəz olunmasına ciddi ehtiyac var. Bununla belə partiyaların ideoloji siyasi xətlər də dəyişməlidir: "Liderlər dəyişilsə və əgər əvvəlki liderlərin həyata keçirdiyi prinsiplər və yanaşma tərzləri davam edərsə, bu, hər hansı bir köklü fərqlənməyə gətirib çıxara bilməz. Burada əsas məsələ yanaşmanın fərqli tətbiq olunmasıdır. Əgər müxalifət rəhbərlərinin bu günə qədərki fəaliyyəti nə isə bir nəticəyə gətirib çıxarmayıbsa, təbii ki, burada köklü islahatlara gedərək məsələlərə baxış prizmasını dəyişmək lazımdır. Bu baxımdan, hesab edirəm ki, radikal müxalifət düşərgəsində indiyə qədər fəaliyyət göstərən liderlər özlərində güc taparaq buradakı fəaliyyətlərini təftiş etməlidir".
Partiya sədrinin sözlərinə görə, təftiş nəticəsində buraxdıqları səhvləri müəyyənləşdirərək, aradan qaldırmağa cəhdlər göstərməlidirlər: "Onlar bu günə kimi yeritdikləri səhv siyasət nəticəsində müəyyən nəticəyə gələ bilmədiklərini nəzərə alaraq siyasi meydandan getmələri ilə bağlı qərar qəbul etməlidirlər".
"Azadlıq" partiyasının sədri Əhməd Orucov isə bütün proseslərdə yenilənmələrə zərurət olduğunu bildirib: "Radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiyaların rəhbər orqanlarında bütövlükdə dəyişikliklər aparılmalıdır. Xüsusilə də, partiya liderlərini yeniləri əvəz edərsə, həmin müxalifət düşərgəsində müsbətə doğru bir çox yeniliklər baş verə bilər. Bu baxımdan, müxalifət partiyalarında yeni nəfəsli yeni şəxslərin önə çıxması daha vacib hesab olunur".
GÜLYANƏ