Bu günlərdə AXCP (i)-Müsavat partiyalarının "birləşmə" problemləri yenidən müxalifət düşərgəsində diskussiya mövzusuna çevrilməkdədir. Qeyd edək ki, hələ bu qərar açıqlanarkən, siyasi təhlilçilər belə bir qənaətlə çıxış edirdilər ki, vaxtilə qəbul edilmiş məlum qərarın arxasında müəyyən qaranlıq məqamlar olub və AXCP (i)-Müsavat cütlüyü könüllü şəkildə bu prosesə getmirdi.
Yəni hər iki partiya buna məhkum olub. Artıq dəfələrlə hər iki partiya barədə səslənən ehtimallar özünü bu gün doğrultmaqdadır. Bu günlərdə radikal müxalifət daxilindən sızan məlumat isə bunu bir daha təsdiqləmiş oldu. Belə ki, bir müddət öncə, ciddi maliyyə problemi ilə üzləşən AXCP (i) və Müsavatın anti-Azərbaycan meyilli Qərb dairələrinə bütün müraciətləri nəticəsiz qalmışdı. Həmin dairələr tərəfindən hər iki partiya qarşısında şərt qoyulmuşdu ki, yalnız birləşəcəkləri və parlament seçkilərində vahid siyahı ilə çıxış edəcəkləri təqdirdə, havadarlarından maliyyə yardımı ala bilərlər. Xatırladaq ki, AXCP (i) və Müsavatın parlament seçkilərinə birgə getmək barədə qərar qəbul etməsi və hər iki partiyanın vahid namizəd siyahısı müəyyənləşdirməsi də məhz Qərbən gələn sifarişin başlanğıcı idi. Başqa bir məlumatda isə qeyd olunur ki, Qərb dairələri ilə yaxından təmas quran fiqur sırasında AXCP (i) sədri Əli Kərimov dayanır. Məlumatda o da bildirilir ki, Ə.Kərimov öz mənafeyini reallaşdırmaq üçün Qərbdən dəstək göstərilməsi müqabilində həmin dairələrə bir sıra vədlər verib.
Əli Kərimov Qarabağı
satmaq üçün Qərbə hansı vədləri verib?
Həmin dairələrin Azərbaycanda maraqlarının təmin olunacağını vəd edən "Yurd" şefi Azərbaycanın Dağlıq Qarabağ məsələsində istənilən güzəştə gedəcəyi öhdəliyini də üzərinə götürüb. Vaxtilə ALP və "VİP"-lə birlikdə "Azadlıq" blokunda təmsil olunan AXCP (i) birdən-birə ənənəvi müttəfiqlərindən imtina edib adıçəkilən blokdan çıxaraq Müsavat partiyası ilə əməkdaşlığa can atmasının da kökündə məhz bu çirkin amil dayanırdı. ALP və "VİP"-lə Müsavat partiyası arasında kəskin qarşıdurmanın müşahidə edildiyi dövrdə AXCP (i)-nin də bu prosesə qoşulması, "cəbhəçilər"in Müsavat partiyasının ünvanına tənqidi, bir çox hallarda isə təhqiredici fikirlər səsləndirməsini nəzərə alanda, belə qənaətə gəlmək olar ki, AXCP (i)-Müsavat birliyinin arxasında məhz Qərb dairələrinin sifarişi, maliyyə amili dayanır. Bir-birinə qarşı barışmaz olan partiyalar və partiya liderlərini isə yalnız maliyyə amili birləşdirə bilər. Ümumiyyətlə, Azərbaycan ictimaiyyəti dəfələrlə müxalifətin Dağlıq Qarabağ məsələsindən sui-istifadə etdiyinin, öz maraqlarının təmin olunması üçün milli maraqlarımıza zidd təkliflər irəli sürdüyünün, müxtəlif vaxtlarda erməni lobbisi ilə işbirliyində olan xarici dairələrlə yaxından təmas qurduğunun şahidi olub. Təsadüfi deyil ki, erməni lobbisi ilə yaxın olub, onun maraqlarına xidmət edən xarici təşkilatlar, siyasətçilər və ekspertlər Müsavat və AXCP (i)-nin "qəhrəmanlarına" çevriliblər. Onların dövlətimizə qarşı irəli sürdüyü iddialar isə radikal müxalifət mətbuatı tərəfindən geniş işıqlandırılır.
"Üzərimə gəlsələr, arxivi aça bilərəm"
Digər maraqlı cəhət odur ki, AXCP (i)-Müsavat cütlüyü, bu partiyaların Azərbaycanın maraqlarına zidd addımı normal düşüncəli müxalifətçilər tərəfindən də kəskin şəkildə tənqid olunur. Məsələn, Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev də AXCP (i)-Müsavat cütlüyünün bir oyun olduğu qənaətindədir. H.Əliyev hesab edir ki, bir müddət əvvəl bir-birini söyən, təhqir edən insanların bu gün "birlik" adı ilə hansısa ideologiyadan danışması absurddur və bu "birlik" son nəhəyətdə iflasa uğrayacaq. H.Əliyev Ə.Kərimovun daim əmisi Ə.Elçibəyin adından istifadə etdiyini də vurğulayıb: "Bu adam hər zaman Elçibəyin adı ilə siyasi alver edir. Əgər Ə. Kərimov yenə də onun adı ilə divident qazanmaq istəyirsə, bu, alınmayacaq. Nə onun, nə də partiyasında təmsil olunanların Elçibəylə bağlılıqları yoxdur. Bu insanlar alverçidirlər. Ə. Kərimov Elçibəyə xəyanət etmiş şəxsdir və buna görə də onun cavabı tam sərtliyi ilə verilməlidir. Mən Elçibəyin sağlığında və dünyasını dəyişməsindən keçən illər ərzində Ə.Kərimovun ona olan xəyanətlərini saya bilərəm. İlk növbədə, əmimin onlara qoyub getdiyi partiyanı nüfuzdan salıblar. Mən Elçibəyin arxivinin sahibiyəm. Elə məsələlər var ki, üzərimə çox gəlsələr, aça bilərəm".
Əslində, bu cür səslənişlər təkcə bu insan tərəfindən ictimailəşmir. Çünki Ə.Kərimovun, İ.Qəmbərovun bu kimi siyasi dələduzluqları zamanında çox xəmir aparıb. Gürünür, onların bu, dəfəki yoğrulan xəmirləri tutmayacaq. Çünki onların əməllərində o qədər xəyanətlər var ki...
R.RƏSULOV