Ölkəmizdə çoxsaylı vətəndaş cəmiyyəti institutları timsalında təşkilat və qurumlar fəaliyyət göstərməkdədir. Həmin təşkilatların quruculuq, eləcə də, praktiki fəaliyyətlərində bir çox sferalar, istiqamətlər mövcuddur ki, bütün bunlar yalnız inkişaf və sağlam düşüncəli cəmiyyətin formalaşmasına, maarifləndirilməsinə xidmət edir. Eyni zamanda, tam demokratik və müstəqil şəkildə, genişmiqyaslı layihələr həyata keçirən bu təşkilatlar, bütün hallarda, vətəndaş cəmiyyətinin inkişafı müstəvisində maarifçilik prinsiplərinə sadiq qalır, hər bir vətəndaşa yönəltdiyi layihə istiqamətində aşılayıcı rol oynamağa səy göstərir.
Əfsuslar olsun ki, yuxarıda qeyd olunanlardan fərqli olaraq, qeyri-normal, inkişaf prinsiplərindən kənar QHT-lər də mövcuddur ki, həmin QHT-lər və onların rəhbərləri bilavasitə xarici maraqlara xidmət göstərirlər. Bu barədə istər qəzetimiz, istərsə də digər KİV-lər vasitəsilə ictimaiyyətə kifayət qədər məlumatlar verilmişdir. Bəs bu cür halların mövcudluğu daha hansı məqsədləri güdür və onlar kimə (nəyə) xidmət göstərirlər?
Müxalifət partiyaların siyasiləşmiş ruporları
Radikal müxalifət düşərgəsində baş verən son olaylara diqqət yetirsək, görərik ki, antidövlətçilik çağırışları, dövlət əleyhinə cinayətlər törədilməsinə sövq və bu kimi digər hallara yol verən siyasi partiyaların ruporları da məhz bu tip QHT-lərdir. Daha dəqiq desək, dağıdıcılıq və anarxiyaya meyilli radikalların öz istəklərinə uyğun taktikaları, qeyri-qanuni hərəkətləri nəticəsində həbs olunmaları sanki sözügedən QHT-lərin dəyirmanlarına su tökür. Və onların hamısı bir ağızdan başlayırlar cinayətkarların "təmizə çıxarılma" əməliyyatlarına. Həmin saat bütün xarici səfirliklərə, səfirliklərin siyasi partiyalarla iş qurumlarına müraciətlər qəbul olunur, və sair və ilaxır...Hətta vəziyyəti bəzən elə hallara gəlib çıxarır ki, səs-küy çıxararaq, sözün əsil mənasında, həyasızlıq edən QHT-lər tamamilə unudurlar ki, onların xidmət səlahiyyətləri siyasət sərhədlərini aşır.
R.Nurəddinoğlu