Son günlər müxalifət mətbuatında radikal müxalifət partiyalarının yenidən piket keçirmək istəyində olması ilə bağlı məlumatlar verilməkdədir. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı müxalifət partiyaların yenidən bu istəkdə olmasını "uğursuz addım" adlandırıb: "Əşi, nə qədər düşüncəsiz hərəkət etmək olar? Guya bu günə kimi, mitinq, piket keçirməyiblər? Nə əldə ediblər? Bunlar hamısı kimlərinsə öz şəxsi istəklərini həyata keçirmək üçün edilir.
Bir qrup müxalifət partiyaları var ki, 100-200 nəfərlə küçələrə düşüb haray- həşir qoparmağa çalışır, adını da qoyurlar ki, "biz mübarizə aparırıq". Birincisi, buna mübarizə demək olmaz".
S.Rüstəmxanlı, həmçinin, "İctimai Palata"nın özünü doğrultmadıqdan sonra həmin qurumda olan partiyalardan bəzilərinin "Kölgə parlamenti" deyilən əlavə bir qurum yaratmaq istəyində olmasına da münasibət bildirərək vurğulayıb ki, birləşmələr, ayrılmalar, qruplaşmalar, əslində, normal bir şeydir, amma nəticə etibarilə gərək hansısa xoş bir niyyətə xidmət etsin: "Bu gün açıq demək lazımdır ki, müxalifət arasında kifayət qədər soyuqluq yaranıb, qarşılıqlı ittihamlar çoxalıb. Xalq Cəbhəsinin yarandığı dövrdə olan birlik indi müxalifətdə yoxdur. İndi hər partiyanın öz marağı var. Amma nəzərə alaq ki, bu gün ölkəmizin ümummilli maraqları var və bu maraqlar ətrafında partiyalararası inteqrasiya getməlidir. Ona görə də, hansı adla adlanmasından asılı olmayaraq, bundan sonra yaranan hər hansı "birliyin" mənası yoxdur".
VHP sədri qeyd edib ki, payızda "Siyasi partiyalar haqqında" qanunda dəyişiklik ediləcək. İndidən həmin dəyişikliklərlə əlaqədar seçkilərdə uğur qazanmayan partiyalar barədə o qədər də müsbət fikirlər səslənmir" sualını cavablandırarkən aktiv siyasi partiyalara daha çox dəstək göstərməyin lazım olduğunu söyləyib: "Seçkilərə qatılan, müəyyən tələblərə cavab verən partiyalar maliyyələşdirilməlidir. Bu, dünyada mövcud olan təcrübədir. Bu gün Azərbaycan cəmiyyəti günü-gündən dəyişir və inkişaf edir. Dəyişən cəmiyyətdə, təbii ki, siyasi partiyaların sıraları da dəyişəcək. Ona görə də bütün bunlar həmin qanunda mütləq nəzərə alınmalıdır".
A.Səmədova