Hazırda radikal müxalifət düşərgəsində gedən proseslər bir-birini əvəzləsə də, həmin əvəzlənmələrin heç də müsbət rol oynamasını demək, yaxud da fikirləşmək düzgün olmazdı. Çünki cərəyan edən hadisələrin hər biri şəxsi ambisiyalar üzərində qurulmaqla yanaşı, düşərgədə inhisarçılıq meyillərini də aşkar şəkildə bəlli edir. Bu amil isə müxalifətin ümumiyyətlə bir yerdə ola bilməməsinə dəlalət edən faktor kimi qiymətləndirilməkdədir. Buna misal kimi "İctimai Palata" və "5-lər" formatını göstərmək mümkündür. Əgər nəzərə alsaq ki, parlament seçiklərindən sonra yaranan "İctimai Palata" adlı qondarma qurum guya uduzmuş müxalifətçilərin toplaşdığı məkan kimi qələmə verilirdisə, sonradan məlum oldu ki, oraya üzv olanların əksər çoxluğu qurum daxilindən kənara çıxmağa məcbur oldular. Çünki "İctimai Palata"da AXCP (i)-Müsavat cütlüyü, sözün əsil mənasında, "at oynadır" siyasi monopoliya üsulunu reallaşdırırdılar. Məhz bu səbəbdən də "İctimai Palata"nın ardınca müxalifətdə daha bir neçə siyasi birliklər yarandı ki, həmin birliklərin"palata"ya qarşı alternativliyi şübhə doğurmadı. Buna misal kimi "5-lər" formatını göstərmək mümkündür. Çünki həmin format daxilində keçmiş "palataçılar" da mövcuddur ki, öz qisaslarını "5-lər" daxilində almağı düşünürlər.
Eyni zamanda, bu cür fikirlərlə heç bir birliklərə qoşulmayan müxalifət təmsilçiləri də mövcuddur ki, onlar hər iki qurumu-həm "İctimai Palata"nı, həm də "5-lər" formatını yararsız birlik kimi görürlər. Belə ki, "Azadlıq" partiyasının sədri Əhməd Oruc bildirib ki, müxalifətin "Beşlər" formatı və ya "İctimai Palata"nın müxalifətin birliyinə nail olmaq səyləri qeyri-ciddidir, çünki həmin strukturların sistemli fəaliyyəti, əsaslandırılmış taktika və strategiyası ümumiyyətlə yoxdur: "Onların fəaliyyəti başqa ölkələrdəki hadisələrin imitasiyası və Azərbaycan siyasətinin gündəmində qalmaq cəhdləridir. Açığı, çox uğursuz cəhdlərdir".
Ə.Oruc hər iki qondarma birliyin bəzi Qərb təşkilatları tərəfindən ölkənin "ana müxalifət" obrazında qəbul edilməsini də düzgün hesab etmir. Bildirir ki, xarici təşkilatlardan fərqli olaraq, Azərbaycan cəmiyyəti onları heç zaman "ana müxalifətçi" qismində qəbul etməyib və etməyəcək. Belə ki, onların özlərinin özlərinə olan inamları da tamamilə itib: "20 ildir ki, Qərbdəki təşkilatlar, müxtəlif ölkələrin Bakıdakı səfirlikləri, müxtəlif donor təşkilatları həmin partiyaları cəmiyyətə ana müxalifət qismində təlqin etməyə çalışır. Lakin cəmiyyət zəmin partiyaların və təşkilatların liderlərinin arxasınca getmir. 20 illik uğursuzluqlar, bacarıqsızlıq və yarıtmaz fəaliyyət müxalifətin dediklərinə xalqda dərin inamsızlıq yaradıb. Özlərini müxalifət liderləri adlandıranların sözlərinə insanlar artıq əsla inanmırlar".
"Radikal müxalifətin fəaliyyəti cəmiyyətdə, xalqda qıcıq yaradır" deyən Ə.Oruc vurğulayır ki, əslində, onlardan müxalifət əsər-əlaməti qalmayıb: "Əksinə, belələrinin fəaliyyəti yalançı müxalifət sayılır, onların açıqlamaları cəmiyyətdə kəskin qıcıq yaradır. Ona görə də "İctimai Palata"nın uğursuzluğu labüddür. "5-lər"ə gəldikdə isə, həmin qrupda müxalifət partiyası görmürəm".
RÖVŞƏN