Prezident seçkilərinə hələ iki il qalmasına baxmayaraq müxalifət düşərgəsində çaxnaşma indidən başlayıb. Xüsusilə də, son vaxtlar Müsavatla münasibətləri kəskin və soyuq olan AXP "lideri" Pənah Hüseynovun verdiyi açıqlamaları, sözün əsil mənasında, Müsavat başqanının iç üzünü açmaqla yanaşı, həm də partiya daxilində əməllicə çaxnaşma yaradıb. Yaranmış çaxnaşmaya əsaslanaraq, tam əminliklə deyə bilərik ki, Müsavat funksonerləri, P.Hüseynovun təklif etdiyi kimi, qarşıdakı növbəti prezident seçkilərində partiyanın namizədi olmaq üstündə didişmə indidən davam edir. Lakin təkcə Müsavat deyil, eləcə digər müxalifət partiyaları, necə deyərlər, P.Hüseynovun əlindən "zəncir gəmirirlər". Məsələ burasındadır ki, P.Hüseynov onsuz da müxalifətin indiki acınacaqlı bir vaxtında, radikal düşərgə rəhbərlərinin əleyhinə və ən əsası isə "siyasi meyitə" çevrilmələrinə dair kəskin açıqlamalar verməklə, onları acınacaqlı situasiya qarşısına qoyub.
P.Hüseynovun verdiyi açıqlamalarından belə məlum olur ki, o, hazırkı, yəni radikal düşərgədə baş qaldıran "vahid namizəd" məsələsinin didişmələrə səbəb olduğu bir vaxtda "bütün müxalifət liderləri siyasi arxiv tullantısıdır" fikrini bildirib. AXP "lideri", həmçinin, onu da vurğulayıb ki, "bu siyasi tullantılardan biri də Müsavat başqanı İsa Qəmbərovdur, necə deyərlər, hiyləgər oyunları ilə müxalifətə quyu qazan". Onun sözlərinə görə, İ.Qəmbərov ölkədə keçirilən bütün seçkilər ərəfəsi hay-küyçülüklə məşğul olub boş vədlər verərək, seçkilər zamanı rüsvayçı məğlubiyyətlə üzləşib. P.Hüseynovun açıqlamalarından aydın görünür ki, bir-biri ilə əsil düşmən münasibətlərində olan radikal düşərgə təmsilçilərinin, nəinki vahid namizəd məsələsində bir araya gələcəkləri mümkündür, heç bu adamlar öz aralarında bir kəlmə kəsməyə də malik deyillər.
AXP "lideri", eyni zamanda, müxalifət düşərgəsində olan "liderlər"in simasızlığını da qeyd edərək bildirib ki, bunların hər biri hər gün qəzet səhifələrində bir-biriləri haqqında küçə söyüşləri səviyyəsində "ifadələr" işlədir, hətta ailə-məişət mövzusunda belə yöndəmsiz fikirlər səsləndirirlər: "Məsələn, İ.Qəmbərovla AXCP (i) sədri Əli Kərimovun, "Milli Birlik Hərəkatı"nın sədri Lalə Hacıyeva ilə ADP sədri Rəsul Quliyevin bir araya gəlməsini təsəvvür etmək qeyri-mümkündür. Belə olan halda, növbəti - 2013-cü ildə keçiriləcək prezident seçkilərində müxalifətçilərin elə özlərinin bir-birlərinə qənim kəsiləcəkləri izaha və aydınlaşmaya ehtiyacı olmayan bir həqiqətdir. Çünki xalqın dəstəyi olmayan namizədin yolu uğursuzluqdur və bu 20 il ərzində bunun şahidi olmuşuq. Bir də Əli Kərimov, İsa Qəmbərov, Sərdar Cəlaloğlu, Lalə Hacıyeva kimilər müxalifətin məhvinə səbəb olduqları halda, nəyə arxalanırlar? Mən buna tam əminəm ki, bu adamlar qarşıdakı yeni ilə siyasi meydandan təcrid olunmaqla daxil olacaqlar".
Bir çoxları bunu, P.Hüseynovun başqandan qisas alması kimi qiymətləndirsələr də, əksəriyyət onun açıqlamasının partiya daxilindəki qüvvələrin maraqlarına xidmət etdiyini qeyd edirlər. Çünki onun bəzi partiya funksionerləri ilə əməkdaşlıq etdiyi vurğulanır. Elə buna əsas sübut isə, P.Hüseynovun Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyev və "Yeni Müsavat" qəzetinin baş yazarı Rauf Arifoğlunun qarşıdakı prezident seçkilərində partiyanın namizədi kimi çıxış etməsinə dair dedikləridir.
Müxalifət düşərgəsində keçirilən sorğunun nəticəsinin düzgün olduğunu deyən P.Hüseynov vurğulayıb ki, mərkəzi icra aparatının rəhbəri A.Hacıyev həbsdə olmasına baxmayaraq, R.Arifoğlu ilə üstünlük təşkil ediblər. O bildirib ki, digər müsavatçıların namizəd qismində seçkilərə qatılması mümkünsüz məsələdir. P.Hüseynov, yəqin ki, bunu onun müsavatçılar arasında mövcud mənfi imici ilə əlaqələndirir.
R.Hüseynova