Ölkəmizdə bir çox müxalif partiyalar mövcuddur ki, həmin partiyaların da mövqeyi ilə xalqın mövqeyi üst-üstə düşmür. Belə olmasaydı, bizim məşhur "bəy"lər neçə illərdir ki, hakimiyyət üzünə həsrət qalmazdılar. Necə deyərlər, müxalifətin havası çoxdan çalınıb. Hərdən xarici dövlətlərdən pul-para alırdılar, artıq bu imkandan da məhrum olublar. Yəni xalqın inamını qazana bilməyən "bəy"lər xaricilərin də inamsızlığı ilə üzləşiblər. Çətin vəziyyətdə qalan müxalifət başbilənləri adı gurultulu çıxan bir neçə "siyasi birlik"lər yaratmaq qərarına gəlirlər. Belə qurumlardan biri də "İctimai Palata" adlanan, heç bir əhəmiyyət kəsb etməyən siyasi təşkilatdır.
Müxalifət "bəy"ləri ərəb dünyasındakı proseslərdən ruhlanaraq, Azərbaycanda da ictimai asayişi pozmağa çalışdılar. Bir neçə nəfərlə paytaxtda siyasi şou düzəltdilər ki, bu da heç bir önəm daşımadı. "Bəy"lər anlamırlar ki, ölkəmizdəki vəziyyətlə ərəb dünyasındakı vəziyyət eyni deyil. Azərbaycan günü-gündən inkişaf edir, demokratik yolla gedir və respublikamızda ədalətli şəkildə seçkilər keçirilir.
Müsavat başqanı İsa Qəmbərov "Yeni Müsavat" qəzetinə müsahibəsində qeyd edib ki, biz hansı yolla olur-olsun hakimiyyətə gələcəyik. Müsavat başqanı onu da qeyd edib ki, bizim bir məqsədimiz var, o da hakimiyyətə gəlməkdir. Yəni müxalifət "bəy"lərini xalqın istəyi deyil, yalnız öz istək - maraqları düşündürür. Məlumdur ki, xalqımızın bir istəyi var ki, o da Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini tapmasıdır. Lakin görünür, İ.Qəmbərov kimilərini torpaq problemi heç də narahat etmir. Onları yalnız vəzifə maraqlandırır. Necə deyərlər, ac toyuq yuxuda darı görər. Görünür, "bəy"lər yuxularında hələ çox vəzifə görəcəklər. Müxalifət funksionerləri, görəsən, bu sualı özlərinə veriblərmi ki, onlar yenidən hakimiyyətə gəlsələr (təbii ki, bu, mümkün deyil), nə edəcəklər. Axı ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyü nəyə görə, hakimiyyətlərini qoruya bilmədilər? Bunun bir neçə səbəbi var. Birinci səbəb budur ki, onlar hakimiyyətə gəldikləri ilk gündən vəzifə uğrunda dava etdilər. Hətta başları o qədər vəzifə savaşına qarışdı ki, Dağlıq Qarabağ ətrafında gedən proseslərdən xəbərsiz oldular. Daha doğrusu, torpaqlarımızın işğalına biganə yanaşdılar. Digər səbəb isə odur ki, onların maraqları ilə xalqımızın maraqları üst-üstə düşməyib.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda sağlam düşüncəyə malik müxalifət yoxdur. "İctimai Palata" kimi qurumlar isə, formal xarakter daşıyır. Yəni ölkəmizin, vətəndaşlarımızın ümummilli maraqlarına zidd bir təşkilatdır. Adıçıkilən qurumun kordinasiya şurasına rəhbərlik edən Arzu Səmədbəyli mətbuata açıqlamasında qeyd edib ki, "İctimai Palata" 100 min adamın iştirakı ilə nümayiş keçirmək fikrindədir. A.Səmədbəyli, görəsən, düşünmür ki, müxalifət nəinki 100 min nəfər, heç 100 nəfərdən də ibarət adamla mitinq keçirmək iqtidarında deyil. Nəyisə arzulamaq yaxşı şeydir. Gərək arzularınla reallıq arasında bir yaxınlıq olsun. Yəni Arzu "bəy"in arzusu heç zaman baş tutan deyil. Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Gərək bizim "bəy"lər ayaqlarını yorğanlarına görə uzatsınlar. Artıq bu gündən belə onların hakimiyyətə gəlməsi mümkünsüzdür. Çünki Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir.
ANAR