20 ilə yaxındır ki, fəaliyyət göstərən radikal müxalifət liderləri bu müddətdə heç bir ictimai dəstək əldə edə bilməyiblər. Səbəb isə onların qrup maraqlarından çıxış etmələri və xarici maraqlı qüvvələrin tələblərinə uyğun fəaliyyət yolu tutmalarıdır. Bu baxımdan, düşünmək olar ki, əgər müxalif partiyaları daxilində ciddi dəyişikliklər, xüsusilə də, sədrlər yenilərlə əvəz olunarsa, müxalifət düşərgəsində müsbət dəyişikliklərə ümid bəsləmək olar. Bəzi partiya sədrləri də bizimlə söhbətlərində radikal liderlərin yeniləri ilə əvəz olunmasına zərurət olduğunu bildirdilər.
Teyyub Qənioğlu,
"Təkamül" partiyasının sədri:
- Azərbaycanda fəaliyyət göstərən partiyaların yaranmasının əsasında iki səbəb durur. Birincisi, həmin partiyalar vahid ideya ətrafında birləşən insanların yaratdığı bir qurumdur. İkincisi, vahid lider ətrafında formalaşan partiyalardır. Ölkəmizdə formalaşan partiyaların əksəriyyəti lider ətrafında formalaşan partiyalardır. Yəni kimsə irəli çıxaraq hər hansı bir ideyanı irəli sürür və həmin ideyanı öz ətrafında toplayır. Ona görə də, müxalifət düşərgəsində fəaliyyət göstərən liderlərin yeniləri ilə əvəzlənməsi prosesi çox zəif gedir. Bir sözlə, yaxın müddət ərzində hər hansı bir partiyada liderlərin yeniləri liderlər ilə əvəz olunmasına inanmıram. Təbii ki, radikal müxalifətdə fəaliyyət göstərən partiya rəhbərləri yenilərlə əvəz olunarsa çox yaxşı olardı. Çünki müxalif partiyaların yeni nəfəsli liderlərə ehtiyacı var. Əgər belə bir proses baş verərsə, müxalifət düşərgəsində bir çox müsbətə doğru yeniliklər baş verə bilər. Yəni sözügedən partiyaların əhval-ruhiyyəsi tamamilə yaxşılığa doğru dəyişilə bilər. Amma yaxın müddət ərzində belə bir prosesin baş verməsinə inandırıcı görünmür.
Zöhrab Abdullayev,
BAXCP-nin sədr müavini:
- Təbii ki, radikal müxalifət düşərgəsində olan partiya sədrlərinin dəyişilməsi sözügedən düşərgədə bir çox yeniliklərə səbəb olar ki, bu da yaxşılığa doğru atılan addım hesab oluna bilər. Düşünürəm ki, artıq qeyd olunan partiyalara rəhbərlik edən sədrlərin dəyişilməsinin vaxtı çatıb. Onsuz da gec-tez bu istiqamətdə yeniləşmə prosesləri aparılmalıdır. Əgər radikal müxalifət partiyalarına yeni fikirlərə malik olan yeni liderlər gələrsə, həmin partiyalarda müsbətə doğru bir çox addımlar atıla bilər. Əlbəttə ki, müxalifət partiyalarının kreslosunda oturan sədrlərin, yeni sədrlər ilə əvəz olunması, yeni bir inkişafın baş verməsi deməkdir. Uzun illərdi ki, ölkədə radikal müxalifət partiyaları fəaliyyət göstərir. Bir sözlə, sözügedən partiya rəhbərlərinin apardığı siyasət nəticəsində onlar heç nə əldə edə bilməyib. Bir sözlə, bu kimi partiyalara yeni liderlərin gəlməsinə ciddi ehtiyac var. Fikrimcə, radikal müxalifət düşərgəsində olan partiya liderlərinin dəyişilməsi orada gedəcək proseslərdən asılı məsələdir.
GÜLYANƏ AĞAKƏRİMOVA