Ötən həftənin sonlarında ALP lideri Lalə Hacıyeva "KXCP" sədri Mirmahmud Fəttayevin dəvətilə partiya qərargahına təşrif buyurub. Düzdür, bu görüş ətrafında mətbuata müfəssəl açıqlamalar verilməsə də, hər zamankı kimi beş on-cümləlik məlumatlarla kifayətlənilib. Belə ki, həmin beş - on cümləlik məlumata görə, görüşdə guya ictimai-siyasi durum və mövcud vəziyyətdən çıxış yolları müzakirə edilməklə yanaşı, siyasi təşkilatların fəaliyyətlərinin bir hərəkatda uzlaşdırılması da əsas müzakirə mövzusu olub (?!) Və maraqlıdır ki, bu barədə iki lüzumsuz suyasi qurum - "KXCP" və ALP "müzakirə" aparıb. Buna isə sadəcə gündəmdə qalmaq cəhdi adı verilsə idi, daha yaxşı olardı.
Əgər nəzərə alsaq ki, həm "KXCP", həm də ALP bir siyasi təşkilat kimi son nəfəslərini verən siyasi təşkilatlardır, bu zaman həqiqətən də, onların görüntü xarakteri alan görüşləri özündə heç bir mənanı ehtiva etmir.
Lakin ortada maraqdoğurucu məqamların da olması var ki, həmin nüanslardan biri də, M.Fəttayevin 2005-ci ildə olduğu kimi, L.Hacıyevanın "egidası" altına keçmək arzusudur. Xatırladaq ki, hələ o zamanlar, yəni 2005-ci ilin parlament seçkilərindən öncə, M.Fəttayev ALP ilə əməkdaşlığa getmiş, sadəcə, "VİP" sədri Əli Əliyevin, AXCP (i) sədri Əli Kərimovun müdaxilələrindən və narazılıqlarından sonra geriyə addım atmışdı. Artıq bu gün ALP- nin yanında nə "VİP", nə də ki, AXCP (i) dayanıb. Bu boşluqdan istifadə edən "KXCP" sədri partiyasının müxalifətdaxili mövqeyini az-çox möhkəmləndirməkdən ötrü yenidən L.Hacıyevaya ağız açmağı özünə ar bilməyib. Adını da qoyub ki, guya müxalifətdəki siyasi təşkilatların bir hərəkatda formalaşdırması istiqamətində danışıqlara gedir. Necə ola bilər ki, sıfır idarəçilik təsiri bağışlayan M.Fəttayev öz dərd-sərinə qalmaqdan yana, digər siyasi təşkilatları bir hərəkatda birləşdirmək barədə xəyallara dalır? Əlbəttə ki, bu amil mətbuata sızdırılmış köhnə, işlənmiş siyasi blefdir və bu blefin arxasında bütövlükdə "KXCP"-nin daim asılı durumda olması amili dayanır.
ALP-yə və onun liderinə gəldikdə isə, hazırda həmin partiyada da daxili vəziyyətin normal olmadığı gözlər önündədir. Partiya sədri Əvəz Temirxanın "KXCP" sədri M.Fəttayevə qarşı daima antipatik hisslərlə cilovlanması, onu müxalifət düşərgəsinin "ölü siyasətçisi" adlandırması onsuz da gərgin olan vəziyyəti daha da qəlizləşdirib. L.Hacıyevanın Ə.Temirxanla məsləhətləşmədən "KXCP" qərargahına getməsi və danışıqlar aparması ikincinin qəzəbə gəlməsi ilə nəticələnib. ALP daxilindən sızan məlumata görə, əgər partiya "KXCP" ilə birgə koalisiya qursa, Ə.Temirxan L.Hacıyevaya qarşı adekvat addım ataraq "5-lər" formatından çıxıb "İctimai Palata"ya üzv olacaq. Hətta bu barədə qəti fikirdə olduğunu deyən ALP sədri öz liderinə bu barədə fikirləşmək üçün bir həftə vaxt verdiyini deyib. Nəticədə ötən həftə "KXCP"-ALP görüşünün L.Hacıyeva timsalında baş tutması legitim hesab edilməyib. Yəni qısaca desək, müxalifət partiyalarının budəfəki siyasi blefləri də uğursuzluqla nəticələnib.
R.RƏSULOV