PDF Oxu

Müxalifət

  • 18

“Ümid” partiyası  qurultayını keçirə bilmir

“Ümid” partiyası qurultayını keçirə bilmir

Digər radikal müxalifət partiyalarında olduğu kimi, "Ümid" partiyasında da qurultayın keçirilməsi böyük problemə çevrilib. Belə ki, partiya daxilində yaranmış çoxtirəlik və özbaşınalıq sədr İqbal Ağazadəni çaş-baş durumda qoyub. Hələ bir müddət öncə, "Ümid"in qurultayı tam zamanında keçiriləcək və buna heç kimin şübhəsi olmasın" deyən İ.Ağazadənin özündən razı halda açıqlama verməsi indi onun başına ciddi dərd açıb. Partiyanın sədr müavinləri və funksionerləri isə bu günlərdə "Ümid" sədrindən geniş tərkibli iclasın keçirilməsini tələb edirlər.

Onlar rayonlarda yerli təşkilat konfranslarının sönük şəkildə keçməsində, eləcə də, bir çox şöbələrdə hələ də konfransların keçirilməməsində bilavasitə sədri günahlandırırlar. Əsas iddialardan biri də odur ki, İ.Ağazadə hələ bu vaxta qədər bir dəfə də olsun rayon təşkilatlarına baş çəkməyib, onların partiyadaxili problemləri ilə maraqlanmayıb. O cümlədən, bildirilir ki, İ.Ağazadə qəsdən bu prosesi uzadır ki, qurultay keçirilməsin və onun barəsində yaranmış mənfi rəylər unudulsun. Çünki konfranslar baş tutsa, qurultay keçirilsə, "Ümid" partiyasında yeni sədrin seçilməsi qaçılmaz olacaq. Həmçinin, yaşanan problemlərdən biri də konfranslara qatılacaq nümayəndələrin say azlığıdır. Çünki keçirilməsi nəzərdə tutulan bir-iki konfransda kvorum olmayıb və nəticədə yığıncaqlar təxirə salınıb. Eyni zamanda, konfransa təqdim olunan nümayəndələr arasında da ikitirəliklər yaşanmaqdadır ki, onlar bir-birləri ilə bəhsə girərək öndə olmağa səy göstərirlər. Bu isə, onu deməyə əsas verir ki, "Ümid" partiyasının qurultayının keçirilməsində ciddi problemlər var və həmin problemlər çərçivəsində İ.Ağazadənin barmağının olması şəksizdir.

Bu barədə müxalifətyönlü saytlardan birinə müsahibə verən "Ümid" partiyasının sədri İ.Ağazadə bildirib ki, hələlik, qurultayın keçiriləcəyi gün bəlli deyil. Lakin şəxsi ambisiyalarını müdafiə etməkdən ötrü təşkilatdaxili oyunlarını gizlətməyə səy göstərən partiya sədri bəzi yerli təşkilatlarda konfransların keçirildiyini bildirib: "Qurultayın keçiriləcəyi gün bəlli olmasa da, bir sıra yerli təşkilatlarda konfransların keçirilməsi davam edir. Hətta əksər təşkilatlar öz konfranslarını keçiriblər. Amma elə şöbələrimiz var ki, orada bu proses baş tutmayıb".

Onun bu cür münasibətindən bir daha aydın olur ki, sədr müavinləri və funksionerlərin narazılıqlarını ört-basdır edən partiya sədri səthi olaraq bəzi şöbələrdə konfransların keçirilməməsini deyir. Ancaq onun qurultay barədə dedikləri bütün kartlarını aşkar şəkildə ortaya qoyur: "Bu proses başa çatdıqdan sonra qurultayın keçiriləcəyi günü müəyyən edə bilərik". Bu isə, o deməkdir ki, İ.Ağazadə tərəfindən bilərəkdən uzadılan prosesin əsas məqsədi qurultayın keçirilməməsidir. Əgər bu hadisə baş versə, "Ümid" sədrinin növbəti mərhələdə təşkilat rəhbəri olması böyük sual altında qala bilər.


R.Rəsulov

Digər xəbərlər