Müxalifətin budəfəki seçkilərdə də passivliyi, daha dəqiq desək, iştirak etməyə səy göstərməməsi özünü tam şəkildə göstərdi. Təkrar bələdiyyə seçkilərində müşahidə olunanlar bunu deməyə əsas verir. Maraqlıdır ki, bu passivliyi müxalifət təmsilçilərinin özləri də etiraf etməkdədirlər. Belə ki, AMİP funksioneri Əli Oruclu da müxalifətin bir olmamasını, nöqsanlara yol verdiyini, eləcə də, digər çatışmazlığını açıqlayıb. Müxalifət partiyalarının seçkilərdən uzaq qalmasını qeyri-müsbət göstərici kimi dəyərləndirən AMİP funksioneri onu da əlavə edib ki, bu amil həmin siyasi təşkilat üçün mənfi cəhətdir: "Hesab edirik ki, hər hansı bir partiyanın seçki prosesindən kənarda qalması heç də müsbət göstərici deyil. Əgər hansısa partiya ölkədə keçirilən bu və ya digər seçkilərdə iştirak etmirsə, onda həmin partiya barədə həm cəmiyyətdə, həm də ölkədən kənarda mənfi imic formalaşır. Ona görə də partiyaların əsas məqsəd və vəzifələrindən biri məhz ölkədə keçirilən seçkilərdə iştirak etmək, müəyyən uğur qazanmaq və həmin nailiyyətlərdən digər seçkilərdə istifadə etmək olmalıdır. Lakin təəssüflər olsun ki, müxalifət hələ də qış yuxusuna dalıb".
Ardıcıl nöqsanlara da münasibət bildirən Ə.Oruclu bildirib ki, müxalifətin birliyi olmadan hər hansı irəliləyişdən danışmaq mümkün deyil: "Müxalifət ölkədə keçirilən bu və ya digər seçkilərdə o zaman uğur qazanar ki, keçmişdə yol verdiyi nöqsanları təkrarlamasın. Hələlik, təəssüf ki, biz bunu görmürük. Mən bunu Azərbaycan Milli İstiqlal Partiyası daxil olmaqla bütün siyasi partiyalara şamil edirəm".
Digər müxalifət partiyalarına da mesaj yollayan Ə.Oruclu həmin partiyaların AMİP-ə qarşı apardıqları ikibaşlı oyunların özlərinə zərbə olacağını bildirib: "Digər partiyalardan fərqli olaraq biz səmimi şəkildə əməkdaşlıq və qarşılıqlı anlaşmanın tərəfdarıyıq. Bir çoxları AMİP-i müxalifətin birgə mübarizəsinə qarşı çıxan partiya kimi qiymətləndirsə də, bu, belə deyil. Ancaq digər partiyalarda qarşılıqlı səmimiyyəti görmürük. Mütəmadi olaraq kütləvi informasiya vasitələrinin səhifələrində ayrı-ayrı partiya funksionerləri tərəfindən AMİP-in ünvanına qərəzli və əsası olmayan fikirlər səsləndirilir. Sanki hər seçki ərəfəsində bu bir missiya kimi ortaya atılır və məqsəd də o olur ki, seçkilərdə AMİP-in iştirakının qarşısı alınsın. Ona görə də, hələlik, seçkilərdə müxalifətin birgə iştirak edərək, hər hansı uğur qazanacağını görmürəm".
Rəfiqə