Hər gün yeni bir bəyanat, hər dəqiqə sərsəm çıxış və hər saniyə özbaşına hərəkət. Ən əsası gecə yatanda da belə Azərbaycanın əleyhinə düşünmək. Bu məsələ bir tərəfdən elədir ki, elə bil ki, zalım uşaqları lehinə olmağı bacarmırlar. Məsələn, respublikada ümumi sorğu keçirilsə ki, qatıq nə rəngdədir? Bu zaman bizim "müqəddəs və inadkar" "İP" üzvləri deyəcəklər ki, yox qardaş, qatıq qaradır və bunu da belə hakimiyyət edib. Yəni bir növ bu hər şeyə "yox" demək fikri mənəviyyatın, şəxsiyyətin özünün də yoxluğundan irəli gəlir.
Keçən il İngiltərənin nüfuzlu jurnallarından biri Azərbaycan radikal müxalifətini "rəhmətliklər" adlandırmışdı. O zaman radikalların səsi çıxmamışdı. Bunun nə dərəcədə düz olduğunu möhtərəm radikallar daha yaxşı bilir. İndi isə İngiltərənin "Qardian" jurnalının kəmsayağı yazılarına bizim radikallar sevinir. Deyirlər ki, düz yazıblar. Onu da sizin vicdanınızın öhdəsinə buraxırıq, fikirləşin. Məşhur filmdə deyilmişkən, vallah, ağlınıza at təpib. Həzrət Abbas haqqı, Azərbaycana pis, iyrənc şeylər arzulamağın və bunu gözləməyin sizə heç bir xeyiri olmayacaq. Həqiqətən də, siz rəhmətə getmiş kimi bir şeysiniz, artıq 15 ildən artıqdır ki, limitiniz bitib-tükənib. Hətta dünyada ölkələr bir-birinə dəysə belə, yenə də sizlər heç nə qazanmayacaqsınız. Sərdar Cəlaloğlu demişkən, hələ bir gedib öz gənələrinizi təmizləyin, ayırd edin ki, kim kimdir, bir-birinizlə dil tapın və daha nələr...
Müsavatçılardan biri deyir ki, İsa Qəmbərov başqanlıqdan getsə, Müsavat partiyasında onun haqqında xüsusi bir sənəd hazırlanacaq və yenə də partiyada müstəsna səlahiyyətli şəxs olacaq. Məni qınayana nə isə demək istəmirəm, amma deməyə də bilmirəm. Məsələn, mən əminəm ki, İsa "bəy" Qəmbəryan əgər ölkə rəhbəri-zadı olsaydı (ağzımızdan yel alsın, bir qələtdir elədik) özü haqqında ən azı beş-altı qanun layihəsi hazırlatdırardı. Biri İsa "bəy" uşaqlığı haqqında (burada onun məktəb və futbol oynamağından bəhs olunacaq), biri gəncliyi haqqında (onun agentliyindən danışılacaq), biri də 90-cı illərin əvvəllərində onun qəlyana dövlət modeli kimi baxmasından nəql olunacaq. Bu adamın Müsavat üçün nə elədiyini mən dərk edə bilmirəm. 20 ildə 5 dənə deputatı parlamentə sala bilməyən başqanın liderlikdən danışmağa haqqı yoxdur.
Vacib məsələni qeyd edim. İsa " bəy " əmin olub ki, "İP" ona dəstək olacaq, lakin belə deyil. Elə dünən "İP"-in ipi qırıq üzvlərindən biri dedi ki, İsa Qəmbərova heç bir inam yoxdur, o özünü doğrultmadı və Əli Kərimov isə, hələlik, tək qalmasın deyə onu yanına alıb. İnsan bədbəxtdirsə, onun səbəbini Allahında və özündə axtarmalıdır. O da aydındır ki, İsa "bəy" nə Allahı dərk edən, nə də özü-özünə dəqiq qiymət verən adam deyil. Elə buna görə də dişi kimi tutdu, onu da dişləyir.
İnan ki, adam radikalların hərəkətlərinə heyrət etməyə bilmir. Hərəsi birin aldadıb aparır "İP"-ə. Düz 3 gün bundan öncə təsadüfən rastlaşdığım bir adam mənə dedi ki, mən də "İP"-ə üzv oldum. Niyəsini soruşmağa imkan vermədi. Dedi ki, bankdan kreditlə pul götürmüşdüm, aylıq 50 manat pul ödəməli idim. Lakin bir az məsulliyyətsizlik edib ödəmədim, halbuki ödəyə bilərdim, 50 manat nədir axı?! İndi məni məhkəməyə veriblər ki, gətir pulu ödə. Amma dostum qoymur, deyir ki, ödəmə, dəli olma, batıb gedəcək. Çox o yan-bu yan eləsələr, "Azadlığ"a, "Yeni Müsavat"a verərik, onlar da qalar mələyə-mələyə. Və bu gün də məni hər ehtimala qarşı "İP"ə üzv edib. İnan ki, birini də özümdən quraşdırmıram. Kişi nə deyibsə, olduğu kimi deyirəm. Açığı, mən bir şey başa düşmədim. Bu qədər məntiqsiz danışıq, bu qədər məntiqsiz və anlaqsız formada "İP"ə üzv olmağı mən qavraya bilmirəm. Əlbəttə ki, "İP"-i quranlar heç bilmirlər ki, bunu niyə və nədən ötrü yaradıblar. Qaldı ki, həmin kişinin mənimlə səmimi söhbətinə bir şey başa düşdünüzsə, daha nə bilim... Yəni insanları aldadıb say çox olsun deyə kəndirbazlar kimi "İP"ə düzmək lazım deyil.
"İP"-ə gözəl formada reklam da vermək olar. Məsələn, televiziyalarda vermək olar ki, "dədə-nənəsindən küsənlər və onlar müdafiə palatası", "milli kəndirbazlar və kəlləmayallaqlar yığnağı", "ipi qırıqlar və nevroz radikallar mərkəzi" və sairə.
Məncə, pis fikir deyil. Buyursun televiziyalarımız da bu reklamı yerləşdirsinlər. Sən öl, minlərlə adam ora axışacaq. Ondan sonra başlayın işləməyə. Bax, sizə bir də belə dəyərli məsləhət verməyəcəm ha...
Samir FEYRUZOV