PDF Oxu

Müxalifət

  • 26

İsa Qəmbərov acı durumda olduğunu etiraf edib

İsa Qəmbərov acı durumda olduğunu etiraf edib

Özünü müxalifət partiyalarının gah "atası", gah da "anası" hesab edən Müsavat başqanı İsa Qəmbərov müxalifətyönlü saytların birinə verdiyi müsahibəsində özündən narazı qaldığını da dilə gətirib. Belə ki, onun özü də bilmədən, dilinə gətirdiyi həqiqi etirafları istər Müsavat partiyasının fəaliyyətini (fəaliyyətsizliyini-R.R.) ayrılıqda, istərsə də təmsil olunduğu "İctimai Palata"nın düşdüyü acı durumunu bütövlükdə nümayiş etdirmiş olur. Bu amil həm də radikalizmin nə qədər dağıdıcılığa, anarxiyaya meyilliyini ortaya çıxaran ifşaedici məqam kimi də dəyərləndirilə bilər. Bir sözlə, İ.Qəmbərov çıxılmaz durumda olduqlarını gizlədə bilməyib.

"Müsavat, AXCP (i), digər siyasi partiyalar bir araya gələrək, "İctimai Palata" yaratdı" deyən İ.Qəmbərov nədənsə "palata" daxilindəki çaxnaşmalar və istefalar barədə bir kəlmə də olsun söz deməyib. Bu gizlətmə meyilləri də onu deməyə əsas verir ki, "biz güclüyük" kimi pafoslu bəyanatlar səsləndirən Müsavat başqanı necə gücsüz, xarici qüvvələrdən asılı vəziyyətdə qaldığını bariz şəkildə sərgiləyib. Bunu onun sonrakı cümləsində də hiss etmək çətinlik yaratmır: "Cəmiyyətimiz fəal olmayanda, bunu deyirik".

Yəni Müsavat başqanı öz zəifliyini, gücsüzlüyünü, davamlı məğlubiyyətlərini utanıb-qızarmadan ayrı-ayrı fərdlərin üzərinə yıxmağa səy göstərir. Onun bu cür ifadəsindən anlaşılır ki, əgər müxalifət hər hansı siyasi etapları, seçki mərhələlərini keçə bilmirsə, günahkar onlar deyil, xalqdır (?!) Əslində iç üzünü ifşa edən İ.Qəmbərovun bu tipli açıqlamaları bir daha isbat edir ki, onlar müqəddəs xalq amilindən hər zaman sui-istifadə ediblər, kütlədən yararlanmağa çalışıblar. Bəs bu, nə dərəcədə düzgündür? Bir halda ki, xalq anarxiyaya, xəyanətkar, satqınçılıq siyasətinə yox deyirsə, bu xəyanətkar, anarxiyapərəst qüvvələrin günahıdır. Daha dəqiq desək, radikal müxalifət zamanında sivil, siyasi-etik, normal mübarizə ənənələrinə uyğun fəaliyyət göstərsə idi, haradasa müəyyən uğurlar qazanmağa müyəssər olardı. Əgər bu sivil fəaliyyət yolu seçmirsə, demək xalqı da günahkar çıxaramaq ən azından xəyanətdir! Və xalq nəyə görə onları müdafiə etməlidir?! Müsahibəsində Müsavatın qurultayının keçirilməməsinə də mala vuran İ.Qəmbərov, təbii ki, burada da bütün günahlarını başqa səmtə yönəltməyə çalışıb. Nə qədər gülünc və gülünc olduğu qədər özündə ağ yalanları birləşdirən cavabında nala-mıxa vuran Müsavat başqanı nə desə yaxşıdır? Məsələn, deyir ki, partiyanın qurultayının keçirilməsinə guya hakimiyyət mane olur. Amma İ.Qəmbərov bir dəfə də olsun dilinə gətirmir ki, son ərəfələrdə və ondan da öncə bir neçə müxalifət partiyası öz qurultaylarını rahat şəkildə keçirməyə müvəffəq olub. Eləcə də, Müsavat partiyası öz qurultayını keçirmək arzusundadırsa, bunu edə bilər. Sadəcə, Müsavat partiyası öz qurultayını keçirə bilmək gücündə deyil. Ona görə də bu dəfə xalqdan sonra növbəti günahı hakimiyyətin üzərinə yıxmağa cəhd edir. Müsavat partiyası nə zaman qurultay keçirməsi üçün müvafiq dövlət strukturlarına müraciət etdi ki, ona rədd cavabı verildi?

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər