PDF Oxu

Müxalifət

  • 27

“VİP”-in Siyasi Şurasının toplantısında qalmaqal yaranıb

“VİP”-in Siyasi Şurasının toplantısında qalmaqal yaranıb

"Vətəndaş və İnkişaf Partiyası"nın keçirdiyi növbəti toplantı qalmaqalsız ötüşməyib. Belə ki, təşkilatın Siyasi Şura üzvlərinin iclası bir qrup narazıların etirazları ilə müşahidə edilib. Məsələ ondadır ki, "VİP" sədri Əli Əliyev çıxışına başlayar-başlamaz rəhbərlik etdiyi partiyanın "müxalifətdaxili inteqrasiya"sından, eləcə də, qarşıdakı dövrə və cari məsələlərə dair danışarkən, onun çıxışı yarımçıq qalıb.

Ə.Əliyevin qarşısına haqlı olaraq sual qoyulub ki, əgər "VİP", həqiqətən də, "müxalifətdaxili inteqrasiya"ya maraqlıdırsa, nəyə görə bu vaxta qədər bir dəfə də olsun, normal fəaliyyət sistemi qura bilməyib, bütün seçkilərdə uduzub, yersiz halda boykot qərarlarına qoşulub və ümumiyyətlə başqa partiya sədrlərinin məsləhətləri ilə idarə edilib? Bu suallar qarşısında aciz qalan Ə.Əliyev isə partiyadaşlarını inandırmağa səy göstərib ki, yaradılması planlaşdırılan ALP-"VİP"-"KXCP" "üçlük formatı"nın "işçi qrupu" yaradacaq və bu "qrup" müxalifət daxilində "yeniliyə imza atacaq". Lakin Ə.Əliyevin bu səyləri də nəticəsiz qalıb. Çünki təşkilatın gah "6"-lar, gah "5"-lər, gah da "3"-lər formatı arasında var-gəl etməsi "VİP"-çilərin hövsələdən çıxmaları ilə son tapıb. Onlar sədrlərini ayağısürüşkənlikdə suçlayıblar. Və budəfəki "ideya" da səmərəsiz təşəbbüs qismində qiymətləndirilib. Maraqlıdır ki, Ə.Əliyev üzünə deyilən həqiqətləri bir kənara qoyub, özünü eşitməzliyə vuraraq, öz çıxışına davam edib ki, onun bu biganəliyi siyasi şura üzvlərini daha da aqressivləşdirib.

Ancaq qalmaqallı toplantı bununla da bitməyib. Çünki partiyanın 2012-ci il üçün nəzərdə tutulan "fəaliyyət istiqaməti" barədə danışılarkən, Ə.Əliyevdən narazı qalan qrup iddia edib ki, "VİP" elə bir vəziyyətdədir ki, onun 2012-ci ildə fəaliyyət göstərə bilməsi mümkün deyil, reallıqdan tamamilə kənardır. Məhz ona görə də partiya sədrinin çıxışları sadəcə baş aldatmaq kimi bir şeydir.

Aranı sakitləşdirməkdən ötrü başqa bir məsələni gündəmə gətirən Ə.Əliyev isə müxalifətdə baş verən durğunluğu, parçalanmanı günah olaraq digər radikal partiyaların üzərinə atmağa başlayıb. O, iddia edib ki, bəzi partiyaların (AXCP (i)-nin, Müsavatın, "Ümid-in və ADP-nin) 2013 seçkiləri ilə bağlı məsələlərdən danışmaları müxalifət üçün ziyanlı tendensiyadır. Amma Ə.Əliyevin yadına salınıb ki, müxalifət düşərgəsində bu barədə danışanlardan bir də məhz onun özü olub. Nəticədə siyasi şuranın toplantısı tamamilə pozulub və qruplara ayrılmışların kəskin mübahisələri ilə sona yetib. Hətta vəziyyət o həddə çatıb ki, siyasi şura toplantısının protokolu belə tərtib edilməyib. "VİP" sədri Ə.Əliyev isə "ar olsun" şüarları altında toplantı salonunu tərk etməyə məcbur qalıb.

RÖVŞƏN

Digər xəbərlər