Özləri özülərini radikal və demokratik adlandıran müxalifətçilər demokratiya nə olduğunu bilmirlər. Radikal "bəy"lər hər zaman yaratdıqları siyasi şouları ilə gündəmdə qalıblar. Həm ölkə daxilində, həm də ölkə xaricində fəaliyyətsizlikləri ilə tanınan radikallar hələ də bacarmadıqları, daha doğrusu, anlayışlı olmadıqları siyasətlə vidalaşmaq istəmirlər. "Bəy"lər nəzərə almalıdırlar ki, artıq düşərgəyə yeni təfəkkürə malik, yeni ideyalarla işləyən qüvvələr gəlməlidir. Köhnə təfəkkürlə idarə olunan partiyalarını idarə edən Müsavat partiyasının başqanı İsa Qəmbərov, "ALP" lideri Lalə Hacıyeva, AXCP (i) sədri Əli Kərimov kimiləri artıq siyasətlə vidalaşmalıdırlar. Ümumiyyətlə, demokratiyadan, Avropa dəyərlərindən dən vuran "bəy"lər gərək anlasınlar ki, demokratik ölkələrdə seçkilərdə iştirak etməyən, illərlə məğlubiyyət acısı yaşayan partiya sədrləri mədəni şəkildə istefaya gedirlər və partiyalara yeni qüvvələr gəlir. Ancaq nə yazıqlar ki, bizim radikallar belə bir addım atmırlar. Kor tutduğunu buraxmadığı kimi, "bəy"lər də fəaliyyətsiz qalan partiya sədrliyindən istefa vermirlər. "Millət", "xalq", "vətən" deyən "bəy"lərimiz heç zaman Azərbaycanı düşünmürlər. Çünki onlar millət, xalq, vətən sevgisindən uzaq insanlardır. Beləliklə, ABŞ-dan dəstək ala bilməyən radikallar, Birləşmiş Ştatların hazırkı prezidenti Barak Obamadan dəstək ala bilməyəcəklərini anladılar. Yəni onlar bildilər ki, qara dərili prezident onları ağ günə çıxaran deyil.
Siyasət şoumenləri olan radikal "bəy"lər indi də vahid namizəd iddiasına düşüblər. Təbii ki, yenə də Müsavat başqanı İ. Qəmbərov özünü ortaya ataraq deyir ki, məndən yaxşı namizəd yoxdur. Yəni İsa "bəy" özünü müxalifət düşərgəsinin lideri hesab edir. Məğlubiyyət xronologiyası ilə zəngin olan Müsavat və onun başqanı yenə düşərgədə liderlik etmək fikirinə düşüb. Təbii ki, bu hal digər radikalları razı sala bilməz. Artıq L.Hacıyeva, AXP lideri Pənah Hüseynov Müsavat partiyasının başqanı İ.Qəmbərova qarşı genişmiqyaslı kampaniyaya başlayıb. P.Hüseynovun bir zamanlar dəstəklədiyi İsa "bəy"ə qarşı çıxmasının başlıca səbəbi Müsavat başqanının özünü çox göydən aparmasıdır. Bir neçə müddət öncə İ.Qəmbərov mətbuata müsahibələr verərək, siyasətlə vidalaşacağını qeyd etmişdi. Deyəsən, üzdəniraq "siyasətçi" yenidən Müsavatda qalmağı düşünür. Özü də bütövlükdə radikal düşərgəyə rəhbərlik etməyi düşünür. İsa "bəy" fikirləşmir ki, 5-10 nəfərlik Müsavata rəhbərlik etməyən bir şəxs necə radikal düşərgəyə rəhbərlik edə bilər? Maraqlıdır, ümumiyyətlə, müxalifətin birləşmək arzusu nədən irəli gəlir? Guya radikallar birləşməklə nəyi dəyişəcəklər? Axı onlar heç bir qüvvəyə malik deyillər. İkincisi də, "bəy"lər arasında birlik yoxdur, hər zaman onların arasında konfliktlər yaranır. Belə olan halda, müxalifətin bir araya gəlməsi də real görünmür. Ölkəmizə, xalqımıza qarşı siyasət aparan xarici qüvvələrlə əməkdaşlıq edərək, onlardan qrantlar alan radikal "bəy"lər yalnız bu vəsait hesabına ömür sürürlər. Görəsən, xarici qrantlar hesabına siyasi şoular göstərən radikal "siyasətçilər" nə vaxtda qədər siyasi şou göstərməkdə davam edəcək? Nə qədər ki, İ.Qəmbərov, Ə.Kərimov kimiləri müxalifətdən getməyiblər, müxalifət düşərgəsinin "qara günləri" də o vaxtadək davam edəcək. Bütün bunları nəzərə alan bəzi radikal müxalifət funksionerləri üzv olduqları partiyalardan uzaqlaşdılar. Bütün bunlar, onu deməyə əsas verir ki, radikal düşərgədə böhran yaşanır.
ANAR