PDF Oxu

Müxalifət

  • 20

“Üçlər” “İctimai Palata”ya qarşı hücuma keçdi

“Üçlər” “İctimai Palata”ya qarşı hücuma keçdi

Müxalifətdə "3-lər" deyilən qurumun yaradılması istiqamətində "VİP"-ALP-"KXCP" arasında aparılan danışıqlara digər müxalifət qüvvələri tərəfindən bildirilən münasibətlər düşərgədaxili vəziyyəti bir az da gərginləşdirib. Belə ki, ilk olaraq, ALP tərəfindən irəli sürülən bu təklif üzə çıxdıqdan sonra, düşərgə daxilində bunu alternativ güc kimi dəyərləndirən "İctimai Palata" təmsilçiləri adekvat addımlar atmağa başlayıblar.

Çünki düşərgədə ard-arda yaradılan bu tipli qurumların qarşıda bir-birilərini vurmaları indidən aydındır. Məhz bu barədə yaranmış ziddiyyətlər getdikcə daha kəskin, daha barışmaz xarakter almaqdadır.

Bu barədə saytların birinə açıqlama verən "VİP" sədri Əli Əliyev dolayısı ilə bildirib ki, "3-lər"in yaranması xüsusilə AXCP (i)-Müsavat cütlüyünü ciddi narahat edir. Belə ki, onun dediyinə görə, artıq həm İsa Qəmbərov, həm də Əli Kərimov onların bu işinə müxtəlif əngəllər yaratmaq üçün müxtəlif səpkili planlar cızırlar: "Üç partiyanın bir araya gələrək "3-lər" qrupunun yaradılmasına kimlərsə ehtiyat edirsə, deməli, artıq bəzi adamlar narahat olublar. Onlar düşərgədə yeni güc mərkəzinin yaranmasından əndişələniblər, çünki "İctimai Palata"dakı adamlar yeni qurumun müxalifət strukturlarında təmsil olmasını istəmirlər".

Onun sözlərinə görə, AXCP (i) funksionerlərinin "Vətəndaş və İnkişaf", ALP və "Klassik Xalq Cəbhəsi" partiyalarının yaratdığı "3-lər" qrupunu perspektivsiz təşkilat sayaraq, adıçəkilən partiyaları "İctimai Palata"ya dəvət etmələri qorxaqlıqdan irəli gələn addımdır: "Kimlərəsə alternativ olmaq istəyimiz bəllidir. AXCP (i) və Müsavat rəhbərləri bildirirlər ki, onlar guya müxalifət düşərgəsinin ən nüfuzlu, ən güclü partiyalarıdır. Lakin kimin hansı gücdə olmasına biz yox, cəmiyyət qərar verir. Partiyalarımız "İctimai Palata"da təmsil olunmaq istəsəydi, bunu edərdik. Vaxtilə "İctimai Palata" ilə bağlı çox təkliflər almışıq və bu günə qədər orada təmsil olunmamağımız həmin quruma olan münasibətimizin göstəricisidir".

"VİP" sədrinin sözlərinə görə, "3-lər" formatı indiyədək verdiyi bəyanatlarda heç zaman "İctimai Palata"dan fərqli olaraq onların strukturunu aşağılamayıb, bu təşkilat barədə yolverilməz epitetlər işlətməyib. Amma bu hal davam edərsə, biz də qarşılıqlı addımlar atmağa məcbur olacağıq: "Onlar bizə qarşı bundan sonra da yanlış mövqedə olarsa, hər şey qarşılıqlı olacaq. Hələlik, formalaşdırmaqda olduğumuz format ilkin mərhələdə, üç partiyanın məsləhətləşmələri səviyyəsindədir".

Ə.Əliyevin açıqlamalarından bir daha bəlli olur ki, radikal müxalifət düşərgəsində istənilən alternativ qurumun yaradılması məsələsi ayrı-ayrılıqda ciddi narazılıqlarla müşahidə olunması ilə yanaşı, düşərgə daxilində daha kəskin qarşıdurmaların baş verəcəyini proqnozlaşdırır. Bu isə, bir daha onu deməyə əsas verir ki, radikal düşərgənin bütövlükdə perspektivsiz müxalifət olması və bu müxalifətin cəmiyyət tərəfindən qəbul edilməməsi reallığa çevrilmiş faktorlardandır. Çünki onlar xalq haqqında deyil, sadəcə, öz mənfəətləri haqqında düşünən qondarma müxalifət təmsilçiləridirlər.

Rəfiqə

Digər xəbərlər