Radikal müxalifət partiyaları yenidən bir araya gələrək, birləşmək istədiklərini bəyan ediblər. Müxalifət düşərgəsində hər dəfə bu ideya ortalığa atılanda "bəy"lər arasında yenidən savaşlar başlayır. Təbii ki, bu dəfə də belə olacaq. Artıq bunun ilkin sindromları görünməkdədir. Həmişə radikal müxalifət düşərgəsində aranı qarışdıran İsa Qəmbərovun başçılıq etdiyi Müsavatla Əli Kərimovun sədri olduğu AXCP (i) olur. Bu, onların çoxdankı peşəsidir. Belə ki, vaxtı ilə hakimiyyətdə olan müsavatçılarla cəbhəçilər ölkədə aranı qarışdırmaqla, ictimai-siyasi vəziyyəti gərginləşdirməklə məşğul idilər. O illərə nəzər saldıqda, görünür ki, respublikamızda ədalət, ədalətsizlik, anarxiya hökm sürürdü. Bu cür ənənələrlə yaddaşlarda qalan radikal müxalifətçilər yenidən "birlik" yaradaraq, hakimiyyətə gəlmək istəyirlər. Necə deyərlər, utanmasan, oynamağa nə var?
Yuxarıda qeyd etdiyimiz kimi, radikal düşərgədə yenidən qarşıdurmalar yaranmaqdadır. Növbəti qarşıdurmanın mərkəzində Müsavat partiyası ilə AXCP (i) dayanır. Belə ki, adıçəkilən partiyalar digər radikal müxalifət partiyalarına qarşı hücuma keçiblər. Bu, İ.Qəmbərovla, Ə.Kərimova xas xüsusiyyətdir. Bir zamanlar Müsavat başqanı ilə AXCP (i) sədri hiyləyə əl ataraq, "ALP" lideri Lalə Hacıyeva ilə AMİP lideri Etibar Məmmədovu öz tələlərinə sala bildilər və onu siyasətdən sıxışdırıb, aradan çıxarılmasına nail oldular. Yəni bu gün L.Hacıyeva (həmçinin, onun əlaltısı Əvəz Temirxan) E.Məmmədov siyasi baxımdan iflic vəziyyətdədirlər. Xatırladaq ki, AXCP (i)-nin sədr müavini Fuad Qəhrəmanov bir müddət öncə, mətbuata açıqlamasında qeyd edib ki, Müsavatla AXCP (i)-nin iştirak etmədiyi birlikdən söhbət gedə bilməz. "İki partiyanın gücünün görünmədiyi birlik modelinin yaranmasından söhbət gedirsə, həmin birlik müxalifətin konsolidasiyası yox, kiçik bir adacıqdır. "Liberal" partiyası, KAXCP və "VİP"-in bir araya gələrək, "üzvlük" yaratmasına müsbət yanaşmırıq"-deyə, AXCP (i) funksioneri vurğulayıb. F. Qəhrəmanov onu da qeyd edib ki, bütün radikal müxalifət partiyaları "İctimai Palata"da birləşməlidirlər. Beləliklə, Ə.Kərimovun sözlərindən belə məlum olur ki, İ.Qəmbərovun başçılıq etdiyi Müsavatla, Ə.Kərimovun başçılıq etdiyi AXCP (i) müxalifət düşərgəsini öz nəzarəti altında saxlamaq istəyirlər. Bu da onların iç üzüdür.
"Bəy"lərin Jirinovski sevgisi
Son zamanlar radikal düşərgədə xoşagəlməz, İYRƏNC hadisələr baş verməkdədir. Belə ki, Rusiyada baş verən son olaylardan ruhlanaraq, Azərbaycanda da təxribatçılıq etməyi planlaşdırırlar. Bununla bağlı artıq "İctimai Palata"da müzakirələr başlayıb. Bir gün "Ərəb baharı"ndan, bir gün də Moskvada baş verən İĞTİŞAŞLARDAN RUHLANIRLAR. Deyən lazımdır ki, iğtişaş yaratmaqla hakimiyyətə gəlməkmi olar? Ölkədə infrasturuktura zərbə vurmaqla prezident seçilməkmi olar? Görəsən, onlar görmürlərmi ərəb dünyası hadisələrdən sonra hansı vəziyyətə düşüb? Ən iyrənc məsələ isə odur ki, radikal müxalifət "bəy"lərinin Jirinovskiya olan rəğbətidir. Beləki, Rusiya Dövlət Dumasının deputatı Jirinovski hər zaman anti-Azərbaycan, antitürk mövqeyi ilə seçilib. Yəni Azərbaycan xalqını düşmən hesab edən rus deputata Müsavat partiyasının başqanı İ. Qəmbərov, AXCP (i) sədri Ə. Kərimov kimi üzdəniraq "bəy"lər "dost", "əsil siyasətçi", "millət fədaisi" kimi müraciət edirlər. Burada bir neçə sual ortaya çıxır. Birincisi, Rusiyada baş verən hadisələrdən bizim "bəy"lərə nə? İkincisi, radikallar xalqımıza düşmən olan, həmişə ermənipərəst mövqeyi ilə seçilən bir şəxsə niyə dost deyirlər? Bu da onların iç üzüdür. Xalqımıza düşmən olan şəxslərdən ruhlanan "bəy"lər xalqın dəstəyini necə qazanacaqlar? Xalqımız onsuz da onları çoxdan tanıyır. Bilir ki, onlardan heç nə gözləmək olmaz. Gərək, radikal müxalifət partiyalarının rəhbərləri də bundan sonra "xalq", "vətən", "millət" sözünü dillərini gətirməsinlər. Gərək əməllərinlə istəyin üst-üstə düşsün.
ANAR