Rusiyada baş verən son olaylardan məmnun qalan Azərbaycanın radikal müxalifət partiyaları Rusiyasayağı qarşıdurmalar və iğtişaşlar yaratmaq istəyində olduqlarını dilə gətiriblər. Məsələyə münasibət bildirən partiya sədrləri qeyd etdilər ki, radikal müxalifət hər hansısa bir nümayiş, iğtişaş etmək gücündə deyil.
Tahir Kərimli,
Vəhdət partiyasının sədri:
- Şübhəsiz ki, regionda bir çox xoşagəlməz hadisələr baş verir. Təbii ki, baş verən bu hadisələrin fonunda radikal müxalifət təmsilçiləri bəzi qarşıdurmalar yaratmaq istəyinə düşür. Amma radikal müxalifətçilərin heç bir gücü yoxdur ki, onlar ölkədə hər hansısa bir iğtişaşlar törətsinlər. Əgər müxalifət təmsilçilərinin gücü varsa, nə üçün "İctimai Palata"da birləşirlər? Nə qədər bir araya gəlsələr belə, yenə də onların bir partiya qədər gücləri yoxdur. Sadəcə olaraq, bu kimi qüvvələrin əlində qəzetlər və informasiya mərkəzləri var. Onlar təbliğat maşınlarından istifadə edərək özlərinin süni obrazını yaratmağa çalışırlar. Bu isə mənasız və əhəmiyyətsiz cəhdlərdir. Onu da qeyd edək ki, sözügedən qüvvələr öz varlıqlarını sübut etmək üçün bu cür anormal addımlara əl atırlar.
Elşən Manafov,
"Demokratik Sol Partiyası"nın sədri:
- "İctimai Palata"da təmsil olunmuş siyasi partiya liderlərinin Rusiyada keçirilən seçkilərin nəticələrindən kifayət qədər fərqli münasibətləri olub. Burada AXCP (i) sədri Əli Kərimov Rusiyada seçkiləri avtoritarizmdən demokratiyaya keçid üçün ciddi bir mərhələ kimi dəyərləndirsə də, Müsavatın başqanı İsa Qəmbərov, əksinə, bu seçkiləri Rusiyada avtoritarizmin daha da güclənməsinə səbəb ola biləcəyi ilə bağlı müəyyən amillərə toxunub. İkinci bir tərəfdən isə mən Rusiyanın özündə elə bir qarşıdurma görmürəm. Ölkə müxalifətinin məlum qanadına gəlincə isə, radikal müxalifətin ya "ərəb baharı"nda yaşanan hadisələrdən istinad edərək, bəzi mövqe sərgiləməsi və yaxud Rusiyada müxalifətin məlum qanadının bir qədər fəallaşması ilə bağlı hadisələrin kontekstində verdiyi bəyanatlar ciddi reallıqlara istinad etmir. Yəni müxalifət hələ də virtual kontekstdə hakimiyyətə əzələ nümayiş etdirməyə səy göstərir. Amma Azərbaycan müxalifətinin məlum qanadının o gücü yoxdur ki, onları hakimiyyətə göstərə bilsin. İndiki zamanda radikal müxalifətin hakimiyyətlə münasibətlər qurmaq ümummilli və dövlət maraqlarına xidmət etməlidir. Bu münasibətləri qurmağın tamamilə fərqli texnologiyaları var. Çox təəssüflər olsun ki, bizim radikal müxalifət liderləri ölkədə ancaq mitinq texnologiyasından başqa siyasi texnologiyalara müraciət etmək fikrində deyil. Gərək gücün olsun ki, onu nümayiş etdirəsən. Sadəcə olaraq, radikal müxalifət gündəmdə qalmaqdan ötrü bu cür hərəkətlərə əl ataraq reallığı əks etdirməyən bəyanatlar səsləndirir. Bu hadisələrin kontekstində sözügedən müxalifətin ölkədə hər hansı bir aksiyalar keçirə biləcəyini istisna edirəm. Bu gün Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət, əlbəttə ki, radikal müxalifət təmsilçilərinə ölkədə aksiyalar keçirməyə imkan vermir. Çünki ölkəmiz günü-gündən daha da güclənərək, bütün istiqamətlər üzrə inkişaf etməkdədir.
GÜLYANƏ AĞAKƏRİMOVA