20 ilə yaxındır ki, siyasətdə olub müxtəlif ideya və təkliflərlə çıxış etmələrinə baxmayaraq, radikal müxalifət ünsürləri ictimai rəydə özlərinə dəstək qazana bilməyiblər. Əksinə, onların ideya və təklifləri boşboğazlıq kimi dəyərləndirilərək, rədd edilməsi fonunda rəhbərlik etdikləri partiyaların dağılmasına yol açıblar.
Misal kimi, radikal düşərgənin təmsilçiləri olan ADP, AMİP, AXCP (i), Müsavat və bu kimi partiyaların əksər rayon təşkilatlarının buraxılması və sıravi üzvlərinin istefa vermələrini göstərmək olar. Maraqlıdır ki, radikal ünsürlər cəmiyyətdə öz qeyri-ciddi imiclərini təsir altında saxladıqları mətbu orqanlarda xalqını sevən, dövlətinə bağlı olan insanlara qarşı şər və böhtan xarakterli informasiyalar yaymaqla doldurmağa çalışırlar. Təxribat maşını hesab olunan mətbu orqanlar KİV haqqında qanunun, eləcə də, jurnalistlərin peşə-davranış qaydalarının tələblərini pozmaqla böyük həvəs və fədakarlıqla tapşırıqları yerinə yetirirlər. Bu, həmin o qəzetlərdir ki, işğalçı Ermənistan dəfələrlə Azərbaycan əleyhinə təbliğat aparmaqda "Azadlıq" qəzetinin materiallarından istifadə edib. Hətta dəfələrlə Ermənistan elektron KİV-ində "Azadlıq" qəzetində çalışanların "Ermənistanın dostu" adlandırılıb. Ona görə də, bu kimi qəzetləri erməni dəyirmanına su tökən mətbu orqanlar hesab etmək olar.
Bu baxımdan, demək olar ki, "Yeni Müsavat", "Azadlıq", "Bizim yol" kimi müxalifət qəzetlərinin məhkəmə çəkişmələrinin mərkəzində olduqlarını görmək olar. Artıq demək olar ki, Azərbaycan Mətbuat Şurası da sözügedən bu tip qəzetlərdən edilən şikayətlərdən yorulduğunu etiraf etməyə başlayıb. Təəssüf və təəccüb doğuran hal odur ki, "Yeni Müsavat", "Azadlıq", "Bizim yol" kimi müxalifət qəzetləri istər ictimai qınaqdan, istərsə də Mətbuat Şurasının çıxardığı qərarlardan nəticə çıxarmırlar. Əksinə, şər və böhtan kampaniyalarını daha geniş şəkildə davam etdirirlər. Təkcə dünən redaksiyamıza sözügedən qəzetlərdə dərc olunan şər və böhtana etiraz bildirən 20-yə yaxın şikayət məktubu daxil olub. Saatlı rayonunun Əliabad kənd sakini Qurbanəli Quliyevin redaksiyamıza ünvanladığı şikayət məktubunda "Azadlıq" qəzetinin 9 dekabr 2011-ci il tarixli sayında onun adından rayon polis şöbəsi haqqında qeyri-real məlumatların dərc olunmasına etiraz etdiyini qeyd edib: "Mənim adımdan məqalədə qeyd olunur ki, guya Saatlı rayon polisi tərəfindən 3 sutka nəzarətxanada saxlanılmışam. Buraxılmağım üçün guya məndən 1500 manat pul istənilib. Əslində, bunlar AXCP (i) sədri Əli Kərimovun Saatlı rayonunun Azadkənd kəndindəki dostlarının və qohumlarının uydurmasıdır. Mənimlə polis idarəsi arasında heç bir insident baş verməyib".
Şikayətçi Q.Quliyev onu da qeyd edir ki, haqqında şər və böhtan xarakterli məlumatların "Azadlıq"da dərc olunmasına görə təkzib verilməsini qəzet rəhbərliyindən tələb edib. Təəssüf ki, tələbi hələ də yerinə yetirilməyib: "Yanıma minnətçilər salıb, təkzib məktubumu geri götürməyimi xahiş edirlər. Amma sərt şəkildə onlara demişəm ki, işgüzar nüfuzuma xələl gətirən məqalə dərc etdiklərinə görə təkzib verməlidirlər. Əks təqdirdə, Mətbuat Şurasına, daha sonra isə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam".
Qeyd etmək yerinə düşər ki, radikal müxalifət ünsürləri zaman-zaman bölgələrdə ictimai-siyasi sabitliyi pozmağa səy göstərirlər. Saatlı rayonu da hədəfdə olan bölgələrdəndir. Xüsusilə də, son vaxtlar narkomaniyaya qarşı mübarizə tədbirlərinin gücləndirməsi AXCP (i) sədri Ə.Kərimovu və onun yaxınlarını ciddi narahat edir. Çünki Azadkənd, Əliabad, Qazanbatan və digər yerlərdə Ə.Kərimovun dostları olan narkomanların həbs olunması AXCP (i)-nin mətbu orqanı olan "Azadlıq" qəzetinin ictimai rəyi çaşdırmağa xidmət edən şər və böhtan xarakterli məqalələrin dərc edilməsinə sövq edib. Təbii ki, bu cür cəhdlər nəticəsiz qalacaq. Çünki rayon ictimaiyyəti Ə.Kərimovun və onun ətrafında olanların məqsədinin nədən ibarət olduğunu çox gözəl bilirlər. Bu baxımdan, aparılan anti-təbliğatı və yazılan məqalələri əhəmiyyətsiz hesab etmək olar.
Rəfiqə