PDF Oxu

Müxalifət

  • 22

Radikal müxalifət iflic vəziyyətdədir

Radikal müxalifət iflic vəziyyətdədir

Rusiya Federasiyasında Dövlət Dumasına keçirilən seçkilərdən sonra baş verən aksiyalar, deyəsən, bizim radikal müxalifət partiyalarını ilhamlandırıb. Belə ki, həmin partiyalar da ölkəmizdə iğtişaşlar törətmək istəyinə düşüb. Məsələyə münasibət bildirən "Demokratik Sol Partiyası"nın sədri Elşən Manafov bizimlə söhbətində bildirdi ki, radikal müxalifət partiyaları artıq iflic vəziyyətdədir və onlar iğtişaş törədəcək gücə malik deyillər.

Partiya sədrinin sözlərinə görə, son vaxtlar Rusiyada baş verən hadisələrə gəlincə, güman etmirəm ki, sözügedən ölkədə baş verən proseslər MDB ölkələrində hər hansı bir ictimai-siyasi məsələlərə bu və ya digər mənada təsir göstərsin. Demək olar ki, Azərbaycan-Rusiya münasibətləri hər iki dövlətin maraqlarına uyğun kontekstdə inkişaf etdirilir. Ancaq bütün bunlara rəğmən RF-də baş verən son olayların Azərbaycanda olması qeyri-mümkündür. Çünki ölkəmizdə ictimai-siyasi vəziyyət və iqtisadi inkişaf hər kəsə bəllidir. Xalqımız Prezident İlham Əliyev cənablarına etimad göstərir.

Ölkədə fəaliyyət göstərən radikal müxalifətin bir çox metodlara əl atması, hələ ki, qabarıq şəkildə özünü büruzə vermir. Mən bir partiya sədri olaraq, adıçəkilən müxalifət partiyalarını heç radikal müxalifət belə adlandırmıram. Çünki onun nə radikal imkanları var, nə də onlar bu imkanları gerçəkləşdirmək və həyata keçirmək üçün hər hansı bir ciddi radikal addımlar atır. Burada sözügedən müxalifətin istəyi və arzusu Qərbin məlum dairələrinin bölgə ilə bağlı maraqlarına söykənib. Bir sözlə, radikal müxalifət Qərbin Azərbaycanda və bölgədə olan maraqlarına xidmət edir. İndi isə sözügedən müxalifət qüvvələri Qərbin dəyirmanına su tökməkdədirlər. Burada Qərb tərəfindən sözügedən qüvvələrə heç bir maliyyə dəstəyi olmayacağı təqdirdə, onların hər hansı ciddi addımların ata biləcəyinə də inanmıram. Artıq Azərbaycan xalqı radikal müxalifətə etimad göstərmir. Radikal müxalifət partiyalarının kadr potensialı yoxdur. Həmçinin, xalqımız müxalifəti dəstəkləmir, adıçəkilən partiyalar böhran içində boğulur və onların iğtişaş etməyə gücü yoxdur. Əgər onlar iğtişaş və nümayiş edərlərsə, kim onlara dəstək verəcək? Bir məsələni də qeyd edim ki, "bəy"lərin nümayiş etməkdə bir məqsədi var, o da özlərini Qərbə göstərməkdir.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər