PDF Oxu

Müxalifət

  • 23

Eynulla Fətullayevin istəyi...

Eynulla Fətullayevin istəyi...

Hələ bir müddət öncə, həbsxanadan çıxarkən, radikal müxalifətin nəyə görə Eynulla Fətullayevi soyuq qarşılamasının səbəbi bəlli oldu. Xatırladaq ki, radikal müxalifət "liderlərindən" İsa Qəmbərov, Pənah Hüseynov və digərləri türmədən buraxılan E.Fətullayevin evinə, onu qarşılamağa getməmişdilər. Radikal düşərgə təmsilçilərinin bəziləri bunu müsavatçıların, yaxud da "cəbhəçilərin" həbsdə olması ilə əlaqələndirsələr də, sən demə, məsələ tamamilə başqa tərzdə formalaşıbmış.

Doğrudur, Eynulla ilə görüşə AXCP (i) sədri Əli Kərimov getmişdi, amma sonradan onun da Eynullayla ilə "isti münasibəti" soyuqlaşdı. Əgər bu gün diqqət yetirsək, görərik ki, əslində, E.Fətullayevin törətdiyi şərəfsiz əməllərinə görə həbsdə yatması adıçəkilən müxalifət səlahiyyətlilərinə şəxsi məqsədlər üçün lazım imiş. Başqa məlumatlara görə, radikal müxalifət "liderlərinin Eynulla ilə bağlı ciddi narahatlıqları yaranıb. Məsələ burasındadır ki, E.Fətullayev hazırda siyasi iddialarını, hazırkı şəxslərə qarşı planlarını gizlətmir. "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin sabiq baş yazarı indi də "hüquq müdafiəçiliyini" kənara qoyaraq, siyasi partiya qurmaq niyyətindədir. Onu da bildirək ki, Eynulla hələ parlament seçkilərindən öncə, belə bir xəbər yaymışdı ki, o, həbsdən çıxan kimi partiya yaradacaq, radikal müxalifətin olan-qalan bütün "bazasını" ələ alacaq. Ancaq Eynullanın həbsdə olması, bu məsələdə də aktuallığını itirdi.

Qeyd edək ki, həbsdən çıxanda Eynulla "Şahvələd Çobanoğlu ilə danışmışıq, yola davam edirik" deyə bir yekəbaş bəyanat vermişdi. Lakin sonra sözünə "düzəliş" edərək bildirdi ki, guya söhbət onun həbsindən sonra qapanmış qəzetlərdən gedir.

Onu da yada salaq ki, Eynulla həbs ediləndən sonra "Gündəlik Azərbaycan", "Realnıy Azerbaydjan" qəzetləri və "Azerbaydjan v mire" jurnalları bağlanmışdı. Ancaq radikal müxalifət "liderləri" çox gözəl bilirlər ki, "qəzetləri yenidən dövriyyəyə buraxmaqla," E.Fətullayev diqqəti əsas məqsəddən yayındırmağa çalışır. Onun əsas məqsədi siyasi partiya yaratmağa başlamaqdır. Yaxın günlərdə "Yeni Müsavat" qəzetinin reklamsayağı metodlarına uyğun olaraq "oxucularla görüşlər" adı müxalifət ünsürləri ilə növbəti görüşlərin keçirilməsini də planlaşdıran E.Fətullayev bunun üçün gizli tədbirlər həyata keçirib. Əsas məqsəd "yeni siyasi qüvvə" axtarışında olan azsaylı müxalifət elektoratına mesaj vermək, həmin mesajda isə "yeni lider var. Bu, E.Fətullayevdir" ismarıcını çatdırmaqdır. Fətullayevin "komandasına" gəlincə, burada müxalifətçi jurnalistlər çoxluq təşkil edir. Belə ki, AXCP (i)-dən Böyük Quruluşa, oradan Müsavat partiyasına transfer edən Şahvələd Çobanoğlu, qəzetdə olduğu kimi, burada da Fətullayevlə birgə olacağını gizlətmir. Yeri gəlmişkən, Fətullayevin əsas "texnoloqu" elə Ş.Çobanoğludur.

E.Fətullayevin müxalifətçi "komandasında" Zamin Hacı, Seymur Baycan, Elnur Astanbəyli, Natiq Cavadlı və başqaları olacaq. Üzeyir Cəfərlinin də, Fətullayevin ətrafında olacağı gözlənilir.

Beləliklə də, Eynullanın təşkilatı radikal müxalifətin "qəbir qazanı", daha dəqiq desək, goreşəni olacaq. Bu baxımdan da, özlərini "ənənəvi müxalifət" liderləri hesab edən radikallar sabiq baş yazara qarşı sərt addım atacaqları gözlənilir.


R.RƏSULOV

Digər xəbərlər