Ciddi əlavə və dəyişiklərdən sonra yenidən qəbul olunacaq "Siyasi partiyalar haqqında" Qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, adıçəkilən qanun layihəsi 1992-ci ildə qəbul olunub. Yenidən qəbul olunacaq qanun layihəsi ilə bağlı jurnalistlərin suallarını cavablandıran Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev qeyd edib ki, 2015-ci ildə keçiriləcək növbəti parlament seçkilərində müəyyən səs faizi toplamış partiyalar dövlət tərəfindən maliyyələşdiriləcək. S.Mirzəyev onu da vurğuladı ki, bu məsələ ilə bağlı Azərbaycanla Venesiya Komissiyasının müzakirələri zamanı razılığa gəlinib. Buna aydınlıq gətirmək üçün partiya sədrlərinin fikirlərini öyrəndik.
Sabir Rüstəmxanlı,
VHP-nin sədri, Milli Məclisin deputatı:
- Bildiyiniz kimi, Milli Məclisdə siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı məsələ artıq bir dəfə müzakirə olunub və yenidən müzakirəyə çıxarılacaq. Fikrimcə, ölkədə fəaliyyət göstərən partiyaların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı əsas olan prinsiplərdən birincisi, seçkilərdə yaxından iştirak edərək səs toplayan, ikincisi isə, parlamentdə iştirak edən partiyalardır. Çünki bu seçkilərin əsas nəticələri parlamentdə iştirakdan ibarətdir. Burada sözügedən partiya üzvlərinin sayı da nəzərə alına bilər. Fikrimcə, ən əsası parlament seçkilərində iştirak edən siyasi partiyalar dövlət büdcəsindən maliyyələşməlidir.
Tahir Kərimli,
Vəhdət Partiyasının sədri:
- Prezident Administrasiyasının ölkədə fəaliyyət göstərən siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı hazırladığı layihə Vəhdət partiyasını tam şəkildə qane edir. Azərbaycan prezidentli respublika olduğu üçün prezident seçkilərinin nəticələri də nəzərə alınmalıdır. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı bir neçə kateqoriya üzrə bu maliyyələşmə həyata keçirilməlidir. Birincisi, siyasi partiyaların rəsmi qeydiyyatı olmalıdır. İkincisi, bu partiyaların ölkənin bir çox hissələrində, inzibati ərazi vahidlərində yerli təşkilatları olmalıdır. Üçüncüsü, sözügedən partiyalar prezident və parlament seçkilərində iştirak etməlidir. Dördüncüsü, prezident və parlament seçkilərində onların namizədi müəyyən faiz həddində səs toplamalıdır. Hesab edirəm ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların dövlət büdcəsindən maliyyə yardımları alması sözügedən partiyaların daha da inkişaf etməsinə səbəb olacaq.
GÜLYANƏ