Özlərini "demokratik düşərgə", "ənənəvi müxalifət" adlandıran, fəqət, gerçək məqamda demokratik prinsiplərdən kənar olan qaragüruhçu qüvvələrin "liderlərinin" parlament seçiklərindən sonra yaratdıqları "İctimai Palata" ideyası iflasa uğrayışının sonuncu fazasını yaşamaq üzrədir. Əslində, bu fikirlər hələ "palata" yarandığı dövrlərdən öz təsdiqini tapmışdır. Lakin bununla yanaşı, cəmiyyətdə apardığımız müşahidələr də qeyd edilənləri bir daha deməyə, sübut etməyə yetərincə əsas verir.
Hələ yaradılarkən, ilk əvvəllər bir sıra radikal partiya və qondarma "ziyalı" toplusunu öz ətrafında birləşdirməyi planlaşdıran bu qondarma qurum indi, demək olar ki, AXCP (i) və Müsavat inhisarının ayrı-ayrılıqda daxilindədir ki, ki, bu da "İctimai Palata"da təmsil olunan azsaylı elektoratın zaman-zaman oranı tərk etməsinə qədər gətirib çıxarmaqdadır. Yəni "palata" daxilində müəyyən ziddiyyətli qruplar qalmaqdadır ki, bu da həm Müsavat başqanı İsa Qəmbərovun, həm də AXCP (i) sədri Əli Kərimovun yalan vədlərinə sadəlövhcəsinə aldananlardır. Və bu da həqiqətdən doğan reallıqdır ki, adıçəkilən qurumda qalan şəxslərin böyük əksəriyyəti şəxsi mənafeləri naminə xəyanətkarlıqlara gedərək, xarici maliyyə donorları ilə davamlı əməkdaşlıq edirlər. Burada ilk öncə AXCP (i) və Müsavat partiyasını xatırlatsaq, heç də yanılmarıq. Heç kimə sirr deyil ki, bu partiyaların maddi imkanları anti-Azərbaycan meyilli xarici qüvvələr tərəfindən təmin olunur. Belə ki, həmin xarici qüvvələrin dəstəyi ilə zaman-zaman müəyyən icazəsiz aksiyalar təşkil edən AXCP (i)-Müsavat partiyaları belə bir dəstəyin olmadığı halda bir müddət ölügün və susqun siyasət yürüdürlər. Təbii ki, dağıdıcılıq siyasətinə xas olan əməkdaşlıqda da onların mövqeyi bir növ dəstəklənir.
Lakin bəzi Qərb siyasi dairələri ilə yanaşı, radikal islamçı qüvvələr də "İctimai Palata" ilə sıx əlaqə saxlayırlar. Məsələn, bu gün "İctimai Palata"da özünü "qüvvə" hesab edən hacı İlqar İbrahimoğlu adlı şəxs ölkədə dünyəvi, demokratik dəyərlərə söykənən təhsil sisteminə qarşı çıxanlar arasında yer alır. Bu amil isə, onu deməyə əsas verir ki, bu şəxs də radikal, anti-Azərbaycan meyilli dini qüvvələrin təsiri altındadır. Hazırkı zamanda onun da "İctimai Palata"da yer alması bir məqama işarədir ki, bu qurum vasitəsi ilə o öz istəklərini, şəxsi mənafelərini, siyasi dividendlərini reallaşdırmaq niyyətindədir.
Bu cür hadisələrə "İctimai Palata"da təmsil olunmayan müxalifət partiyaları tərəfindən də sərt təpkilər səsləndirilməkdədir. Belə ki, qondarma "palata"nın fəaliyyəti ilə bağlı münasibət bildirən ADP sədrinin müavini Taliyət Əliyev deyir ki, bu qondarma qurumun demokratik prinsiplərdən çıxış etməsi yönündə müəyyən nöqsanlar var: "... O ki qaldı "İctimai Palata"nın demokratik prinsiplərdən çıxış edə bilirmi" sualına, deyə bilərəm ki, bu sahədə orada nöqsanlar var. Konkret olaraq, bir misal çəkim. Qurumun sonuncu sessiyalarının birində Rafiq Tağının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi təklif olunsa da, hacı İlqar İbrahimoğlunun israrla etirazları müqabilində "İctimai Palata" bu təklifdən vaz keçib. Hesab edirəm ki, bu məsələ "palata"nın demokratik bir qurum kimi fəaliyyət göstərməməsinə olan sübutlardan biridir".
Onu da qeyd edək ki, bir sıra AXCP (i) və Müsavat üzvləri qurumda bu və bu kimi digər anti-demokratik hallara etiraz olaraq artıq "palata"nın toplantılarında iştirak etməkdən imtina edirlər. Yəni səbəb kimi qurumun qarşıya qoyulan məsələlər ətrafında deyil, cəmiyyətdə baş verən hadisələrin siyasiləşdirilməsi, süni olaraq, özünü cəmiyyətə sırıması göstərilir. Və deyilənlərlə yanaşı, o da bildirilir ki, "İctimai Palata" fəaliyyət göstərdiyi müddətdən bu yana heç bir uğur əldə etməyib. Bu da, təbii olaraq, həmin quruma olan inamı tükəndirən sübutlardandır.
RÖVŞƏN