Radikal müxalifət düşərgəsində təmsil olunan dağıdıcı qüvvələrin, xüsusilə, AXCP (i)-Müsavat cütlüyünün yenidən reabilitasiya olunaraq ictimai rəyə təsir imkanları qazanmaq cəhdləri uğursuzluqla nəticələnməkdədir. Radikalizm adlı murdar mərəzə tutulmuş həmin qaragüruhçu qüvvələr ardıcıl məğlubiyyətlərini müəyyən bu kimi vasitələrlə ört-basdır etmək üçün hər seçkilərdən sonra bir absurd və qəbulolunmaz "nəzəriyyəni" ictimai rəyə sırımağa çalışırdılar ki, hazırkı iqtidarın dövründə hər-hansı seçkidə iştirak etmək, qanun çərçivəsində mübarizə aparmaq guya mümkün deyil. Halbuki həmin partiyaların seçkilərə nə siyasi, nə hüquqi, nə mənəvi, nə də psixoloji baxımdan hazır olmadıqları əvvəlcədən özünü aydın göstərir.
Ənənəvi "ənənə"
Parlament seçkilərindən sonra "İctimai Palata" adlı qurum yaradan radikal müxalifət öz fəaliyyətini dağıdıcılıq planları üzərində davam etdirərək, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə, ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırdı. Onlar bu istiqamətdə "ərəb dalğa"sının təsiri altında icazəsiz aksiyalar təşkil etməklə, ictimai-siyasi prosesləri guya idarəolunmaz müstəviyə keçirəcəklərini iddia edirdilər. Lakin cəmi bir-iki uğursuz aksiyadan sonra həmin ambisioz qüvvələrin cəmiyyətdən, ictimai toplumdan heç bir dəstək almadığı, sosial dayaqlardan məhrum olduğu faktı bir daha özünü təsdiqlədi. Eləcə də, beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edə bilməyən aşırı dağıdıcı radikallar və onların "liderləri" qısa zaman kəsimində ənənəvi taktikanın mənasızlığını etiraf edərək, geri çəkildilər. Eyni zamanda, icazəsiz aksiyalarla, kütləvi iğtişaş cəhdləri ilə ictimai-siyasi proseslərə nüfuz etmək, hakimiyyətə təsir göstərmək imkanında olmadıqlarını bir daha anladılar. Lakin bir müddətdən sonra haradasa, hansı ölkədəsə siyasi gərginlik yaşanan vaxt onların bu cür aludəçilikləri yenidən "dirçəlir" və onlar "cuşa" gələrək, həmin ənənələrini reallaşdırmağa cəhdlər göstərirlər.
2011-ci ilin mart-aprel aylarında dağıdıcı iğtişaşla müşayiət olunan aksiyalar Azərbaycan cəmiyyətində, çoxsaylı sağlam düşüncəli toplumda ifrat radikalizmə, dağıdıcılığa, inqilabi meyillərə meydan olmadığını da nümayiş etdirdi. "İctimai Palata"ya daxil olan siyasi partiyaların bir çox funksionerləri, sıravi üzvləri növbəti biabırçı uğursuzluqlarını etiraf edərək, istefa vermək məcburiyyərində qaldılar. Məhz bu mərhələdən sonra "İctimai Palata"nın amorf, sözdə fəaliyyət göstərən quruma çevrildiyi, radikalların formal birliyinin uzun sürməyəcəyi bəlli oldu. Əvvəlcə AMİP, sonra isə digər siyasi təşkilatlar, ayrı-ayrı şəxslər bu qurumun daxilindən uzaqlaşmağa başladılar.
İnhisarlaşmanın yekun nəticəsi
Ümumiyyətlə, radikal düşərgədə cərəyan edən bütün hadisələrdə bir amil xüsusilə nəzərə çarpmaqdadır ki, bu amilin başlıca mövqeyi yaradılan qurumlarda partiyaların inhisarlaşmaya getmələridir. Yəni ayrı-ayrı siyasi qurumların başları üzərində dayanan partiyalar ətraflarına toplamağa müyəssər olduqları digər partiyaları öz monopoliyaları altına salmaqla dividendlər qazanmaqla məşğuldurlar. Siyasi eqoizm nümunəsi olan bu mövqe isə, təbii olaraq, digər partiyalarda kəskin etirazlara səbəb olur. Onlar AXCP (i) və Müsavata qarşı kəskin ittihamlar irəli sürür, bu partiyaların fəaliyyəti nəticəsində müxalifətin cəmiyyətdə tamamilə nüfuzdan düşdüyünü bəyan edirlər. Bütün bunlar isə, bir daha göstərir ki, AXCP (i) və Müsavat partiyaları öz uğursuz fəaliyyətləri üçün təkcə cəmiyyətdə deyil, hətta müxalifət düşərgəsində də qəbul olunmurlar. Məsələn, AXCP (i) və Müsavat partiyalarının formal birliyi hər zaman bu absurd tezis üzərində qurulub: guya bu partiyaların "birliyi" müxalifətin cəmiyyətdə "real güc mərkəzi"nə çevrilməsini, bütün qüvvələrin bir araya gəlməsini təmin edə bilər. Halbuki ötən dövrün reallıqları bu tezisin "siyasi blef" olduğunu, sıravi partiya üzvlərində ümid yaratmaq niyyəti güddüyünü sübuta yetirib. Doğrudur, həmin partiyalar süni birlik imitasiyasını, nəyin bahasına olursa-olsun, bu gün də qoruyub saxlamağa çalışırlar. Lakin hər iki partiyanın rəhbər şəxslərinin ciddi səylərinə baxmayaraq, AXCP (i) və Müsavatın sıravi üzvləri bu "birliyi" psixoloji baxımdan həzm edə bilmirlər.
Xatırlatmaq yerinə düşər ki, bu ziddiyyətlərin uzaq olmayan tarixi keçmişi var: hələ AXCP (i) parçalanarkən, Əli Kərimovu bu partiyanın siyasi və hüquqi varisi kimi tanımaqdan imtina edən Müsavat başqanı İsa Qəmbərov ona ilk sarsıdıcı zərbəsini vurmuşdu. Müsavat başqanının 2003-cü ilin prezident seçkilərindəki növbəti uğursuzluğundan sonra isə Ə.Kərimov ondan keçmişin heyifini ciddi-cəhdlərlə çıxmağa çalışırdı. AMİP sədrini prezidentliyə namizəd kimi dəstəkləyən "cəbhəçilər" seçkilərdən sonra İ.Qəmbərovun uğursuz siyasətçi olduğunu, müxalifəti çətin duruma saldığını deyirdilər. Həmin dövrdə iki partiya arasında hökm sürən davamlı qarşıdurmalar ötən illərdə, əslində, səngiməyib, sadəcə olaraq, nisbətən qapalı müstəviyə keçib. Son parlament seçkilərindən sonra Müsavatın AXCP (i)-nin birləşməklə bağlı təklifini qəbul etməməsi və ümumiyyətlə, müzakirəyə çıxarmaması da bu psixoloji barışmazlığın aşkar təcəssümü idi.
Olan sıraviyə olur...
Son dövrlər dəyişilməz olaraq cərəyan edən müxalifətdaxili proseslər isə göstərir ki, formal birlik görüntüsü AXCP (i) və Müsavata daxili problemlərini ört-basdır etməyə imkan vermir. Belə ki, sıravi üzvlər "İctimai Palata"nın praktik olaraq, uğursuzluğa düçar olduğunu, nə daxildə, nə də xaricdə uğur qazanmadığını görərək, bərk pərişan olublar. Onlar bu qənaətlərini artıq müxtəlif mətbuat səhifələrinə çıxarmaqdan da çəkinmirlər. Bu, həm də həmin partiyaların rəhbərliyində dayanan şəxslərin siyasi baxımdan perspektivsizliyi ilə şərtlənir. "Biz gəlirik!" şüarı ilə tərəfdarlarını uzun illərdir ki, aldadan İ.Qəmbərov faktiki olaraq, "müxalifətdə qocalmaq", yaxud da "müxalifətə canını tapşırmaq" taleyinə nəsib olub. Onun rəhbərlik etdiyi partiyası guya ki, güclü olduğunu iddia etsə də, son illərdə faktiki olaraq, bütün seçkiləri uduzub, özü də biabırçı həddə. İsa Qəmbərov özü isə sıravi üzvlərin tələblərinə rəğmən, istefa verməyib və siyasi etika, mədəniyyət nümunəsi nümayiş etdirməyib. Eyni fikirləri cəmiyyətdə reputasiyası yaxşı olmayan, davamlı məğlubiyyətə uğrayan AXCP (i) sədri haqqında da demək olar.
Ümumiyyətlə, son parlament seçkilərində tamamilə nüfuzdan düşən, siyasi iddialarının üstünə "su ələnən" bu partiyalar yeniləşmə istiqamətində heç bir addım atmırlar. Çünki buna layiq deyillər və qəbul edilmirlər. Siyasi elitanın yeniləşməsi zərurəti isə sosial sifarişə çevrilərək bütün dünyada gedib və bu da təbiidir: uduzanlar siyasətdən getməli, onların yerini praqmatik və real qüvvələr tutmalıdır. Seçki məğlubiyyətinin dəfələrlə təkrarlanması fonunda radikal müxalifət liderləri belə bir addımı çoxdan atmalı idilər. Həm də ona görə ki, məğlubiyyətə uğrayan bu şəxslərin siyasətdə qalmaları onların rəhbərlik etdiyi partiyaların üzvləri tərəfindən də qəbul edilmir.
R.RƏSULOV