Son günlər AXCP (i) və Müsavatın nəzarətində olan "İctimai Palata" Rəsul Quliyevin bəyanatlarından möhkəm təlaşa düşüb. Bir neçə gündür ki, "İctimai Palata" ilə sabiq spiker tərəfdarları arasında qarşıdurmalar və söz atışmalarına start verilib. Artıq bununla bağlı narahatlıq keçirənlər Pənah Hüseynovu qabağa veriblər. Belə ki, o, "Yeni Müsavat" qəzetində 90-cı illərin əvvəllərində baş vermiş hadisələrdən yazır. Və çox yəqin ki, həmin yazının bir yerində R.Quliyevin "xalqa zidd" fəaliyyəti barədə də bəhs ediləcək. Burada məqsəd R.Quliyevin siyasi revanşının, məqsədinin qarşısını almaq, onun ətrafındakı "güc mərkəzinin" yaranmasını əngəlləməkdir. Məhz bu baxımdan "palata" rəhbərləri sosial şəbəkələrdə oturan adamların saytlarının rəy bölümündə R.Quliyev haqqında tənqid və ironiya yazmağı, onu təhqir etməyi tapşırıblar. Halbuki bir müddət öncə radikal müxalifətin "ideya mühərriki" adlanan P.Hüseynov bəyan etmişdi ki, R.Quliyevin bir siyasi fiqur kimi, siyasi meydanda fəaliyyəti bitib, bundan sonra isə müxalifətdəki rəqiblərinə qarşı revanş götürə bilməz. Həqiqətən də, 2005-ci ilin oktyabrında tutduğu mövqe ilə eks-spiker özü-özünə köklü zərbə vurmuşdu. Xatırladaq ki, bundan sonra R.Quliyevin partiyası parçalandı, daha dəqiq desək, onu ADP-dən kənarlaşdıraraq, rədd etdilər. Bundan sonra R.Quliyev özünə "Açıq Cəmiyyət Partiyası" adlı yeni partiya təsis etdi. Bu gün "ACP" adlanan qurum o qədər zəifdir ki, hətta həmin təşkilatın sədri cəmiyyətdə tanınmır. Onu da qeyd edək ki, "ACP" ötən həftə toplantı keçirib, sabiq spiker sayılacaq qədər olmayan azsaylı tərəfdarlarını bir yerə toplayıb. Bu sıradan hadisə cəmiyyətdə o qədər rezonans doğurmasa da, radikal müxalifətin qarşı tərəfini ciddi narahat edib. "İctimai Palata"nın narahatlığı, qara piar əməliyyatına başlaması da bu səbəbdəndir. "İctimai Palata" rəhbərliyinin narahatlığı da onu sübut edir ki, R.Quliyevin hücuma keçməsi onları nigaran qoyub. Yəni "palata" parçalanmasından qorxur və məsələ isə odur ki, "İctimai Palata"nın parçalanması istiqamətində ilk addımlar atılıb.
Yeri gəlmişkən, son vaxtlar "palata" rəhbərlərinin sosial baza olaraq radikal islamçılardan yararlanmaq cəhdləri də qurum daxilində narazılıq yaradıb. AXCP (i) sədri Əli Kərimovun "islamçılarla anlaşmalıyıq" fikri Müsavat düşərgəsində narazılıqla qarşılanıb. Müsavat, hələ ki, AXCP (i)-dən Elnur Astanbəyli səviyyəsində narazılıq edir. Adıçəkilən şəxs Pənah Hüseynovu tənqid edib, onu radikal islamçılara yaşıl işıq yandırmaqda suçlandırıb. Ehtimal var ki, Müsavatla AXCP (i) arasında bu anlaşılmazlıqlar böyüyüb, nəhəng problemə çevriləcək. Bu günlərdə verdiyi müsahibəsində Ə.Kərimov "biriləri hesab edir ki, mən uyğun namizəd deyiləm" deyə fikrini bildirib. Bu açıqlama isə Müsavata tərəf yönəlib. Hər halda, Müsavat AXCP (i)-ni "palata"dan çölə atmaq, ya da qurumu dağıtmaq istəyir. Müsavatın isə İ.Qəmbərovun "lideriliyi" ilə yeni, AXCP (i)-siz siyasi birlik yaratmaq niyyəti var. Bütün bunlar isə, nəinki "İctimai Palata"nın, eləcə də, ümumilikdə, radikal düşərgənin dağılmasına, məhv olmasına olan ciddi işarədir.
R.Hüseynova