"ACP"-nin "lideri" Rəsul Quliyev son vaxtlar verdiyi sərsəm bəyanatlarlı ilə yenidən gündəmə gəlməyə cəhd göstərir. O, növbəti seçkilərdə, guya, "ən şanslı namizəd"i olduğunu öz təbirincə bəyan etdikdən sonra "lideri" olduğu partiyada süni canlanma yaranıb.
Məsələ ondadır ki, uzun müddət, hətta uzun illər boyu fəaliyyəti hiss olunmayan "Açıq Cəmiyyət Partiyası" guya konfrans tipli bir toplantı keçirib. Partiyanın sədri Vaqif Mahmudov isə daxili hisslərinə qapılaraq guya belə bir vəziyyətdə, yəni R.Quliyevin hap-gopundan sonra "ACP"-nin müşahidəçi mövqeyində qalmasının mümkünsüzlüyünü qeyd edib. Guya əsas müzakirə mövzusu R.Quliyevin elan etdiyi qondarma "müqavimət hərəkatı" və "ACP"-nin bu səmərəsiz hərəkatda "yeri və rolu" barəsində olub. Lakin ortada digər bir fakt da mövcuddur ki, bu da "ACP"-nin nəyə görə anidən ortaya çıxması məsələsidir. Məlum olub ki, R.Quliyev bu "iddiasını" reallaşdırmaqdan ötrü öz cibindən bir milyona yaxın dollar xərcləməyə belə çəkinməyib. Məhz bu səbəbdəndir ki, hətta bir az da qabağa gedərək, digər müxalifət partiyalarına "hərəkata" qoşulmaları istiqamətində tövsiyələr də edilib... Maraqlıdır ki, bəs R.Quliyevin bu çağırışı digər müxalifət partiyalarında necə qarşılanıb?
Nurəddin Məmmədli: "Müqavimət hərəkatı" nədir?"
Belə ki, özlərini müxalifətin "anası"qismində ictimaiyyətə sırıyan AXCP (i)-çilər R.Quliyevə qarşı sərt şəkildə çıxmağa başlayıblar. Belə ki, partiya sədrinin müavini Nurəddin Məmmədli müxalifətin "birliyi" istiqamətində R.Quliyevin çağırışlarını dəstəkləmədiklərini bildirib. O deyib ki, AXCP (i) R.Quliyevin bu cür iddialarına qarşı onu "İctimai Palata"ya çağırır: "Ancaq mən bilmirəm ki, Rəsul Quliyevin elan etdiyi "müqavimət hərəkatı" nədir və orada kimlər olmalıdır. Qoy təkliflərini əsaslandırılmış şəkildə ortaya qoysunlar. Bəlkə, doğrudan da, "ağıllı" nələrsə var".
Əvəz Temirxan: "Ona qalsa, biz bu ilin əvvəlindən müxalifətə çağırış etmişdik"
ALP sədri Əvəz Temirxan isə guya "VİP" və "KXCP" ilə məsləhətləşmələr apardıqlarını, buna görə də başqa əməkdaşlıq formalarını, nəinki nəzərdən keçirmədiklərini, hətta qəbul etmədiklərini bildirib: "Bu məsələdə kiminsə "müəllifliyi" qabardılmamalıdır. Bunu bir adamın adına yazmaq, bir adamın çağırışı kimi qələmə vermək düzgün deyil. Ona qalsa, biz bu ilin əvvəlindən müxalifətə çağırış etmişdik".
Əli Oruclu: "Görək, belə bir "hərəkatın" yaranması mümkün olacaq, ya olmayacaq?!"
AMİP-in mətbuat katibi Əli Oruclu da bu kimi siyasi qüvvələrlə əməkdaşlıqda maraqlı olmadığını deyib: "AMİP bu cür siyasi oyunlara girmək fikrində deyil və olmayacaq. Rəsul Quliyevin müxalifəti dəvətinə gəlincə, hələ gözləyək, görək, belə bir "hərəkatın" yaranması mümkün olacaq, ya olmayacaq?! AMİP heç zaman kiməsə və harayasa qoşulmayıb".
Göründüyü kimi, R.Quliyevin "Müqavimət Hərəkatı" təşəbbüsü müxalifət partiyalarında maraq doğurmamaqla yanaşı, onlarda eks-spikerə qarşı qıcıq yaradıb, bu isə, onu deməyə əsas verir ki, R.Quliyevin qondarma hərəkatı elə qondarma müxalifət tərəfindən də rədd edilir.
RÖVŞƏN