PDF Oxu

Müxalifət

  • 14

Ondan-bundan “ruhlanan” radikallar

Ondan-bundan “ruhlanan” radikallar

Məlum olduğu kimi, ərəb dünyasında baş verən inqilablar, eləcə də, postsovet ölkələrində cərəyan edən son hadisələr dünyanın diqqət mərkəzindədir. Bəzi siyasi dairələr bu olayları uzun illərdən bəri yığılıb qalan narazılıqların məntiqi yekunu kimi qiymətləndirir, bəziləri isə bunun məqsədli şəkildə həyata keçirildiyini iddia edirlər. Lakin bütün bunlardan fərqli olaraq, Azərbaycanda özlərini "ənənəvi müxalifət" adlandıran radikallar bunları öz "təfəkkürləri" ilə ölçməyə cəhd göstərirlər. Daha dəqiq desək, Azərbaycandakı radikal müxalifət liderləri və funksionerləri baş verənlərin guya ölkəmizə də gəlib çatacağını bildirərək, əhalini icazəsiz mitinqlərə, dağıdıcı aksiyalara səsləyirlər.

Həmişə bu "siyasətə" adət edən radikal müxalifət "liderləri" Azərbaycanda qarşıdurmalar olmasını, sabitliyin pozulmasını özlərinin "ana fəaliyyəti" olaraq ortaya qoyurlar. Onlar hakimiyyətə gəlmək üçün dəfələrlə bu cür üsullardan istifadə ediblər və bu gün də ənənəvi fəaliyyətlərini davam etdirirlər. Gəlin bir anlığa tarixə kiçik bir ekskurs edək. Belə ki, 2005-ci ilin parlament seçkiləri öncəsi Gürcüstan, Ukrayna və Qırğızıstanda baş qaldıran inqilablardan sonra radikal müxalifət "liderlər"i Azərbaycanda da bunun baş verəcəyini bəyan edir, aksiyalar keçirir, xalqı hakimiyyətə qarşı mübarizəyə səsləyirdilər. Bu ölkələrdə baş verən inqilablardan ruhlanan radikallar boyunlarına narıncı şərf dolayır, narıncı rəngli paltarlar geyinirdilər. Sonda nə baş verdi? Nəticəyə baxaq və nə baş verdiyini nəzərdən keçirək: Azərbaycanda onların xəyallarında arzuladıqları inqilab oldumu, yoxsa xalq bunları dəstəklədi? Təbii ki, Azərbaycan vətəndaşları Prezidenti, Onun yürütdüyü məqsədyönlü uğurlu siyasəti dəstəkləyib və dəstəkləyir, Onun ətrafında sıx birləşib. Belə olan halda, radikal müxalifət "liderlər"inin hansı inqilablarından danışmaq olar? Ümumiyyətlə, istər ərəb dünyasında, istərsə də son günlər Rusiyada baş verənlərin ölkəmizdə də təkrarlanacağı haqqında səsləndirilən fikirlər absurddur, bununla bağlı söylənilənlər boş xülyalar və cəfəngiyyatdır.

Onu da demək mümkündür ki, radikal müxalifət düşərgəsində qəribə bir yanaşma yaranıb, belə çıxır dünyanın harasında nə baş verirsə, bu, mütləq Azərbaycanda da təkrarlanmalıdır. Bütün bunlar radikalların uğursuzluqlarının daha bir etirafı, xalqdan dəstək almamalarının növbəti göstəricisidir.

Müxalifət "liderləri" özləri xalqdan sui-istifadə etməyə cəhd göstərib və daim onları irəli verib gizlənməklə məşğuldurlar. İndiyə qədər bircə dəfə də olsun radikal müxalifət "liderlər"inin hər hansı icazəsiz və qanunsuz aksiyada iştirakına şahid olmamışıq. Övladlarını xaricdə oxutduran, özlərinə və ailələrinə komfortlu həyat yaradan bu insanlar öz çirkin niyyətlərini həyata keçirmək üçün sadə əhalidən istifadə edirlər. Sual yaranır ki, niyə Əli Kərimovun, İsa Qəmbərovun övladları yox, sıravi müxalifətçilər həbs olunurlar? Səbəb aydındır. Mitinqlər radikal müxalifət "liderlər"inə xarici havadarlarına yarınmaq, onlardan daha artıq pul qoparmaq üçün lazımdır. Hər bir tutulan müxalifətçi bu insanlar üçün əlavə pul deməkdir. Bu gün Azərbaycanda radikal müxalifət "lider"i yoxdur və onlar öz mövcudluqlarını qorumaq üçün bütün çirkablara getməkdən belə çəkinmirlər. Belə çirkabların sonu isə heç də yaxşı qurtarmır, əlbəttə ki, radikalizm üçün...


R.Hüseynova

Digər xəbərlər