Son vaxtlar yenidən səsi-küy çıxarmağa başlayan "ACP" lideri Rəsul Quliyev hər gün bir yuxu görməkdə davam edir. Onun günaşırı olaraq müxalifət mətbuatında gah bir, gah da digər tərzlərdə müxtəlif cür siyasi açıqlamalar verməsi də həmin yuxuların ona təsir etdiyi mənfi nəticələridir. Görünür, bu amil onun psixikasına ciddi təsir göstərir. Ona görə də hansısa qondarma "müqavimət hərəkatı" barədə danışarkən deyib ki, növbəti ilin aprelindən Bakıda "yüz minlik" mitinq keçirəcək. Amma nədənsə deməyib ki, yuxudakı mitinqində o qədər adam haradan gəlib? Axı adicə "ACP"-də 10-15 nəfər öelə yoxdur. Amma bu, yuxudur. Yuxuda isə hər şey olur, hətta aranı-dağa, dağı da arana aparmaq mümkündür. Ona görə də R.Quliyev bununla özünə təskinlik verir. Ac toyuq yuxusunda darı gördüyü kimi, R.Quliyev də röyalarında mitinqlər görür. Hətta həmin mitinqləri Bakı olmaqla, regionlarda da keçirir.
Amma "ACP" liderinin bu yuxusuna digər müxalifət liderləri narazı qalıblar. Belə ki, "İctimai Palata" rəsmiləri etiraf edib ki, bu ilin mart-aprel aylarında keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyalarda adam toplaya bilməyiblər. Ona görə də R.Quliyevin mitinq keçirmək iddiasına barmaqarası baxırlar. Lakin bir az da qış yuxusuna getsələr, bəlkə onlar da "ACP" liderinin gördüyü yuxunu görə bilmək imkanına malik ola bilərlər.
Məsələ ondadır ki, AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı nə qədər yatsalar da, yuxularında böyük həcmli mitinq görə bilmədiklərini deyir. Ona görə də R.Quliyevdən bunun texnologiyasını öyrənməyə çalışdıqlarını gizlətmirlər. Belə olan vəziyyətdə bizdən "İctimai Palata"ya bir məsləhət: tərk etsinlər ölkəni və getsinlər R.Quliyevin yanına ABŞ-a. Sonra da yıxılıb yatsınlar, onun yerində və başlasınlar sözügedən yuxuları görməyə. Ən azından onlar da birtəhər özlərinə təskinlik vermiş olarlar. Amma yuxularındakı "yüz minlərlə insan"dan çoxunu görməsinlər. Yoxsa dəli-filan olub ailələrinə yük olarlar.
RÖVŞƏN