PDF Oxu

Müxalifət

  • 15

“İctimai Palata” sonuncu böhrana dözmədi

“İctimai Palata” sonuncu böhrana dözmədi

Radikal müxalifət düşərgəsinin 2011-ci il aqibəti, yəni sonuncu böhranı bir daha sübut etdi ki, burada heç bir normal mühit yoxdur və "İctimai Palata"da toplaşanlar arasında heç də qarşılıqlı anlaşma mövcud deyil. Ötən ilin qır-qırıntılarını bu ilin ilk günlərində də təmizləyə, yaxud da yaranmış vəziyyəti tənzimləyə bilməyən radikal düşərgə liderləri son etibarilə şəxsi mənfəətlərini önə çəkib, digərlərini kənara tullamaqla məşğuldurlar. Təbii ki, bu sferada AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərovun rolu danılmazdır.

Hələ ötən ilin son aylarında "İctimai Palata" daxilində yaşanan ardıcıl böhranlar qondarma qurumun vəziyyətdən çıxa bilməyəcəyini proqnozlaşdırırdı. Və bu proqnozlar özünü doğrultmaqdadır. "Palata"nın koordinasiya şurasının yeni tərkibdə formalaşacağını bəyan edən Ə.Kərimov-İ.Qəmbərov cütlüyü zaman yaxınlaşdıqca oraya rəhbərlik etmək istəyən digər müxalifətçiləri kənarlaşdırmaqda israrlı olduqlarını nümayiş etdirirlər. Məsələn, "Ümid", VHP, "AMDP", "Əhrar" kimi partiyaların təmsilçiləri öz namizədliklərini versələr də, onların ərizələri birbaşa zibil yeşiyinə atılır. Nəticədə bəlli olur ki, sən demə bütün bu olayların başında məhz AXCP (i) və Müsavat rəhbərləri dayanıb.

Bir müddət bundan öncə "İctimai Palata"da pafoslu şəkildə bir çox siyasi partiyaların cəmləşdiyini iddia edənlər isə tamamilə bunun əksini görürlər. Çünki tərkibləri 50-100 nəfərdən ibarət olan siyasi partiyaların "partiya" kimi təqdim olunmasının özü gülüncdür və bunu anlayan məlum cütlük hazırda "cırtdan" partiyalarla əməkdaşlıq etmədiklərini sərgiləməkən ötrü, onların koordinasiya şurasına verdikləri ərizələri cırıb kənara tullayırlar. Bu faktlar isə bir daha onu deməyə əsas verir ki, "İctimai Palata", həqiqətən də, monopoliya şəraitində fəaliyyət göstərir. Həmin monopoliyanın rəsmiləri isə, təbii ki, Kərimov-Qəmbərov cütlüyüdür.

Hətta vəziyyət o həddə qədər gedib çıxıb ki, yanvar ayının 8-nə planlaşdırılan iclasın təxirə salınacağı da istisna olunmur. Daha dəqiq desək, "İctimai Palata" yanvarın 8-də rəsmi olaraq iflasını qəbul etmək məcburiyyətində qalacaq. Xatırladaq ki, adıçəkilən qurumun bir çox qondarma instansiyaları birbaşa AXCP (i) və Müsavatın nəzarətində qalmaqla, oradakı avtoritar rejimi təsdiqləyir. Koordinasiya şurasının yenilənməsi üçün ərizə verənlər isə daim hər iki partiya sədrinə qarşı etirazlarını bildirənlərdir. Onlar hətta tələb edirlər ki, nə Ə.Kərimov, nə də ki, İ.Qəmbərov "İctimai Palata" da söz sahibi olmamalıdırlar.

Təbii ki, bu qədər hadisələrdən sonra müxtəlif siyasi oyunbazlıqlara əl atan "liderlər" yanvarın 8-dən sonra da birtəhər çıxış variantları axtarmağa başlayacaqlar. Lakin bu qədər yalanın arxasından, daha doğrusu, altından qalxmaq heç də asan məsələ deyil. Çünki onların limiti 2011-ci ildə bitdi. Bunun rəsmiləşməsinə isə sadəcə bir neçə gün qalıb.

Əldə etdiyimiz ən son məlumatlara görə, yanvar ayının 8-də ərizələri qəbul olunmayan digər müxalifət partiyalarının üzvləri əks halda "palata" daxilində qiyam edəcəklərini açıqlayıblar. Müxalifətə yaxın bir neçə saytlarda, eyni zamanda, sosial şəbəkələrdə Kərimov-Qəmbərov inhisarçı cütlüyünə qarşı qiyam qaldırmada dəstək axtaran narazılar "İctimai Palata"nın rəsmən iflasa uğraması haqqında sənəd tələb edəcəklər. Onlar həmin sənədi müxtəlif xarici təşkilatların informasiya şəbəkələrinə yerləşdirəcəklərini də istisna etməyiblər. Bizdən isə daha öncə verdiyimiz proqnozların gerçəkləşməsini gözləmək qalır.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər