Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının sonuncu iclası partiya daxilində çaxnaşma yaradıb. "İctimai Palata"nın koordinasiya şurasına keçiriləcək seçkilərlə bağlı verilən qərar partiya üzvləri arasında fikir ayrılığına səbəb olub.
Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun "İctimai Palata"nın koordinasiya şurasına namizədliyini irəli sürməsi vəziyyəti daha da gərginləşdirib. Daha doğrusu, AMİP baş katibi Arzuxan Əlizadə mətbuata açıqlamasında partiyanın qərarına hörmətsizlik etdiyinə görə, onun partiya sıralarından xaric edildiyini söyləyib. Əli Orucovun Arzuxan Əlizadənin açıqlamasına münasibəti sərt olub. O, bizimlə söhbətində bildirib ki, onu AMİP-dən xaric etməyə kiminsə gücü və imkanı çatmaz: "Mən "İctimai Palata"nın Koordinasiya Şurasına namizədliyimi irəli sürmüşəm. Partiyanın Siyasi Şurası isə qərar verib ki, "İctimai Palata"da təmsil olunan AMİP-çilər koordinasiya şurasına namizədliklərini irəli sürə bilməzlər. Məsələnin kökü də məhz bundadır".
Ə.Orucov bildirib ki, partiyanın nizamnaməsi var və məni istefaya göndərmək istəyirlərsə bunu nizamnamə qaydaları ilə həll edə bilərlər: "Partiyada hər kəsi, eləcə də məni, Arzuxan Əlizadəni Yusif Bağırzadəni də daha yaxşı əvəz edə biləcək kifayət qədər insan var.
Koordinasiya şurasına namizədliyinizi geri çəkəcəksiniz sualına isə Əli Orucov belə cavab verib: "Mən qərar verirəmsə, deməli, düşünüb qərar verirəm. Mənim koordinasiya şurasında təmsil olunmağım isə şura üzvlərindən, səsvermənin nəticələrindən asılıdır. Bəlkə heç məni seçməyəcəklər".
AMİP lideri Etibar Məmmədovla bu məsələ ilə bağlı hər hansı fikir mübadiləsinin olmadığına da toxunan Ə. Orucov bu məsələlərdə partiya liderinin adının hallanmasına qarşı olduğunu vurğulayıb: "Etibar Məmmədov mənim liderimdir, ağsaqqalımdır. Onun məsləhətlərinə, tövsiyələrinə həmişə ehtiyacım var. O, partiyaçıların məsələlərinə qarışmır. Bu, daxili məsələlərdir. İstəməzdim ki, bu kimi şeylər mətbuata çıxsıb ictimailəşsin. Bunlar partiya daxilində həll olunmalı idi. Ona görə də Etibar Məmmədovun bu məsələlərdə adının qarışdırılmasının tam əleyhinəyəm".
AMİP baş katibi Arzuxan Əlizadənin niyə ondan xəbərsiz istefa xəbərini verməsində hər hansı bir qərəzin olması məsələsinə gəlincə, Ə.Orucov bunları deyib: "Arzuxan Əlizadə məndən canını qurtarmaq üçünmü bu kimi açıqlamalar verib deyə bilmərəm, bunu ondan soruşmaq lazımdır. Düşünmürəm ki, o, canını məndən qurtarmağa çalışır. Partiyada isə mənim rəqibim yoxdur. Yəni oradakılar mənim dostlarım, əqidə yoldaşlarımdır".
CABİR