Dağılmasının əsası hələ keçən ildən qoyulan qondarma "İctimai Palata"nın növbəti "yaşam" cəhdi olduqca uğursuz alındı. Belə ki, adıçəkilən qurumun "sessiya" adı altında planlaşdırdığı tədbir, demək olar ki, sönük və ciddi qarşıdurmalarla yadda qaldı. Bu fakt isə, bir daha onu deməyə əsas verir ki, "palata" nəinki müxalifətdə, ümumiyyətlə, heç bir sferada bir addım da olsun irəliyə getmək imkanında olmayıb. Çünki həm elektorat, həm də ümid bəslədiyi bəzi Qərb siyasi dairələri "İctimai Palata"dan əllərini birdəfəlik üzüblər. Bunun bütün səbəbləri isə bilavasitə AXCP (i) sədri Əli Kərimovun və Müsavat başqanı İsa Qəmbərovun müxalifəti bütövlükdə inhisarlarına almaq cəhdlərinin bariz göstəricisidir.
Ya mən, ya da heç kim
Onu da söyləmək mümkündür ki, bunun üçün bir çox sübutlar var ki, həmin sübutlardan növbətisi sözügedən "sessiyaya" məhz Müsavat başqanının rəhbərlik etməsidir. Məhz bu səbəbdən də "yekdilliklə" qəbul olunan qərar heç də yekdilliklə qəbul olunmayıb və ciddi narazılıqların başlanğıcı da buradan başlayıb. İ.Qəmbərovun bu hadisədən sonra çıxış etməsi isə vəziyyəti daha da mürəkkəbləşdirib. Ya mən, ya da heç kim "şüarına" sadiq qalan Müsavat başqanı çıxış edərkən ard-arda bir neçə hadisə yaşandı. Onsuz da yetərli say olmadığından yarıboş qalan zalda bir neçə "cəbhəçi" funksioner nümayişkəranə şəkildə oranı tərk ediblər. Bu isə, təbii ki, AXCP (i) sədri Əli Kərimovun bir neçə gün öncə onlara verdiyi tapşırığın bir hissəsi kimi dəyərləndirilə bilər. Çünki öncədən bəlli idi ki, "sessiyaya" İ.Qəmbərov sədrlik edəcək. Ə.Kərimov isə bundan narazıdır. Hətta keçən həftə baş tutan "gecə görüşündə" də bu mövzuda tərəflər arasında narazılıqlar yaranmışdı.
Lakin yaşanan ziddiyyətlər bunlarla da bitməyib. İ.Qəmbərov çıxış edərkən, bildirib ki, guya onlar "İctimai Palata" olaraq, cəmiyyətdə və dünyada tanınan təşkilat kimi formalaşıblar. O, bu "formalaşmanı" "Yol Xəritəsi" və icazəsiz aksiyalarla əldə edildiyini iddia etsə də, zalda həmin çıxışa qarşı etiraz səsləri ucalıb. Yəni zalda oturan on-on beş nəfər sıravi müxalifətçilər Müsavat başqanını şişirtmələrdə günahlandırıblar. Bu isə nəticədə İ.Qəmbərovun cangüdənlərinin məsələyə müdaxiləsi ilə sonuclanıb. Daha dəqiq desək, radikal müxalifətin "demokratiyası" öz işini görüb və etiraz edənlər bayıra çıxarılıb. Görünür, İ.Qəmbərovun əsil "demokratiyası" da məhz 1992-ci ildə "formalaşmış" tendensiyadır ki, özünü 2012-ci ildə də göstərir. Eləcə də, hədəflərinə çatmadıqlarını etiraf edən Müsavat başqanı bununla bir daha öz zəifliklərini ortaya qoymuş oldu.
Bir "namizəd" digərini həzm etmədi
"Koordinasiya şurası"na keçirilən seçkilərdə də antidemokratik və sifarişli anların yaşanması gözlərdən yayınmadı. Məsələ ondadır ki, bir çox namizədlər hələ dırnaqarası seçki keçirilməmiş geri çəkildilər və məlum oldu ki, "koordinasiya şurası"na seçilənlərin hər biri ya İ.Qəmbərovun, ya da ki, Ə.Kərimovun yaxınlarıdırlar. Başqa tərəfdən, namizədliklərini geri çəkənlər həm Ə.Kərimovun, həm də İ.Qəmbərovun adamlarına qarşı səlib yürüşü hazırlayacaqlarını açıq şəkildə bildirdilər.
AXCP (i) sədri Ə. Kərimov da İ.Qəmbərov kimi kürsüyə qalxdığı zaman zalda oturanlardan bir neçə nəfərin nümayişkəranə şəkildə oranı tərk etmələri diqqətdən yayınmayıb. Belə ki, sonradan məlum olduğuna görə, onlar yaxın ərəfələrdə Ə.Kərimovun partiyasıdan istefa verən adamlar idilər ki, hazırda müəyyən xərclər hesabına İ.Qəmbərovun "tərəfdarları" kimi qələmə verilirlər. Lakin bu barədə bir az sonra daha təfsilatlı qeydlər aparacağıq.
Əli "bəyin" çəpəki baxışları kimə qarşı yönəlmişdi?
"Cəbhə" sədri Ə.Kərimov növbəti dəfə əllərini ölçə-ölçə danışarkən, "İctimai Palata"nın yarıtmaz siyasətini bir kənara qoyub, özünün reklamına isə daha çox yer ayırıb. Çünki hər dəfəsində "mən" deyən Ə.Kərimovun bu səhvi növbəti etirazlarla nəticələnib. Hətta İ.Qəmbərovun ona yönəlmiş "Əli bəy, mən yox, biz" xitabı yaranmış vəziyyəti daha da mürəkkəbləşdirib. Bu hal isə "cəbhə" sədrinin xoşuna getməyib və o, hər zamankı kimi əzilib-büzülərək İ.Qəmbərovun atmacasına tərs-tərs baxışları ilə münasibət bildirib.
Bütün bu baş verənlərə nəzər saldığımız zaman belə bir şərh vermək mümkündür ki, həm "Yeni Müsavat", həm də "Azadlıq" qəzetlərinin yazdıqları hap-goplara rəğmən, qondarma "palata"nın qondarma "sessiyası" və qondarma "seçkiləri" müxalifətin radikal qanadından o yana keçməyib. Çünki bütün bunlar keçmişdə qalmış çürük düşüncələrin təbii nəticələridir ki, həmin nəticələr öz sonluğunu yaşayan radikalizmdə daha aydın görünür. Bu gün belə bir lüzumsuz, atmacalı, ziddiyyətli tədbirləri ilə özlərini biabır edənləri Azərbaycan xalqı qətiyyətlə qəbul etmir. Çünki onların hay-küyçü, qaragüruhçu çağırışları, ümumiyyətlə, heç kimi maraqlandırmır. Belədirsə, onda qoy özlərinə istədikləri qədər təsəllilər versinlər.
R.RƏSULOV