Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər vəzifəsindən gedəcək və qurultayda yeni başqan seçiləcək. Bunu Trend-ə açıqlamasında partiyanın sıravi üzvü, qurultay nümayəndəsi, "Yeni Müsavat" qəzetinin təsisçisi Rauf Arifoğlu deyib. "İsa Qəmbərin partiya başqanlığında saxlanılması müzakirəyə heç bir lüzum olmayan məsələdir. Artıq həll olunmuş məsələdir - gedəcək və yeni başqan gələcək", - Arifoğlu əlavə edib. O bildirib ki, Müsavat Partiyasının növbəti qurultayda başqanlığına namizəd kimi yalnız Arif Hacılı öz iddiasını irəli sürüb.
"Hesab edirəm ki, Müsavat Partiyasının daxilində partiyanın başqanı seçilə biləcək çoxsaylı layiqli insanlar var. Partiya üzvləri və başqan olmaq istəyən şəxslər son qərarı verəcəklər. Qurultay nümayəndəsi kimi, Arif Hacılı daxil olmaqla, iddiaçıların kimliyinə baxaraq öz seçimimi müəyyənləşdirəcəyəm. Arif Hacılı tək namizəd kimi qurultaya getsə, mən ona səs verəcəyəm", - Arifoğlu deyib.