PDF Oxu

Müxalifət

  • 10

Azərbaycan müxalifəti iflic vəziyyətdədir

Azərbaycan müxalifəti iflic vəziyyətdədir

Son zamanlar bəzi radikal müxalifət partiyalarının sədrləri, o cümlədən, "ACP" lideri Rəsul Quliyev bu ilin aprel ayında 100 min nəfərdən ibarət mitinq keçirəcəyini bəyan edib. Eyni zamanda, radikal müxalifətin yaratdığı "İctimai Palata" düşərgədə parçalanmaya gətirib çıxarıb. Hətta bəzi müxalifət partiyaları adıçəkilən qurumda təmsil olunmaqdan imtina ediblər. Bir neçə gün öncə AMİP bəyan edib ki, adıçəkilən partiyanın hər hansı üzvü "İctimai Palata"nın KŞ-yə namizədliyini irəli sürərsə, həmin şəxs AMİP-dən kənarlaşdırılacaq. Məsələ ilə bağlı "Səs" qəzetinə münasibət bildirən siyasi partiya sədrləri qeyd etdilər ki, bütün bu proseslər radikal düşərgənin sonunun gəlib çatdığına dəlalət edir.


"RADİKAL MÜXALİFƏT 1OO MİN NƏFƏRİN İŞTİRAKI İLƏ MİTİNQ KEÇİRMƏK GÜCÜNƏ MALİK DEYİL"


Mais Səfərli,

"Yurddaş" partiyasının sədri:


- Bu fikirlər R.Quliyev kimi adamların mənasız bəyanatlarından başqa bir şey deyil. Hər kəsə bəllidir ki, nə Rəsul "bəy", nə də bu tip insanlar 100 min nəfərin iştirakı ilə mitinq keçirmək gücünə malik deyil. Yəni bu kimi bəyanatlar reallığa söykənməyən bəyanatlardır. Hər kəsə bəllidir ki, Prezident İlham Əliyevdən başqa heç kəs bu cür mitinqlər keçirmək qabiliyyətinə malik deyil. Çünki ölkə başçısı xalqımızın səsini, dəstəyini qazanan yeganə liderdir. Əgər xalq radikal müxalifət partiyalarının sədrlərini dəstəkləsəydi, onlar neçə illərdir ki, hakimiyyət üzünə həsrət qalmazdı.

Bu gün hər kəsə bəllidir ki, ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq təşkilatlar, xarici ölkələr də Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir. Yəni bu gün respublikamız regionun güc mərkəzinə çevrilib. İstər ABŞ, istərsə də Avropa ölkələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır.Radikal müxalifət nümayəndələrinin fikirlərinin əksinə olaraq, respublikamız böyük uğurlara imza atmışdır. Ötən il Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi hakimiyyətin, o cümlədən, ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir. Amma təbii ki, bəzi xarici qüvvələr var ki, onlar Azərbaycanı bəyənməyən qüvvələrdir. Həmin qüvvələr bir neçə il öncə R. Quliyevlə danışıqlar apararaq, əməkdaşlıq etmək fikirinə düşmüşdülər. Ancaq indi onlar Rəsul "bəy"dən əllərini üzüblər. Yəni R.Quliyevi Qərb qüvvələrinin dəstəkləməsi fikri ilə razılaşmıram.

"İctimai Palata" yarananda qeyd edirdilər ki, bu qurum radikal müxalifət partiyalarının güc mərkəzinə çevriləcək. Ancaq məlum olduğu kimi, təxminən bir ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, "İctimai Palata" radikal düşərgənin parçalanmasına gətirib çıxarır. Hər kəsə bəllidir ki, radikal müxalifət partiyalarının arasında ciddi fikir ayrılığı mövcuddur. Hətta bəzi radikal müxalifət partiyaları "İctimai Palata"da təmsil olunmaqdan imtina ediblər. Yəni bütün bunlar onu deməyə əsas verir ki, "İctimai Palata" "bəy"lərin qeyd etdiyi kimi, müxalifətin güc mərkəzinə çevrilməyib.

"RADİKAL MÜXALİFƏT NEÇƏ İLDİR XALQI ALDATMAQLA MƏŞĞULDUR"


Tahir Kərimli, "Vəhdət" partiyasının sədri:


Radikal müxalifətin artıq gücü tükənib. Özlərini "xilaskar" mövqeyində təqdim etmək yalandan başqa bir şey deyil. Radikal müxalifət "bəy"ləri neçə illərdir xalqı aldatmaqla məşğuldur. O ki qaldı R.Quliyevə o özü də nə etdiyinin, nə dediyinin fərqində deyil. Axı kimdir Rəsul "bəy"i dəstəkləyən və o, hansı qüvvə ilə mitinq keçirəcək? Hətta bir zaman onu dəstəkləyən ADP ondan imtina etdi. Onlar cəmiyyətdə belə bir fikir formalaşdırıblar ki, guya xalqın içərisində onları dəstəkləyənlər var. Əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan iqtidarı bu gün xalqın dəstəyini qazanıb. Azərbaycan xalqı Ona etimad göstərir. Lakin üzdəniraq müxalifətin cəfəngiyyat fikirlər səsləndirməsi gülünc görünür. Xalqımız onları heç vaxt dəstəkləməyib və bundan sonra da dəstəkləməyəcək. Yəni ölkə ictimaiyyəti onların yalanlarına inanmır.

"İctimai Palata"nı "İctimai Palatka" adlandırmaq lazımdır. Çünki adıçəkilən qurumun keçirdiyi iclaslar yasxananı xatırladır. Bu gün radikal müxalifət partiyalarının yaratdığı bu cür oyuncaq qurumlar siyasi arenada nüfuz qazana bilməyiblər. Bəzən radikal "bəy"lər qeyd edirlər ki, "İctimai Palata" müxalifətin güc mərkəzinə çevrilib. Bu, radikal müxalifətin uydurduğu yalandan başqa bir şey deyil.


ANAR MƏCİDZADƏ

Digər xəbərlər