Bu günlərdə radikal müxalifət mətbuatında AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərovun və daha bir neçə radikal müxalifət liderlərinin gecə görüşü barədə məlumat yayılmışdı. Necə deyərlər, gecə qara-cücə qara amilindən yararlanmaq istəyən lidrlərin sözügedən gecə görüşləri arxasında qaranlıq məqamların dayanması heç kimə sirr deyil. Maraqlıdır ki, nəyə görə bu adamlar növbəti görüşlərini məhz gecə saatlarında müəyyənləşdiriblər? Məgər bunu günün-günorta vaxtı etmək olmazdımı? Əlbəttə ki, olardı. Sadəcə, gecə saatlarında baş tutan görüş görüntü xarakteri daşınmaqdan ötrü planlaşdırılmışdı. Guya bunlar gecələr də yatmayaraq, camaatın "dərdinə-sərinə" qalırlarmış. Ancaq burada daha bir neçə məqamın dayandığı məlumdur ki, həmin məqamlardan biri də "İctimai Palata"nın fəaliyyətsizliyini, daha dəqiq desək, iflasını ört-basdır etməkdən ötrüdür. Çünki hələ ötən ilin son günlərindən başlayaraq adıçəkilən qurumda ciddi narazılıqlar baş qaldırmış, bir sıra qurumdaxili instansiyalarda rəhbərlik etməkdən ötrü qarşılıqlı ziddiyyətlər yaşanmışdı. Məhz həmin qarşıdurmaların davamı bu il də özünü göstərməkdədir.
"Koordinasiya şurasını" əldə saxlamaq məqsədi
Məlum olduğu kimi qondarma qurumun "koordinasiya şurası"na dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdu və bildiyimiz kimi həmin "şuraya" məhz Əli Kərimov, İsa Qəmbərov və digərlər inhisarçı liderlər rəhbərlik edirlər. "İctimai Palata"nın tərkibində cəmləşən başqa müxalifətçilər isə həmin heyətə qarşı narazılar qrupu yaradaraq, onlara qarşı adekvat addımlar atacaqlarını bəyan etmişdilər. Həmin müxalifətçilər bir neçə "cırtdan" partiyalardakı fəaliyyətlərini genişəndirmək amacı ilə fəaliyyətlərini "koordinasiya şurasında" davam etdirmək iddiasında olduqlarını mətbuatda səsləndirmişdilər. Onu da xatırladaq ki, həmin narazı və iddialı qruplaşmaya rəhbərliyi AXP lideri Pənah Hüseynov edir. Çünki onun özü də "koordinasiya şurasında" fəaliyyət göstərmiş, sonradan həmin "şuranı" tərk etdiyini bəyan etmişdi.
Nəticədə bu addımı ilə həm Ə.Kərimova, həm də İ.Qəmbərova bir növ ismarıc yollamışdı ki, siz də oranı tərk edin və yerinizi digər müxalifətçilərə verin. O, bu vasitə ilə müəyyən mənada liderliyi ələ almağa çalışıb. Bu ərəfələrdə "şuraya" rəhbərlik etməkdən ötrü bir neçə "cırtdan" partiyaların sədrləri imza toplayıblar və israrlı olduqlarını bəyan ediblər. Ancaq P.Hüseynovun bu planlarından xəbərdar olan AXCP (i)-Müsavat rəhbərləri "koordinasiya şurasının" əldən verilməməsi istiqamətində gizli danışıqlar aparıblar. Həmin danışıqların mövzusu başqa səmtə də yönəldilib. "Şuranın" qondarma açıqlaması və sosial şəbəkələrlə bağlı atılan çirkin addımları da bəzi məqamları üzə çıxarır.
Bu dəfə də gənclər
"zəhərlənir"
Öz təbirlərincə "gənc fəallar" adlandırılan üç-beş nəfər gəncin sosial şəbəkələrdə müxtəlif çağırışlar etmələri arxasında da bu cür qaranlıq məqamlar dayanıb. Guya həmin bu "fəallar"ın sosial şəbəkələrdə yeni etiraz kampaniyasına start verdiyi açıqlanıb. "Böyük Xalq Hərəkatı" adlanan qondarma etiraz kampaniyasına "Facebook"da və "Twitter"də radikal müxalifət və xarici qurumlar tərəfindən sifarişlə ələ alınmış adamlar şərhlər veriblər. Məsələ ondadır ki, bu tip əməllərin arxasında əcnəbi barmağının olması şübhəsizdir. Çünki burada hazırda Fransada yaşayan Elnur Məcidlinin adı hallanır. Fransada isə nə qədər erməninin yaşaması, erməni lobbisinin varlığı heç kimə sirr deyil. E.Məcidlinin isə ermənilərlə, eləcə də, ermənilərə dəstək olan xarici qüvvələrlə əlbir olmamasını heç kim deyə bilməz. Çünki bu şəxs də öz ölkəsinə qarşı satılmış xəyanətkarlardan biri kimi hafizələrdən silinməyib. E.Məcidli "Böyük Xalq Hərəkatı" səhifəsinin idarə heyəti adından açıqlama verərək bildirib ki, "əsas məqsədlərdən biri internet istifadəçisi olan narazı azərbaycanlıları bir araya gətirmək, hakimiyyətə ictimai nəzarəti gücləndirməkdir" (?!) O, hətta bir az da irəli gedərək deyib ki, guya qondarma hərəkatın idarə heyətinin Amerikada, Avropada və Azərbaycanda yaşayan gənclər təşkil edir. Buradan bir daha aydın olur ki, yuxarıda vurğulanan gecə görüşünün təfərrüatrları məh bu cür dağıdıcılıq müstəvisi üzərindədir və bütün qaranlıq məqamların üzərinə yalnız bu cür şərh vermək mümkündür. Görünür, Ə.Kərimovla İ.Qəmbərovun yuxuları hələ çox ərşə çəkiləcək. Ancaq onlar unutmamalıdırlar ki, yuxusuzluq adamı daha betər hala sala bilər. Odur ki, ehtiyatlı olsunlar!
RÖVŞƏN